Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zal...
20:21 11.11.2026
0
0
0
NAXÇIVAN :
11 Noyabr 2026, Çərşənbə
Qədim ticarət yolundan müasir logistika mərkəzinə
Culfa rayonu Naxçıvan Muxtar Respublikasının mühüm strateji nöqtələrindən biridir. Zəngəzur dəhlizinin reallaşmasından sonra əhəmiyyətinin daha da artacağı gözlənilən Culfa tarixən İpək Yolu üzərində mühüm ticarət qovşaqlarından biri olub. Hazırda Naxçıvanın inkişaf etmiş rayonlarından biri kimi Culfa həm mövcud nəqliyyat-logistika imkanları, həm də ölkəmizin Şərq-Qərb nəqliyyat dəhlizindəki mövqeyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Cənubda Araz çayı, şimal-şərqdə Zəngəzur dağları ilə əhatələnən Culfa rayonu İran və Ermənistanla həmsərhəddir. 926,3 kvadratkilometr əraziyə malik olan rayonda hazırda 48,3 min nəfər əhali yaşayır. Rayon bir şəhər və 22 kəndi özündə birləşdirir. Rayonun iqlimi quru, yayı isti, qışı isə soyuqdur. Ən yüksək zirvəsi Zəngəzur silsiləsində yerləşən, hündürlüyü 3364 metr olan Dəmirlidağdır. Araz çayı rayonun İranla sərhədinin mühüm hissəsini formalaşdırır, kənd təsərrüfatı üçün mühüm əhəmiyyət daşıyır. Arazla yanaşı, Əlincə çayı, Bənəniyar su anbarı, mineral və termal su mənbələri rayonun əsas su ehtiyatlarıdır. Xüsusilə Darıdağ və digər mineral su mənbələri müalicə və turizm baxımından mühüm potensiala malikdir.
Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin reallaşması Culfanın qarşısında yeni imkanlar açır. Bu imkanların əsasını rayonun tarixi və coğrafi mövqeyi ilə yanaşı, nəqliyyat-logistika sahəsində əvvəlki təcrübəsi də təşkil edir. Keçmiş sovet dövründə lokomotiv deposunun da yerləşdiyi Culfa Dəmir Yolu Stansiyası Naxçıvanın əsas beynəlxalq dəmir yolu qovşaqlarından biri olub. Buradan mühüm tranzit yüklər daşınıb, Moskva-Tehran sərnişin qatarı keçib. Ermənistanın başlatdığı münaqişə nəticəsində bu ölkənin ərazisindən keçən dəmir yolu əlaqəsinin 1992-ci ildə kəsilməsi Culfa stansiyasının əvvəlki dəmir yolu funksiyalarının ciddi şəkildə məhdudlaşmasına səbəb olub. Halbuki hələ 1916-cı ildə açılmış Culfa-Təbriz dəmir yolu xətti Culfanı İranın dəmir yolu sistemi ilə birləşdirərək beynəlxalq ticarət üçün mühüm rol oynayıb. Bakı-Şərur dəmir yolunun Culfa rayonu ərazisindən keçən hissəsi 27 kilometr təşkil edir. Bu hissədə 3 stansiya – Culfa, Yaycı və Dərəşam stansiyaları yerləşir.
Bir əsrdən artıq tarixi olan dəmir yolu infrastrukturu ilə yanaşı, Culfada formalaşmış avtomobil yolları şəbəkəsi də rayonun gələcək logistika mərkəzi kimi potensialını artırır. Naxçıvan-Ordubad magistralı üzrə Naxçıvandan Culfaya qədər 35 kilometr, Culfadan Ordubada qədər isə 31 kilometr yol olmaqla, toplamda 66 kilometr, həmçinin rayondaxili xətlərdə, ümumilikdə, 137 kilometr yaxşı vəziyyətdə olan yollar gələcək logistika qovşağı üçün də əlverişli imkanlar deməkdir.
