Naxçıvan arxeoloji materialları beynəlxalq elmi pl...
16:12 05.05.2026
0
0
0
NAXÇIVAN :
05 May 2026, Çərşənbə axşamı
Naxçıvanın qədim yaddaşını sinəsində daşıyan Tənənəm kəndinə doğru dolanbac yollarla irəlilədikcə dağların qoynuna sığınmış bu məkan bizi öz sakitliyi ilə qarşılayır. Amma bu səssizlik zahiridir. Hər daşında bir iz, hər həyətdə neçə-neçə ömrün xatirələri gizlənib əslində.
Havası da özü kimi təmiz olan bu kəndin dağlarından süzülüb gələn meh insanın üzünə toxunduqca şəhərin gurultusu, zamanın yorğunluğu yavaş-yavaş çəkilib gedir. Elə bil, bu kənddə vaxt başqa cür axır, insanlar həyatı daha dərindən yaşayır.
İllərin yadigarını qoruyan, zamanın sınadığı o köhnə qapılardan birini döyürük. Taxta qapının arxasında bizi bütöv bir sənət dünyası qarşılayır. İçəri daxil olan kimi ilk diqqəti çəkən şey hananın qarşısında əyləşmiş qadının çöhrəsidir. Üzündə ömrün cizgiləri var. Bu zəhmətkeş xanım 93 yaşlı Leylan nənədir.
O, xalça hanasının qarşısında elə bir təmkinlə əyləşib ki, barmaqlarının yavaş, amma qətiyyətli hər hərəkəti ilmələri bir-birinə düyünləyərək illərin xatirələrini yenidən canlandırır.
Səssizliyi pozan bu kirkit zərbələr nə adi əmək, nə də adi taxtanın taxtaya dəymə səsidir. Düz altmış üç ilin sədasıdır bu. Bir qadının ömrünü ilmələrə necə köçürdüyünün, səbrini rənglərə necə çevirdiyinin və taleyini naxışlarla necə danışdırdığının canlı sədası. Bu səsdə həm Leylan nənənin gənclik şövqü, həm də 93 illik müdrikliyin təmkinli ahəngi var.
Leylan nənənin xalçaçılıq hekayəsi də məhz 63 il əvvəl başlayıb.
Otuz yaşında ilk dəfə əlinə yumaq alanda, yəqin ki, bu sənətin onun ömrünün ən sədaqətli sirdaşına çevriləcəyini özü də bilmirdi. Həmin gündən bu yana keçən illər ərzində neçə qış gəlib, neçə yaz ötüb, neçə qar dağların zirvəsinə yağıb, neçə çiçək açıb-solub. Amma Leylan nənənin hanası susmayıb.
Bu illər ərzində onun barmaqları yüzlərlə xalçaya həyat verib. Birində gəncliyinin arzuları, birində ana qayğısı, birində ayrılıqların kədəri, birində sevinc dolu günlərin rəngi.
O danışdıqca məlum olur ki, xalça onunla həyat arasında qurulmuş görünməz körpüdür.
“Xalça toxuyanda yorğunluğumu unuduram”, – deyir, nənə.
Elə bu sözləri deyərkən üzündə elə təbəssüm yaranır ki, başa düşürsən ki, bəziləri üçün adi görünən ilmələr Leylan nənə üçün ömrün düzümüdür. Onun hanasının qarşısında keçirdiyi saatlar, günlər, aylar, illər ruhunun sakitləşdiyi, qəlbinin dinclik tapdığı anlardır.
Onun toxuduğu xalçalara baxanda həmin naxışlarda bir kəndin yaddaşı, bir qadının ömür salnaməsi görünür.
Ən heyrətləndirici məqam isə budur ki, 93 yaşında belə onun yaddaşı bu naxışları dəqiq xatırlayır.
Heç bir kağıza baxmadan, heç bir nümunə götürmədən ilmələri öz yerinə elə ustalıqla salır ki, adam təəccüblənir. Barmaqları bir az titrəyir. Amma bu titrəyiş zəifliyin yox, ömrün izidir. İlmələr isə yenə də dəqiq yerini tapır.
Onun işləməsini izləyərkən insan anlayır ki, sənət yaşla zəifləmir. Əksinə, zaman keçdikcə daha da kamilləşir.
Söhbət əsnasında öyrənirik ki, bu sənət ona yalnız məşğuliyyət olmayıb. Ailəsinin, övladlarının, həyatının ayrılmaz parçası olub. Bəzən gecələr səhərə qədər hananın qarşısında oturub, bəzən yorğun olsa da, işi yarımçıq qoymayıb, bəzən çətin günlərdə bu hana ona təsəlli verib, bəzən sevincini də, kədərini də ilmələrə danışıb. Hər xalçada onun duyğularının izi qalıb. Bəlkə də, buna görə onun toxuduğu xalçalar bu qədər canlı görünür. Çünki onlar hisslərlə toxunub.
Leylan nənənin evi də özü kimi sadə və səmimidir. Evində toxuduğu xalçaların neçə aya başa gəldiyindən danışır bizə. Digərinin naxışını göstərib hansı günlərdə başladığını xatırlayır. Bir başqasını göstərib onu toxuyarkən hansı hadisələrin yaşandığını yada salır. Bu yaddaş adamı heyrətləndirir. 93 ilin zirvəsindən baxan bu qadının hafizəsində hər ilmənin bir tarixi var. Bəlkə də, əsl sənət budur. Yaratdığını unutmayacaq qədər ona bağlı olmaq.
Leylan nənənin simasında Azərbaycan qadınının bütöv obrazını görmək mümkündür. Səbirli, zəhmətkeş, möhkəm iradəli. Onun həyat eşqi, işləmək həvəsi, yaratmaq arzusu gənclərə nümunədi, əslində.
Bu yaşda bir çoxları dincəlməyi seçərdi. Amma o hələ də yaratmağa davam edir. Bu xalçalar təkcə bu gün üçün toxunmur, onlar gələcək nəsillərə ünvanlanmış səssiz məktublardır.
Leylan nənə 93 yaşında hələ də hanasının qarşısında əyləşərək ilmələri düyünləyir. 63 ildir, etdiyi kimi. Bəlkə, zaman onun saçlarını ağardıb, üzünə qırışlar salıb, amma sənət sevgisini qocalda bilməyib. Çünki bəzi sevgilər yaşlanmır, onlar zaman keçdikcə daha da dərinləşir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər