DSMF beynəlxalq müsabiqədə “İlin ən yaxşı pensiya ...
11:44 05.02.2025
0
0
0
NAXÇIVAN :
05 Fevral 2025, Çərşənbə
Cənubi Qafqazda bütün geostrateji reallıqları dəyişdirmiş 44 günlük Vətən müharibəsi bu coğrafiyada Ermənistanın təcavüzkar hərəkətləri ucbatından iflic vəziyyətinə düşmüş turizm, nəqliyyat və logistika əlaqələrinin inkişafına 30 ildən artıq müddətdən sonra yeni perspektivlər qazandırmışdır. Təkcə Naxçıvanı ondan ayrı düşdüyü Azərbaycanın əsas hissəsi ilə deyil, bütün Türk dünyasını bir-birinə bağlayacaq olan Zəngəzur dəhlizi, bu mənada, gələcəyin ümid körpüsü kimi də mürəkkəb dünyanın gözünü dikəcəyi qapı, mühüm iqtisadi-mədəni əlaqələrin arteriyası olacaq. Belə ki, dəhliz boyunca ölkələrin turizm ehtiyatları, mövcud və yaradılacaq nəqliyyat-logistika imkanları artıq araşdırmaçıların və investorların diqqət mərkəzindədir.
İlk baxışda “Zəngəzur dəhlizi” ifadəsinin siyasət leksikonuna II Qarabağ müharibəsindən sonra daxil olduğu düşünülsə də, əslində, bu mühüm geostrateji məkanın kifayət qədər qədimə dayanan tarixi-coğrafi arxa zəmini vardır. Belə ki, hələ 200 il əvvəl, Araz çayı sərhəd olmayandan qabaq da bu bölgənin sahibi olan azərbaycanlılar və eləcə də qədim İpək Yolu marşrutu üzərində hərəkət edənlər sərt Zəngəzur dağlarını aşmaq üçün Araz çayı boyunca Arazdəyəndən Culfaya, oradan Ordubad, Mehri, daha sonra Xudafərinə doğru, ya da ki, Batabat yaylağından keçməklə Qarakilsə-Gorus-Laçın yolu ilə Qarabağa getmək üçün istifadə edərmişlər. Burada mövcud olmuş əsas lokomotiv güc isə həmin güzərgahlar üzərində iqlimin nisbətən mülayim və təbii şərtlərin də təhlükəsiz olması idi. Beləcə, yüzillər boyunca Anadoludan Naxçıvana, oradan da Qarabağ, Muğan çölləri və Xəzərin cənubundan keçməklə Orta Asiyaya doğru səyahət etmək istəyən insanlar üçün Zəngəzurun adı çox cazibədar olub. Bu cazibə özünü bu torpaqlarda yaşamış insanların qədim mədəniyyətində, qonaqpərvərliyində də büruzə vermişdi.
Tarixi ədalətsizlik nəticəsində hazırda Zəngəzurun böyük bir hissəsi, yəni Qərbi Zəngəzura aid 4 rayon Azərbaycandan ayrı düşsə də, coğrafi bir bütün kimi bu torpaqlar özünün əsl sahibinə olan bağlılığını hər qarışında yaşatmaqdadır. Baxmayaraq ki, hazırda
geostrateji maraqların kəsişməsindəki Cənubi Qafqazın Qərbi Zəngəzur mahalı mühüm düyün nöqtəsi kimi təkcə region ölkələrinin deyil, eləcə də bir neçə min kilometrlərlə uzaqdakı dövlətlərin də diqqət mərkəzindədir, ancaq burada Azərbaycanın varlığı olmadan heç bir ideyanın ortaya atılması mümkün deyildir. Belə ki, hazırkı qlobal güc mərkəzlərinin həm top-tüfəng, həm də qol savaşı dövründə Çin Orta Dəhlizinin daha qısa və sərfəli qanadı kimi Zəngəzur dəhlizinə Avropaya etibarlı və sərfəli çıxış yolu kimi baxsa da, ABŞ Azərbaycanın bu bölgədəki hakim mövqeyindən faydalanmaqla özünün Orta Asiyada və Əfqanıstandakı zəif mövqelərini möhkəmlətmək hədəfi güdür. Eləcə də Rusiyanın öz ölkəsinin ərazisi ilə müqayisədə çox kiçik görünən bu dəhliz üzərindəki maraqları da Avropada zəifləmiş mövqelərini ABŞ-nin daha az təsir dairəsində olan üçüncü ölkə İran və oradan da Hindistan vasitəsilə möhkəmlətmək üzərində olması ilə izah oluna bilər. İstənilən halda burada təkbaşına olaraq Ermənistanın yox dəyərində bir təsirini və bu ölkənin onunla heç bir ortaq sərhədi, yaxud milli və ya etnik bənzərliyi olmayan Fransanın kuklasına çevrildiyini nəzərə alsaq, burada Zəngəzur dəhlizi üzərində maraqlar nisbətinin Azərbaycanın başında olduğu Türk dünyası və böyük dövlətlərin ticari və strateji maraqları üzərində qurulduğunu ifadə edə bilərik. Ona görə də, bu dəhlizin açılması məsələsində son dərəcə qərarlı olan dövlət başçımız cənab İlham Əliyev də çıxışlarında dəfələrlə vurğuladığı kimi: “Zəngəzur dəhlizi Azərbaycanın maraqlarına tam cavab verir və bu dəhliz mütləq açılacaqdır!”
Zəngəzur dəhlizinin geostrateji əhəmiyyəti ilə yanaşı, onun gələcək perspektivləri arasında, şübhəsiz, turizm və logistika əhəmiyyətini, xüsusilə qeyd etmək lazımdır. Belə ki, tarixi abidələr və təbiət gözəllikləri ilə zəngin olan Qərbi Zəngəzurun turizm ehtiyatlarına, xüsusilə qədim yurd yerlərimizə, toponimlərə olan maraq gələcəkdə buraya səyahət edəcək azərbaycanlılar üçün indidən cazibə elementləri yaradır. Hazırda Araz çayı boyunca populyar nostalji turizmə olan marağı nəzərə aldıqda gələcəkdə Qərbi Zəngəzura, öz doğma ata-baba torpaqlarına yenidən qovuşmaq istəyi ilə yaşayan, əslən Qərbi Azərbaycandan olan vətəndaşların bu torpaqlara səyahətləri həm turizm, həm də regional sülh baxımından ciddi arqument kimi səslənir. Dünyada heç bir müharibənin əbədi olmadığını nəzərə aldıqda dövlət başçımızın da vurğuladığı kimi kənar qüvvələrin Cənubi Qafqazı rahat buraxdığı zaman bu regionun da davamlı sülhə qovuşacağına inanmaq gözlənilən reallıqdır.
Təəssüf ki, turizm və humanitar inkişafdan hələ ki xeyli uzaqda olan Ermənistan isə cənub və şimal qonşuları ilə birgə Zəngəzur dəhlizinin onlara necə güc qazandıracağını, bu gücün gələcəkdə yeni bir silahlanma və münaqişə gərginliyi məqsədilə istifadəsi üçün baş sındırmaqdadır. Halbuki Batabat aşırımından başlayaraq Qarakilsə-Gorus-Laçın yolu ilə Ermənistanın, əslində, coğrafi olaraq da iki yerə ayrıldığını, Araz sərhədindən başlayaraq Mehri-Qafan-Gorus yolunun mühüm bir hissəsinin Qubadlıdan keçdiyini nəzərə alsaq, 10 noyabr 2020-ci il tarixli Bəyannamədə də qeyd olunduğu kimi ermənilərin başlatmış olduğu münaqişə nəticəsində bloklanmış bütün kommunikasiyaların gələcəkdə açılmasının, əslində, bu ölkə üçün daha həyati əhəmiyyətli olduğunu deyə bilərik. Belə ki, qeyd etdiyimiz kimi, Qərbi Zəngəzurun Qarakilsə ərazisinin mürəkkəb relyefi burada Ermənistanın cənubu ilə şimalı arasında irihəcmli yüklərin daşınması üçün əlverişli deyildir. Buna görə də hələ sovet dövründə Bakı-İrəvan arasındakı dəmir yolu xətti ilə daşınan yüklərin 85 faizə qədərinin məhz qonşu ölkə üçün ünvanlandığını qeyd etsək, bədnam erməni separatizminin ölkəmizə vurduğu iqtisadi zərərlərin və Naxçıvanın 30 ildən artıq blokadasının fəsadlarından daha çoxunun elə özlərinə də dəydiyini sadə erməni vətəndaşı öz düşük həyat səviyyəsində daha açıq hiss edir. Özünün əsas enerji, sənaye, nəqliyyat və kommunikasiya sahələri qonşu ölkələrin mülkiyyətinə düşmüş, regional layihələrdən uzaq qalan Ermənistan üçün bu, əslində, tarixin acı bir dərsi də olmalıdır.
Hay məmləkətinin isə bu dərslərdən və eləcə də müharibədəki acı məğlubiyyətdən nə dərəcədə dərs çıxaracağını zaman göstərəcək. Amma reallıq odur ki, bu gün Cənubi Qafqazda, hələ bir də Zəngəzur bölgəsində Azərbaycanın maraqlarına uyğun olmayan heç bir layihə gerçəkləşə bilməz. Dünyada, xüsusilə Yaxın Şərq və Ukrayna münaqişə bölgələrindəki risklərin artması fonunda Naxçıvanı Azərbaycanın əsas hissəsinə və böyük Türk dünyasını bir-birinə birləşdirəcək Zəngəzur dəhlizinin turizm və logistika əhəmiyyəti daha da artdıqca onun açılmasının bütün region ölkələri üçün də faydalı olacağını qeyd edə bilərik. Məhz bu maraqları əsas tutan Prezident cənab İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını qarşıya məqsəd qoymuş, Naxçıvana birbaşa əlaqənin yaradılması üçün dövlətimizin bütün gücünü ortaya çıxaracağını bəyan etmişdir.
Əli CABBAROV
Digər xəbərlər