Prezident İlham Əliyevin sosial media hesablarında...
20:38 07.11.2026
0
0
0
NAXÇIVAN :
07 Noyabr 2026, Şənbə
Ulu Öndərin daha bir arzusu həqiqətə çevrilir
Dahi rəhbər Heydər Əliyevin təməlini qoyduğu uzaqgörən siyasi kurs ölkənin həm daxili, həm də xarici siyasətində dayanıqlı inkişafı təmin edib. 1970-80-ci illərdə Ulu Öndər Heydər Əliyev Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu Zəngəzur dəhlizi ideyasının hələ 70-ci illərdən Azərbaycan tərəfindən xüsusi diqqətdə olduğunu sübut edir. Bu həmin dövrdə atılan ən cəsarətli addımlardan biri idi desək, yanılmarıq. Həmin dövrdə bir çox ermənipərəst siyasətçinin və əsasən də Ermənistan KP MK katibi işləyən Dəmirçiyanın etirazlarından sonra layihənin icrası dayandırıldı. Hətta Ermənistan mediası qeyd edib ki, o zamanlar Heydər Əliyevin həyata keçirmək istədiyi bu layihə, əslində, türklərin “Böyük Turan” layihəsinin icrasına zəmin hazırlamaq məqsədi daşıyırdı.
Dövlətimiz müstəqillik qazandıqdan sonra Azərbaycanın prezidenti seçilən Heydər Əliyev çıxışlarında XX əsrin 20-ci illərində, sovet hakimiyyəti yeni qurulan zaman Azərbaycana qarşı ədalətsizlik edildiyini dilə gətirir. Araz çayı sahilindəki Mehri rayonunun Nüvədi kəndinin də Ermənistana verilməsini yada salırdı: “Mehri rayonunda böyük bir Nüvədi kəndi var. O, çoxminlik əhalisi olan bir kənddir, sırf azərbaycanlı kəndidir. Nüvədi Arazın sahilində Naxçıvanla Azərbaycanın böyük torpağını ayıran, indi Ermənistanın olan Mehri rayonunda, həmin məsafənin düz ortasında yerləşir. Həmin Nüvədi kəndi də 1929-cu ildə Azərbaycanın tərkibindən Ermənistana verilibdir. Amma Nüvədi tamamilə Azərbaycan kəndi və qədim, çox böyük ənənələrə malik olan bir kənddir. Onu da deyə bilərəm ki, həmin Nüvədi kəndinin əhalisi çox dəyanətli insanlardır. Mənim xatirimdədir, hətta Ermənistanın ərazisindən azərbaycanlıların əksəriyyəti çıxarıldığı halda, 1991-ci ildə onlar Nüvədidən çıxmırdılar. Sonradan onları oradan zorla çıxarıb Zəngilandakı Vejnəli kəndinin yanına gətirdilər. Orada çadırlarda yaşayırdılar. Onlar doğma kəndlərindən çıxmırdılar, mübarizə aparırdılar. Onları oradan çıxara da bilmirdilər. Sonradan bir neçə dəfə Naxçıvana mənim yanıma gəldilər, imdad istədilər. Amma mən özüm Naxçıvanı çox çətinliklə qoruyurdum, onlara nə edə bilərdim? Buna baxmayaraq, onda bizim imkanımız var idi, Zəngilan rayonunun Vejnəli kəndinin yanında yerləşən çadırlara, nüvədililərin yanına vertolyot vasitəsilə bir neçə dəfə nümayəndələr göndərdim. Biz oraya müəyyən yardım göndərdik, onlarla əlaqə saxlayırdıq”.
Tarixi faktlar da sübut edir ki, 1920-ci ildən başlayan ərazi iddiaları 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçilməsinə qədər davam etdi. Həmin dövrdən etibarən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına ciddi siyasi müqavimət göstərildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibətilə keçirilən yubiley mərasimində çıxış edərkən Zəngəzurun ermənilərə verilməsini tarixi ədalətsizlik kimi qiymətləndirib: “...O vaxt xalqımıza qarşı ədalətsizlik edilmişdir. Çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu, böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun ovaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məskənlərinin adları Azərbaycan adları idi. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır”.
Zəngəzur dəhlizi – Ulu Öndərin müəyyən etdiyi strateji hədəf
Zaman xalqımızın Ümummilli Liderinin bütün bəlalardan xilas edərək ayağa qaldırdığı Azərbaycanı əmin əllərə təslim etdiyini təsdiqlədi. Xalqına arxalanan Müzəffər Sərkərdə dünyaya qüdrətli ordusu, yenilməz siyasi-diplomatik gücü ilə meydan oxudu. Ulu Öndərimizin əsasını qoyduğu siyasətin, nurlu yolun uğurla davam etdirilməsi bizə Vətən müharibəsində böyük qələbəni bəxş etdi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vurdu, ərazi bütövlüyü bərpa olundu. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində muxtar respublikanın regionda beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsinə şərait yaratdı. Zəngilandan Naxçıvana dəmir yolu xəttinin və avtomobil magistrallarının tikintisi muxtar respublikada transmilli nəqliyyat proqramlarının və layihələrinin reallaşdırılmasına şərait yaradacaqdır. Bu da qədim diyarın geostrateji əhəmiyyətini daha da artırmaqla yanaşı, bir sıra mühüm məsələlərdə böyük nailiyyətlər qazanmağa imkan verəcək. Belə ki, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan həm də bizim üçün Avropaya qapı, Türk dünyası üçün isə ümid bağına çevriləcək. Vətən müharibəsində zəfəri, diplomatik masada sülhü qazanan dövlətimiz bu qələbə ilə təkcə Qafqazın yox, dünyada zamanın axşını dəyişdi. Yüz illərdir, bağlı qalan yolların açılmasına zəmin yaratdı. Tarixi Zəfərimizdən sonra ən böyük qazanclarımızdan biri olan Zəngəzur dəhlizi bu yolları birləşdirən körpü oldu. Prezident İlham Əliyev Şuşanı azad etməklə ata vəsiyyətini yerinə yetirdi. Zəngəzur dəhlizinin bərpa edilməsi yolunda atdığı addımlar da Ulu Öndərin müəyyən etdiyi strateji hədəfə çatmaq deməkdir.
Artıq hədəfimizə çox yaxınlaşmışıq
11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına (AZTV) verdiyi müsahibədə Zəngəzur dəhlizinin açılması və bölgədə aparılan infrastruktur işləri barədə fikirlərini bildirərək deyib: “Azərbaycanın əsas hissəsini onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanla birləşdirmək bizim uzun illərdir, arzumuz idi. Artıq hədəfimizə çox yaxınlaşmışıq”.
Azərbaycan Prezidenti İlham Əliyev layihənin Türkiyə və Avropaya uzanacaq strateji enerji və kommunikasiya xəttinə çevriləcəyini qeyd edərək fiber-optik, elektrik, neft və təbii qaz bağlantılarına diqqət çəkdi.
İkinci Qarabağ müharibəsinin bitməsindən sonra imzalanan üçtərəfli Bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhlizə dair müddəanın olduğunu xatırladan dövlət başçısı, buna baxmayaraq, müharibənin bitməsindən sonrakı 5 il ərzində Ermənistan tərəfindən Zəngəzur dəhlizinin açılması istiqamətində heç bir praktiki addım atılmadığını söylədi. 8 avqust 2025-ci ildə ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən tarixi Zirvə Görüşündə məsələnin həll olunduğunu xatırladaraq “TRIPP” adını daşıyan bu layihənin icrasına artıq başlandığını xüsusilə qeyd etdi.
Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra həm dəmir, həm də avtomobil yollarının yenidən inşasına başlayıb, bir çox layihələr artıq tamamlanıb. Naxçıvan istiqamətində aparılan işlər də davam etdirilir. Zəfər yolunun Naxçıvandan keçib Londona, Pekinə uzanacağına isə əminik.
Dövlət başçısı müsahibəsində Azərbaycan tərəfindəki dəmir yolunun gələn il Ermənistan sərhədinə çatacağı müjdəsini də verib, Zəngəzur dəhlizindən il ərzində ən azı 15 milyon ton yük daşınmasını hədəflədiklərini bildirdi.
Prezident vurğulayıb ki: “Bu layihə yalnız dəmir yolu və yol bağlantısından ibarət olmayacaq. Hətta buradan fiber-optik kabel, sonra elektrik xətləri, gələcəkdə ehtiyac olarsa, neft və təbii qaz boru xətləri də keçə bilər. Ona görə də Zəngəzur dəhlizinə bu gün daha geniş baxırıq”.
Naxçıvan Muxtar Respublikası ölkəmiz üçün ümumilikdə, bütün Türk dünyası üçün çox böyük geostrateji əhəmiyyətə malik mühüm məkandır. Təsadüfi deyil ki, dahi şəxsiyyət Ümummilli Liderimizin düşünülmüş və uzaqgörən siyasətində də bu amil həmişə üstün yer tutub, müdrik dövlət xadimi siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində həmişə Naxçıvanın təhlükəsizliyinin möhkəmlənməsinə və dayanıqlı inkişafına xüsusi diqqət və qayğı göstərib. Bu gün Ulu Öndərimizin yolu Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən böyük nailiyyətlərlə davam etdirilir. Bu isə bir daha deməyə əsas verir ki, Naxçıvan bundan sonra da inkişafı ilə yeni-yeni zirvələr fəth edəcək.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər