Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Azərbaycanın incisi Ordubadın bir kəndi var. Xan Arazın layla çaldığı, Vətənin başlandığı yer, Zəngəzura açılan qapı Kotam kəndi. Bu kəndə ilk dəfə getməyimə baxmayaraq, mənə elə gəlirdi ki, buradakı insanları illərdir, tanıyıram. Gözəl havası, payızın al-əlvan rənginə bürünən bağlar, səliqəli küçələr, mehriban insanlar adamı öz evində hiss etdirir. Bura həm də Vətəndən Vətənə olan yolun başlanğıcıdır.
Hündür dağların qoynunda rast gəldiyimiz bezoar keçilərinin sürülərinə tamaşa edirik. Təbiətə xüsusi yaraşıq verən bu canlılar onlara tamaşa edən insanlardan çəkinmir.
Kənddə qonaq olduğumuz evin ağsaqqalı, 87 yaşlı Əhməd babanın dediyinə görə kənd əvvəllər dağların arasında yerləşirmiş. Sonradan əhalinin yaşayışı çətinləşir. Köhnə Kotamın əhalisi Arazın sahilinə köç etməyə başlayır və burada məskən salırlar. Həmçinin onların buraya köç etmə səbəblərindən biri də həmin ərazidən Azərbaycanın digər rayonlarına gedən yol olur. Həm avtomobil yolunun, həm də qatar yolunun buradan keçməsi onların yaşayış şəraitini yaxşılaşdırır.
Kəndin əhalisi maldarlıq, heyvandarlıq, əkinçiliklə yanaşı, bağçılıqla da məşğul olurlar. Kotam kəndinin iqliminin əlverişli olması burada Zəngilan rayonu ərazisindən gətirilən nar, xurma (xurnik), əncir və başqa meyvə ağaclarının yetişdirilməsinə səbəb olmuşdur.
Əhməd baba keçmişi yada salır: “Hələ sovet dövrü idi. Qatarla gələndə kənd camaatı Azərbaycanın digər bölgələrindən, xüsusilə Zəngilandan bir çox meyvə ağaclarının tinglərini gətirməyə başladı. Əvvəlcə xurma kolxoz sədrinin həyətində əkildi. Sonra gördük ki, bu meyvə bizim kəndin havasına uyğunlaşır, meyvə verir. Kəndin əhalisi xurmanı əkib-becərməyə başladı. Sonra nar, əncir və başqa ağacların da tinglərini gətirdilər. Bu ağaclara yaxşı qulluq etdikdə yaxşı da məhsul əldə edirik”.
Əhməd babanın bağında onlarla nar sortu, bir neçə əncir və xurma sortları əkilib. Ağaclara xüsusi olaraq qulluq edilərək budama aparılıb. Meyvələr səhərin yağışında yuyulub, par-par parıldayırdı. Nar və xurma ağacları xüsusi qulluq tələb edən ağaclardır. Bu ağaclar hər iqlim şəraitində inkişaf edə bilmir. Kotam kəndinin iqlimi bu ağacların inkişafı üçün çox uyğundur. Kənd camaatı bu meyvələri əkib-becərir, satır ailə büdcəsinə əlavə gəlir gətirirlər. Xurma ağacının meyvələrini qurudub qışa da saxlayırlar.
Bağda yetişən meyvələrdən dəririk Əhməd babanın söhbətini dinləyə-dinləyə: “Vaxt var idi bax, bu gördüyünüz yoldan (qatar yolunu göstərir) səhər-axşam qatarlar gedərdi. Kimisi Bakıya qonaq gedər, kimisi isə əsgər oğlunu yola salmağa Salamməlik stansiyasına gələrdi. İllərdir, bu kəndin gözü o yollarda qalıb. Yaşımın üstünə yaş gəldikcə dağların o biri üzünə həsrətlə baxıram. Gözüm o yollarda qalıb. Hiss edirəm ki, o yoldan yenidən həm qatar, həm də maşınlar gələcək. Yenə o yolla dayım qızını görməyə gedəcəyəm. Havasına, suyuna həsrət qaldığımız o Vətənə!”
Danışdıqca Əhməd babanın gözləri yaşarır, qəlbinin dərinliklərindəki o həsrət səsi ilə çağlayırdı.
İnşallah, Əhməd baba! Tezliklə o qatar gələcək!
Turan MƏMMƏDLİ
Digər xəbərlər