Rayonun logistika potensialını şərtləndirən əsas infrastrukturlardan biri beynəlxalq statuslu Culfa gömrük postu və sərhəd-keçid məntəqəsidir. Burada günün 24 saatı ərzində Azərbaycan və İran arasında, eləcə də tranzit keçməklə ölkəmizin ərazisindən istifadə edən üçüncü ölkələrə məxsus yük nəqliyyat vasitələrinə və sərnişinlərə xidmət göstərilir. Zəngəzur dəhlizinin reallaşmasından sonra Culfanın bu sahədəki mövqeyinin daha da möhkəmlənəcəyi gözlənilir. Naxçıvanda istehsal olunan məhsulların daşınması, çeşidlənməsi, qablaşdırılması və anbar əməliyyatlarına qədər vahid logistika zəncirinin formalaşdırılması rayonun iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Bu baxımdan, Naxçıvan-Culfa-Ordubad nəqliyyat xətti ilə daşınan yüklərin həcminin artması Culfanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişdiyi mühüm qovşaqlardan birinə çevrilməsinə imkan verəcək. İran üzərindən beynəlxalq nəqliyyat marşrutlarına, o cümlədən Hind okeanı istiqamətinə çıxış imkanları isə rayonun logistika əhəmiyyətini daha da artırır.
Culfadakı turizm resursları, həmçinin tranzit mövqeyi bu rayonun zəngin tarixi-mədəni potensialından və müalicəvi ehtiyatlardan istifadəyə geniş imkan verir. Naxçıvana gələn turistlər üçün Culfadakı müqəddəs Əshabi-kəhf ziyarətgahı, Əlincə çayı vadisindəki zəngin tarixi-mədəni ehtiyatlar, tarixə şahidlik etmiş Əlincəqalanın əzəməti, Haçadağın ecazkarlığı və buradakı ekoturizm yüksək dərəcədə turizm cazibədarlığına malikdir. Ümumilikdə, Culfa ərazisində 5 dünya əhəmiyyətli, 62 ölkə əhəmiyyətli və 99 yerli əhəmiyyətli tarixi-mədəniyyət abidəsinin mövcudluğu rayonun turizm potensialının miqyasını göstərir. Hazırda turistlərə xidmət üçün müasir otel və restoran infrastrukturu geniş olmasa da, rayonun dağ kəndlərində mövcud olan kotteclər ailəvi istirahət üçün müəyyən imkanlar yaradır. Gələcəkdə turizm axınının artması ilə otel, motel, iaşə və digər xidmət sahələrinə tələbatın da yüksələcəyi gözlənilir. Naxçıvan-Culfa-Ordubad, Culfa-Yaycı-Dizə-Şurud və Culfa-Ərəzin-Bənəniyar-Boyəhməd yolları boyunca müşahidə olunan landşaft müxtəlifliyi, zəngin ekosistem və abad nəqliyyat infrastrukturu da rayonun turizm cazibəsini artırır. Darıdağ mineral su mənbəyi müalicə turizminin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Culfanın logistika və turizm imkanlarının genişlənməsində özəl sektorun da əhəmiyyəti böyükdür. Rayonda sahibkarlıq subyektlərinin mövcudluğu yerli biznesin yeni iqtisadi imkanlardan yararlanması üçün müəyyən baza formalaşdırır.
Zəngəzur dəhlizi ən yeni tariximizin – böyük Qələbəmizin reallığıdır. Naxçıvanın Culfa rayonu isə tarixən daşıdığı tranzit və ticarət missiyasını yeni mərhələdə bərpa etmək imkanının astanasındadır. Bir vaxtlar İpək Yolu üzərində yerləşən Culfa yaxın gələcəkdə yeni nəqliyyat və logistika imkanlarının, eləcə də iqtisadi əlaqələrin mühüm mərkəzlərindən birinə çevrilə bilər. Zəngəzur dəhlizinin reallaşması ilə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə nəqliyyat əlaqələrinin bərpası Culfanın strateji əhəmiyyətini daha da artıracaq, rayon üçün yeni investisiya, ticarət, turizm və məşğulluq imkanları yaradacaq.
Beləliklə, tarixən yolların kəsişdiyi Culfa qarşıdakı mərhələdə təkcə qədim ticarət yolunun xatirəsini yaşadan məkan deyil, müasir Azərbaycanın yeni nəqliyyat-logistika xəritəsində mühüm mövqeyə malik rayon kimi öz yerini daha da möhkəmləndirə bilər.
Əli CABBAROV
Digər xəbərlər