NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Zərifə xanım Əliyevanın həyat yolu, elmi nailiyyətləri və cəmiyyətə verdiyi töhfələr şagirdlər üçün nümunədir

...

Kəndin yolları ilə irəlilədikcə sanki zaman da yavaşlayır. Yaz səhərinin yumşaq işığı, az da olsa əsən sərin mehi Şahtaxtı kənd tam orta məktəbinin divarlarına çırpılaraq insana doğmalıq bəxş edir. Kənardan baxdıqda bura adi bir məktəb binası kimi görünür, lakin yaxınlaşdıqca onun içərisində gizlənən həyatın nəfəsini duyursan. Həyətində uşaqların gülüşü, əsən mehin yüngül səs yaratdığı yarpaqların həzin musiqisi qarşılayır bizi. Və bir də məktəbin zəngi. O zəng ki təkcə dərsin başlandığını deyil, həm də illərin xatirələrini oyadır. Addımladıqca sanki torpaq belə bu məktəbin tarixini pıçıldayır bizə: burada, sadəcə, dərs keçilmir, həm də xəyallar böyüyür, ümidlər cücərir.
Diqqətimizi ilk cəlb edən məktəbdə qəribə bir harmoniyanın olmasıdır, sanki hər şey bir-birini tamamlayır. Müəllimlərin qayğısı, uşaqların saf marağı, divarların səssiz şahidliyi, bir az nostalji, bir az da ümid dolu yaranan mənzərə ilə üz-üzə gəlirik. Sinif otaqlarından gələn səslər bu sakitliyi, bu ardıcıllığı pozmur. Müəllimin eşidilən hər sözü, lövhəyə yazılan hər cümlə, şagirdlərin hər sualı sanki gələcəyə yazılan bir məktub kimidir bu məktəbdə. “Elm insanlığın yolunu işıqlandıran ən böyük gücdür”,– deyirlər. Bəzən bu işıq bir kəşf olur, bəzən isə bir ömrün insanlığa həsr edilmiş xidmətləri. Elə məktəbin dəhlizinə ayaq basanda gördüklərimiz bizi bu minvalla bir anlıq düşüncələrə aparır. Zərifə xanım Əliyevanın büstünün qarşısında dayanırıq, sanki keçmişlə bu gün arasında görünməz bir körpü qurulur xəyalımızda. Elmə, insanlığa və mərhəmətə həsr olunmuş bir ömür bizə baxır kimi hiss olunur. Bu baxışların içində sanki min söz gizlənib, danışmır, amma bizi eşidir. Bu sükutun özü elə bir dərsdir...
Bu məktəb təkcə təhsil ocağı deyil, həm də Zərifə xanım Əliyeva irsini, ideyalarını, zəhmətini, qoyduğu izi yaşadan bir məkandır. Onun həyat yolu, elmi nailiyyətləri və cəmiyyətə verdiyi töhfələr şagirdlər üçün nümunədir. Məktəbin direktor əvəzi Tural Nuriyevlə söhbət zamanı öyrənirik ki, burada əsas məqsəd yalnız dərs keçmək deyil, həm də şagirdlərdə elmə maraq oyatmaqdır: “Zərifə xanım həyatını insan gözünün ən incə sirlərini öyrənməyə, görmə problemi yaşayan insanlara ümid verməyə həsr etmiş bir alim kimi tanınır. Onun fəaliyyəti təkcə tibb elmi ilə məhdudlaşmırdı, həm də humanist bir missiya daşıyırdı: insanlara daha aydın, daha işıqlı bir dünya bəxş etmək. Zərifə xanım Əliyeva oftalmologiya sahəsində apardığı tədqiqatlarla minlərlə insanın həyatına işıq gətirdi. Onun elmi işləri göz xəstəliklərinin öyrənilməsində və müalicəsində mühüm rol oynadı. Lakin onu fərqləndirən təkcə elmi nailiyyətləri deyildi, həm də insanlara olan qayğısı və mərhəməti idi. Zərifə xanım elmə xidmət etməklə yanaşı, gənc nəslə də örnək olub. Onun həyatı göstərir ki, əsl alim olmaq yalnız bilik sahibi olmaq deyil, həm də bu biliyi insanlığın rifahı üçün istifadə etməkdir. Məktəbimizin şagirdləri də hər zaman Zərifə xanım Əliyevanın səbirlə, zəhmətlə, səssiz mübarizə ilə qazandığı bu uğuru özləri üçün örnək götürürlər. Həmçinin onların bəziləri Zərifə xanım kimi gələcəkdə oftalmoloq olmaq fikrindədilər və bu yöndə hazırlaşırlar”.
Tural Nuriyev həm də bildirdi ki, 2023-cü ildə Şahtaxtı kənd tam orta məktəbi ilə Ukraynada yerləşən Akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyi arasında “Dostluq körpüsü” adlı əməkdaşlıq müqaviləsi imzalanıb. İrpendə fəaliyyət göstərən lisey ölkələrimiz və xalqlarımız arasındakı dostluğun göstəricilərindəndir.
