NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

1 mart – Ümumdünya Mülki Müdafiə Günü: 2026-cı ilin qlobal çağırışı və bizim missiyamız

...

Mart ayı bəşəriyyətin təhlükəsizliyinə xidmət edən mühüm bir təqvimlə başlayır və hər il martın 1-i dünya birliyi təhlükəsizlik sahəsində təqvimdəki ən mühüm tarixlərindən birini qeyd edir. Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Nizamnaməsinin qüvvəyə minməsi ilə rəsmiləşən bu gün, bəşəriyyəti fəlakətlər qarşısında birləşdirən ortaq bir iradənin simvoludur. 1 mart – Ümumdünya Mülki Müdafiə Günü, dünyada sülhün, əmin-amanlığın və ən əsası, insan həyatının qorunması strategiyasının rəmzi hesab olunur. Əhalinin təhlükəsizliyinin təmin edilməsi və fövqəladə vəziyyətlərdə düzgün davranışı mülki müdafiə strukturlarının ən prioritet fəaliyyət istiqamətidir. Hərbi sahədə bu cür müdafiə ehtiyacı ilk dəfə Birinci Dünya müharibəsi (1914-1918) dövründə təzahür etmişdir. Almaniya tərəfindən hərbi aviasiyanın aktiv tətbiqi iri yaşayış məntəqələrinin hava hücumlarından qorunması zərurətini doğurmuş, nəticədə, qoşunlarla yanaşı, mülki şəxslərin də bu prosesə cəlb olunması başlanmışdır.

1 mart – Ümumdünya Mülki Müdafiə Gününün təsis olunması, onun hədəf və məqsədlərinin müəyyənləşməsi 1931-ci ilin mayında fransız tibb xidməti generalı Corc Sant Polun Parisdə “Cenevrə regionu assosiasiyası”nı yaratması ilə bağlıdır. Sözügedən təşkilat sonradan Beynəlxalq Mülki Müdafiə Təşkilatına (BMMT) çevrilmişdir. Hazırda bu qurum 100-ə yaxın dövləti özündə birləşdirir. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarına əsasən hər il martın 1-i təşkilata üzv ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd olunur. Bu tarix 1972-ci ildə təşkilatın Baş məclisinin qərarı ilə müəyyənləşdirilib. Azərbaycan Respublikası 1993-cü ildən bu təşkilatın tamhüquqlu üzvüdür və onun xətti ilə həyata keçirilən bütün layihələrdə yaxından iştirak edir.

Möhtərəm Prеzidentimiz cənаb İlham Əliyevin rəhbərliyi altında rеspublikаmızdа əhalinin təhlükəsiz şəraitdə yaşaması üçün məqsədyönlü аddımlаr аtılır. Rеspublikа ərаzisinin sеysmik cəhətdən аktiv zоnаdа yеrləşməsi, təbii fəlаkətlərin və texnogen qəzaların bаş vеrmə еhtimаlının yüksək оlmаsı, о cümlədən fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı prоsеsinin vаhid mərkəzdən idаrə оlunmаsını təmin еtmək məqsədilə ölkə bаşçısının müvаfiq Sərəncаmı ilə 2005-ci il dеkаbrın 16-dа Аzərbаycаn Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyi və bunun dаvаmı оlаrаq 2005-ci il 30 dеkаbr tаriхdə isə Naxçıvan Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyi fəаliyyətə bаşlаmışdır. Heç təsadüfi deyil ki, müstəqil rеspublikаmızı bu bеynəlхаlq təşkilаtdа Аzərbаycаn Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyi təmsil еdir.

Təşkilatın funksiyaları həm müasir müharibələrin, həm də dinc dövrdə baş verə biləcək irimiqyaslı istehsalat qəzaları və təbii fəlakətlərin xarakterinə uyğun müəyyən edilir. Əhalinin mühafizəsi mülki müdafiə sisteminin ana xəttini təşkil edir. Təhlükəsizliyin təminatında əsas metodlar və vasitələr sırasına vətəndaşların xüsusi sığınacaqlarda yerləşdirilməsi, riskli ərazilərdən təhlükəsiz zonalarına köçürülməsi (təxliyə) və fərdi qoruyucu vasitələrdən kütləvi istifadənin təşviqi daxildir. Həmçinin hava hücumu, kimyəvi zəhərlənmə və digər təhdidlər barədə operativ məlumatlandırma, eləcə də mühafizə qaydalarının əhaliyə aşılanması bu vəzifənin icrasında mühüm amillərdir.

Bu əlamətdar günün hər il qeyd edilməsində əsas məqsəd ictimaiyyətin diqqətini bu sahənin strateji əhəmiyyətinə yönəltmək, eyni zamanda mülki müdafiə əməkdaşlarının fədakar fəaliyyətini yüksək qiymətləndirməkdir. Ümumdünya Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Bu ilin mövzusu isə ​“Dözümlü və dayanıqlı gələcək naminə ekoloji risklərin idarə edilməsidir”. ​ Bu ilki Ümumdünya Mülki Müdafiə Günü dünyada baş verən iqlim dəyişiklikləri və texnogen çağırışlar fonunda daha da aktuallıq kəsb edir. Unutmayaq ki, fəlakətlər qəfil gəlir, lakin mülki müdafiə bilikləri bizi bu sürprizlər qarşısında aciz qoymur. Mülki müdafiənin işi kollektiv fəaliyyət olsa da, onun uğuru hər bir fərdin özündən və ailəsindən başladığı təhlükəsizlik tədbirləri ilə sıx bağlıdır. Bu mövzu təsadüfi seçilməyib və müasir mülki müdafiə anlayışının təkamülüdür. Artıq təhlükə yalnız kənar müdaxilələrdən gəlmir, iqlim dəyişikliyi və ekoloji deqradasiya ən böyük “səssiz düşmən”ə çevrilib. Bu çağırış bizə bir həqiqəti xatırladır: təbiəti qorumaq, əslində, gələcəyi müdafiə etməkdir. 2026-cı ilin mövzusu ölkəmiz üçün xüsusilə aktualdır, çünki işğaldan azad edilmiş ərazilərdəki ekoloji terrorun fəsadlarının aradan qaldırılması və “yaşıl enerji zona”larının yaradılması birbaşa bu ilin qlobal hədəfləri ilə üst-üstə düşür. 2026-cı il Azərbaycan üçün təkcə strateji hədəflərin tamamlandığı bir dövr deyil, Prezident cənab İlham Əliyevin düzgün siyasəti nəticəsində həm də ölkənin qlobal ekoloji gündəliyə rəhbərlik edən aparıcı faktorlardan birinə çevrilməsinin təsdiqidir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa işləri cari ilin hədəfləri ilə birbaşa vəhdət təşkil edir. Otuz illik işğal dövründə məruz qaldığımız ekoloji terrorun – məhv edilmiş meşələrin, çirkləndirilmiş su mənbələrinin və sıradan çıxarılmış ekosistemin reabilitasiyası hazırda dövlət siyasətinin prioritet istiqamətidir.

Bu kontekstdə Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonası elan edilməsi dünya miqyasında bənzərsiz bir modeldir. Dağıdılmış şəhərlərin yerində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında qurulan yeni yaşayış məntəqələri, karbon emissiyasını minimuma endirməklə yanaşı, bərpa olunan enerji mənbələrindən maksimum istifadəni təmin edir. Kəlbəcər və Laçının külək, Cəbrayılın günəş enerjisi potensialı, həmçinin regiondakı hidroenerji ehtiyatları Azərbaycanın yaşıl artım strategiyasının mərkəzində dayanır.

Nəticə etibarilə, işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən bu ekoloji transformasiya və müasir texnologiyaların tətbiqi birbaşa “Dözümlü və dayanıqlı gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusu ilə tam şəkildə üst-üstə düşür. Bu yanaşma təkcə keçmişin fəsadlarını aradan qaldırmır, həm də gələcək nəsillər üçün ekoloji cəhətdən təhlükəsiz və dayanıqlı bir mühitin təməlini qoyur. Real sənədlər və qlobal hesabatlar göstərir ki, artıq mülki müdafiə dedikdə yalnız müharibə və ya texnogen qəzalar deyil, həm də “ekoloji fəlakətlər zənciri” başa düşülür.

BMT-nin Sendai Çərçivə Proqramında vurğulandığı kimi, fəlakət risklərinin idarə edilməsində fərdi hazırlıq həlledici rol oynayır və itkiləri 30%-dək azalda bilər. Bu isə o deməkdir ki, ekoloji tarazlığın qorunması sadəcə təbiəti mühafizə deyil, həm də gələcəyimizin təhlükəsizlik zəmanətidir.

Azərbaycan Respublikası da beynəlxalq mülki müdafiə ailəsinin fəal üzvü kimi, bu sahədə böyük təcrübəyə malikdir. Dövlətimizin bu sahədəki siyasəti təkcə texniki təchizatla deyil, həm də əhalinin təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi ilə ölçülür. Həqiqət budur ki,  ən  müasir texnika belə, maarifli və hazırlıqlı insan amilini əvəz edə bilməz. Çünki fəlakətdən qorunmağın ən yaxşı yolu ona hazır olmaqdır.

Mülki müdafiə sisteminin səmərəliliyi hər birimizin məsuliyyətindən asılıdır. İnsanların həyatının, əmlakının baş verə biləcək təbii və texnogen fəlakətlərdən qorunması mülki müdafiə sahəsində atılan mühüm addımlardan biridir. Fövqəladə hallar zamanı əhalinin xəbərdar edilməsi diqqətdə saxlanılaraq şəhər və rayonlarda quraşdırılan elektrik sirenlərinin sazlığı mütəmadi yoxlanılır. Respublikada mülki müdafiə işinin təşkili ilə bağlı məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində, iş yerlərində, istehsal və sosial təyinatlı obyektlərdə keçirilən təlimlərə, sadəcə, bir məşq kimi deyil, həyat xilas edəcək real bilik mənbəyi kimi baxmalıyıq.

Mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığı və maarifləndirilməsi məqsədilə obyektlərdə taktiki-xüsusi təlim, əməli məşğələ, konfranslar, maarifləndirici tədbirlər, açıq qapı günləri keçirilir, ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi işləri davam edir. Fövqəladə Hallar Nazirliyi tərəfindən əhalinin təhlükəsiz şəraitdə yaşaması və mülki müdafiə işinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

FHN istənilən şəraitdə fövqəladə hallara cavab tədbirlərinin görülməsinə, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılmasına, hadisələrə çevik və operativ reaksiya verilməsinə hər zaman hazırdır. Nazirliyin əməkdaşları mülki müdafiə işində, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında fədakarlıq göstərirlər.

Naxçıvan Muxtar Respublikasında mülki müdafiə işinin düzgün təşkili də məhz insanların təhlükəsizliyinə xidmət edir. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi ötən illər ərzində həm texniki bazasının yenilənməsi, həm də şəxsi heyətin hazırlıq səviyyəsinin artırılması istiqamətində mühüm addımlar atmışdır. Muxtar respublikanın strateji əhəmiyyəti, dağlıq relyefi və iqlim şərtləri mülki müdafiə bölmələrindən hər an ayıq-sayıqlıq tələb edir. Nazirlik tərəfindən əhalinin hazırlığı ilə bağlı həyata keçirilən mütəmadi tədbirlər və əldə olunan uğurlar bu baxımdan təqdirəlayiqdir.

Bu əlamətdar gün münasibətilə bütün xilasediciləri, bu sahədə çalışan mütəxəssisləri təbrik edir, xalqımıza təhlükəsiz və dinc bir gələcək arzulayırıq.

Azadə CƏFƏROVA

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin

Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin

Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi

Nəşr edilib : 01.03.2026 10:00