Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını...
13:46 20.10.2026
0
0
0
NAXÇIVAN :
20 Oktyabr 2026, Çərşənbə axşamı
Onu Zəngilan rayonunun Ağalı kəndində keçirilən tədbirlərin birində öz məhsullarını tanıdan zaman görmüşdüm. Əlaqə nömrəsini tapıb tanış oluram. Öyrənirəm ki, Bahar Səmədovanın da ömrünün 28 ili Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi keçib.
Yada salır keçmişi: “Zəngilan şəhərində anadan olub orada böyümüşəm. Çətin günlərdə mən də ailəmlə birlikdə ömrümün ən gözəl illərini torpaq həsrəti ilə keçirmişəm. Vətən müharibəsi başlayanda bizim ailənin də qulağı səsdə idi. 1993-cü ildən həsrət qaldığımız yurdumuzun azadlıq xəbəri gələndə ürəyimizdəki sevinc gözyaşına dönüb torpağa qovuşdu. Düşmən tapdağında qalan yurdlarımız azad ediləndə qocalarımız körpə kimi sevindi. İllərdir, o rayondan bu kəndə, bu kənddən başqa bir yataqxanaya gedən boğçalar yenə qapı ağzına qoyuldu. Bu dəfə öz evinə getmək üçün ayağa qalxdı, boğça bağladı zəngilanlılar. Ən böyük xoşbəxtliyi isə Ağalıya qayıdıb Müzəffər Ali Baş Komandanla görüşəndə yaşadıq. Mənzilimiz hər bir şəraitlə təmin olunub bizə verildi. Nəvələrimiz Ağalıda böyüyür, bundan gözəl xoşbəxtlik yoxdur bizim üçün. Zəngilanlılar bu gün öz torpağına qovuşur, lakin 1993-cü ilin həmin çətin günlərini unutmurlar. Həmin günlərdə yolları hər yerdən bağlanmış zəngilanlıların iki yolu var idi: ya Araza qərq olacaqdılar, ya da Xocalı sakinlərinin taleyini yaşayacaqdılar. Belə bir çətin vəziyyətdə bir əl uzandı onlara və zəngilanlıları ölümdən xilas etdi. Taleyin ədalətli məntiqinə baxın ki, Ulu Öndər Heydər Əliyev zəngilanlıların xilaskarı oldu, Onun davamçısı isə Zəngilanın xilaskarı oldu”.
Bahar Səmədova onu da bildirir ki, o, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşıdır. Hazırladığı şirniyyatlarla və mürəbbələrlə də tanınan müsahibim əl işlərini Ağalıda keçirilən kənd təsərrüfatı sərgilərində də nümayiş etdirir. “Bu torpaqda bitən meyvələrin mürəbbəsinin dadına dad çatmaz”, – deyir.
Ömrünün 28 ilini öz doğma yurdundan uzaqda həsrətlə keçirən bu Azərbaycan qadınının ürəyi o qədər minnətdarlıq hissi ilə doludur ki, hər cümləsini Müzəffər Sərkərdəyə, qalib ordunun əsgərinə, qazisinə, şəhidinə sonsuz məhəbbətlə, duayla bitirir. Səsinin hər telində Vətən məhəbbəti hiss edilən zəhmətkeş xanımı dinlədikcə deyirəm ki, nə qədər ki, belə qadınlarımız var, bu Vətən də həmişə var olacaq. Qəhrəman ordumuzun azad etdiyi torpaqlarda anaların zəhməti ilə yanan çırağımız heç vaxt sönməyəcək.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər