NAXÇIVAN :

26 Noyabr 2024, Çərşənbə axşamı

Zorakılıqla Beynəlxalq Mübarizə Günü çərçivəsində silsilə tədbirlər keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, Komitə tərəfindən 25 noyabr-10 dekabr tarixləri əhatə edən Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü çərçivəsində silsilə tədbirlər keçirilir.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi və 25 noyabr – Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü çərçivəsində “Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarına yox deyək” mövzusunda tədbir keçirilib.
26 noyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbirdə kollecin direktoru Asəf Ruşanov açılış nitqi ilə çıxış edərək gündəmlə bağlı olan mövzunun əhəmiyyətini qeyd edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edərək qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində həyata keçirilməsi vacib olan məsələlərdən danışıb. Bildirilib ki, BMT Baş Məclisi 1999-cu ildə 25 noyabr tarixini Qadına qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü elan edib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən günün mahiyyətinə uyğun olaraq hər il müxtəlif formatda tədbirlər həyata keçirilir, ictimaiyyətə qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaq və aradan qaldırmaq, eləcə də erkən nikahın qadın və uşaqların hüquqlarının pozulmasına gətirib çıxardığı barədə çağırışlar edilir.
110 nəfərin yararlandığı tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Nəşr edilib : 26.11.2024 16:51