NAXÇIVAN :

20 Iyun 2026, Şənbə

Ziyafət Əsgərov: Əsas məqsədimiz Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin təmin olunmasıdır

...

"Bildiyiniz kimi, bu artıq üçüncü konqres-festivaldır və hər üç tədbir böyük maraqla qarşılanır. Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı Azərbaycanın xarici siyasət konsepsiyasının mühüm prioritet istiqamətlərindən biridir. Məlum olduğu üzrə ölkəmizdə Qərbi Azərbaycan İcması fəaliyyət göstərir. İcmanın əsas məqsədi Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu torpaqlardan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi və onların doğma yurdlarına sülh yolu ilə qayıdışının təmin edilməsidir. İcma rəhbərliyi bu istiqamətdə beynəlxalq platformalarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatında fəal iş aparır".

"Şərq qapısı" xəbər verir ki bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov bildirib.

O deyib: "Hər bir qərbi azərbaycanlının öz ata-baba yurduna qayıtmaq hüququ var və bu onların qanuni, tarixi və mənəvi haqqıdır. Çünki həmin torpaqlar bizim əzəli yurdlarımızdır.
Bəzən Ermənistan və erməni diasporu tərəfindən belə bir fikir formalaşdırılmağa çalışılır ki, Qərbi Azərbaycana qayıdış hansısa ərazi iddiası deməkdir. Bu, tamamilə əsassız yanaşmadır. Biz yalnız sülh şəraitində, beynəlxalq hüquq normalarına uyğun olaraq öz doğma torpaqlarımıza qayıdıb orada təhlükəsiz və ləyaqətli şəkildə yaşamaq istəyirik. Eyni zamanda Qərbi Azərbaycanın tarixi və mədəni irsinin öyrənilməsi, gələcək nəsillərə çatdırılması istiqamətində də mühüm işlər görülür. Hesab edirəm ki, belə konqres-festivallar bu məqsədlərə xidmət edən mühüm platformalardır".

Ziyafət Əsgərov vurğulayıb ki, bu gün Azərbaycan və Ermənistan arasında faktiki olaraq yeni münasibətlər mərhələsinin formalaşması üçün imkanlar yaranıb:  "Əgər sülh prosesi uğurla yekunlaşarsa, gələcəkdə insanlar öz doğma torpaqlarına qayıda və həmin ərazilərdə dinc şəraitdə yaşaya bilərlər.
Hüquqi baxımdan isə hələ həllini gözləyən məsələlər mövcuddur. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması vacib şərtlərdən biridir. Ermənistan rəhbərliyi bu istiqamətdə referendum keçiriləcəyini bəyan edib. Ümid edirik ki, verilən vədlər yerinə yetiriləcək və bu, iki ölkə arasında münasibətlərin normallaşmasına mühüm töhfə verəcək.
Belə olduğu təqdirdə, Azərbaycan və Ermənistan arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafı üçün yeni imkanlar yaranacaq. Əsas məqsədimiz Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin təmin olunması, onilliklər boyu davam edən qarşıdurmalara son qoyulmasıdır".

"Biz istəyirik ki, gələcəkdə regionda müharibəyə ehtiyac qalmasın və bütün məsələlər dialoq və qarşılıqlı hörmət əsasında həll edilsin. Bununla belə prosesin gələcək inkişafı Ermənistanın atacağı addımlardan, sülh gündəliyinə nə dərəcədə sadiq qalacağından asılı olacaq. Azərbaycan isə öz milli maraqlarını rəhbər tutaraq, baş verən proseslərə uyğun şəkildə siyasətini davam etdirəcək", – deyə Milli Məclisin sədr müavini əlavə edib.

Nəşr edilib : 18.06.2026 12:44