Şahtaxtı kənd tam orta məktəbi yalnız bilik verilən məkan deyil, həm də dəyərlərin, ideyaların və gələcəyin formalaşdığı bir ocaqdır. Xüsusilə də böyük bir alimin adını daşıyan məktəb daha fərqli bir məna kəsb edir. Belə məktəblər təkcə təhsil vermir, həm də şagirdlərə nümunə göstərir, onları daha yüksək məqsədlərə doğru yönləndirir. Burada, təbii ki, müəllimlərin rolu xüsusilə böyükdür. Onlar yalnız dərs keçmir, həm də şagirdlərə görkəmli alimin həyat yolunu və nailiyyətlərini anlatmaqla onları ruhlandırırlar. Deyilən söz isə bu olur: böyük uğurlar təsadüfən qazanılmır, əksinə, uzunmüddətli zəhmət və səbir tələb edir. Şagirdlər burada yalnız kitab bilikləri ilə kifayətlənmir, həm də düşünməyi, yenilik yaratmağı öyrənirlər. Vüsalə Kazımova deyir ki, məktəbin mühiti elə bu ideyaya uyğun formalaşıb: “Bu gün Zərifə xanım Əliyevanın adı çəkiləndə təkcə bir alim deyil, həm də insanlığın gözünə işıq gətirən bir şəxsiyyət xatırlanır. Onun elmi və mənəvi irsi gələcək nəsillər üçün yol göstərən bir məşəl kimi yaşayır. Məktəbimizdə daim görkəmli alimin ideyaları təbliğ olunur. Biz müəllimlər ilk olaraq cəmiyyətə onları sağlam fərd kimi formalaşdırmağa çalışırıq, eyni zamanda qız şagirdlərimizə Zərifə xanımın nəinki alim, bir ana kimi dahi insan olduğunu vurğulayırıq. Məhz bunun bəhrəsidir ki, bu gün məktəbdə təhsil alan şagirdlərin bəziləri gələcəyin həkimi olub Zərifə xanımın yolunu davam etdirmək istəyirlər”.
Dəhlizlərdən keçib muzeyin qapısını açanda isə sanki başqa bir dünyaya düşürsən.     Bura, sadəcə, muzey deyil, həm də dünyaşöhrətli alimin xatirələrinin pıçıltı ilə danışıldığı bir məkandır. Rəflərdə olan fotolar, səliqə ilə düzülmüş köhnə kitablar, Ulu Öndərin bir qadın üçün dediyi ən dəyərli sözlərin yazıldığı tablo alimin ömrünün izlərini daşıyır özündə. Muzeydə sanki hər şey danışır, lakin səssizcə. Bura daxil olarkən addımlarını ehtiyatla atırsan ki, keçmişin sakitliyi pozulmasın. Bir anlıq düşüncəyə dalırsan, anlayırsan ki, böyük olmaq yalnız yaşamaq deyil, iz qoymaqdır. O iz ki illər keçsə də, silinmir, nəsildən-nəslə ötürülür. İzlərin qorunduğu bu muzeyin ziyarətçiləri – şagirdlər yalnız olanlar baxmır burada, həm də bir ruhu hiss edirlər. O ruh ki onları daha çox oxumağa, daha çox öyrənməyə səsləyir, sövq edir. Elm sonsuz bir yoldur, bu yolu qorxmadan davam etməyi isə şagirdlər məhz bu muzeydə öyrənirlər. Muzey həm də şagirdlər üçün həyatın səssiz, amma əbədi nəğməsi olaraq qalır xatirələrində.
Şahtaxtıda yerləşən məktəbdə ən dəyərli hiss ümiddir. Hər bir şagirdin gözlərində gələcək arzuları, hər bir müəllimin üzündə isə bu arzulara dəstək olmaq istəyi görünür. Belə bir məktəbdə oxuyan şagird üçün məsuliyyət daha böyükdür. Çünki o, sadəcə, özünü deyil, həm də məktəbin adını təmsil edir. Bu isə onu daha intizamlı, daha çalışqan və daha məqsədyönlü edir. Kənd məktəbi olmasına baxmayaraq, burada böyük ideyalar böyüyür. Məktəbin şagirdləri ilə söhbət edəndə bildirirlər ki, bu məktəbdə oxumaq onlar üçün qürurvericidir: “Biz çalışırıq ki, məktəbimizin adını daşıyan alim kimi uğurlu olaq. Məktəbin girişində olan Zərifə xanımın büstü bizlər üçün, sadəcə, bir büst deyil, bu həm də zəhmətin, elmin və uğurun rəmzidir. Hər gün məktəbin qapısından içəri girəndə istər-istəməz düşünürük: “Biz də belə uğurlu ola bilərikmi?” Bəzən bu sual bizim daxilimizdə bir motivasiya yaradır”, – deyə 9-cu sinif şagirdi Nigar Məmmədova qeyd edir.
Məktəbdən ayrılarkən insanın içində qəribə bir hiss oyanır: sanki təkcə bir məktəbdən yox, bir xatirənin içindən çıxırsan. Və anlayırsan ki, bəzi yerlər, sadəcə, təhsil ocağı deyil, onlar hissdir, yaddaşdır, ideyanın daşıyıcısıdır, gələcəyin formalaşdığı bir məkandır. Ən əsası, gələcəyə açılan elm qapısıdır: bu qapıda hər gün yeni bir ümid doğur, hər dərs isə bir həyat dərsinə çevrilir.
Və bu sükut içində anlayırsan: SƏN susaraq danışmağı, öyrətməyi bacaranlardansan!

Ceyhun MƏMMƏDOV
 

Nəşr edilib : 28.04.2026 14:55