NAXÇIVAN :

10 Avqust 2026, Bazar ertəsi

Zəngəzur dəhlizi Orta Dəhlizin gücünü artırmaqla bərabər, Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına maneəsiz çıxışını təmin edəcək

...

Azərbaycanın öz hərbi-siyasi gücü hesabına ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkəmizi regional çərçivələri aşaraq beynəlxalq münasibətlər sistemində söz sahibi olan nüfuzlu dövlətə çevirib. Bu gün rəsmi Bakı Cənubi Qafqazın lideri olmaqla yanaşı, Avrasiya məkanında yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşmasında mühüm rol oynayır. Bu baxımdan, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini keyfiy­yətcə yeni mərhələyə – strateji müttəfiqlik səviyyəsinə yüksəltməsi xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və keçirdiyi yüksək səviyyəli görüşlər iki ölkə arasında əməkdaşlığın inkişafında yeni mərhələnin əsasını qoymaqla yanaşı, Cənubi Qafqaz-Mərkəzi Asiya əlaqələrinin strateji məzmununu daha da zənginləşdirdi. Səfər çərçivəsində Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının III iclasının keçirilməsi və imzalanan mühüm sənədlər ikitərəfli münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirdi. Səfərin başlıca siyasi nəticələrindən biri isə iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi oldu. Vurğulandığı kimi, Bakı və Bişkek bundan sonra da beynəlxalq platformalarda, iqtisadi və təhlükəsizlik sahələrində bir-birinə qətiyyətli dəstəyini davam etdirəcək. Dövlətimizin başçısının səfər zamanı Qırğızıstanın ali dövlət mükafatı ilə təltif edilməsi ölkələr arasında yüksək siyasi etimadın və qarşılıqlı hörmətin bariz ifadəsidir.

Azərbaycanın Mərkəzi Asiya regionu ilə əməkdaşlığı yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri platformasında fəal iştirakı rəsmi Bakının bu coğrafiyada artan nüfuzunu bir daha təsdiqləyir. Nəqliyyat-logistika imkanları, ortaq tarixi-mədəni dəyərlər və uzaqgörən xarici siyasət sayəsində Azərbaycan Mərkəzi Asiyanın etibarlı strateji tərəfdaşına çevrilib. Türk Dövlətləri Təşkilatı çərçivəsində dərinləşən əməkdaşlıq, eləcə də Çolpon-Atada imzalanan müttəfiqlik sazişləri Avrasiya məkanında yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasını formalaşdırır.
Bu strateji müttəfiqlik yalnız siyasi dialoq və nəqliyyat sahəsini əhatə etmir, eyni zamanda iqtisadi, investisiya və humanitar əməkdaşlığın inkişafına da mühüm töhfə verir. Nizamnamə kapitalı 200 milyon dollara çatdırılan Azərbaycan-Qırğız İnvestisiya Fondu birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar açır. Bununla yanaşı, Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq Parkının salınması, Ağdamda Manas adına məktəbin tikilməsi və Bakıda Çingiz Aytmatovun abidəsinin ucaldılması xalqlarımız arasında mövcud olan tarixi-mədəni bağlılığın və qardaşlıq münasibətlərinin daha da möhkəmləndiyini göstərir.
Bakı ilə Bişkek arasında dərinləşən münasibətlər, bütövlükdə, Türk dünyasının coğrafi və iqtisadi inteqrasiyasına xidmət edir. İki ölkə liderinin qarşılıqlı etimadı və siyasi iradəsi Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında sarsılmaz strateji ox yaradır ki, bu da Avrasiya regionunda güc balansını sülhün və dayanıqlı inkişafın lehinə dəyişir. 
Azərbaycan və Qırğızıstan arasında mövcud olan həmrəylik beynəlxalq müstəvidə də özünü aydın şəkildə göstərir. BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq platformalarda ölkələrimizin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına verdiyi ardıcıl dəstək qarşılıqlı etimada əsaslanan münasibətlərin mühüm göstəricisidir. Dünyada geosiyasi risklərin və ziddiyyətlərin artdığı bir dövrdə Azərbaycan və Qırğızıstanın ortaq mövqedən çıxış etməsi Avrasiya regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verir.
Bu gün Azərbaycan və Mərkəzi Asiya dövlətləri bərpa olunan enerji potensialının birləşdirilməsi istiqamətində tarixi addımlar atırlar. Mərkəzi Asiyadan Avropaya uzanacaq “yaşıl dəhliz”lə qlobal enerji xəritəsində yeni pəncərə açır.
Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin inteqrasiyasını daha da möhkəmləndirən əsas amillərdən biri Avrasiyanın nəqliyyat xəritəsini yenidən formalaşdıran Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsidir. Müasir geosiyasi şəraitdə Çindən və Mərkəzi Asiyadan Avropaya yüklərin daşınması üçün ən təhlükəsiz, qısa və səmərəli marşrut hesab olunan Orta Dəhlizin ötürücülük qabiliyyətinin artırılması həm Azərbaycanın, həm də digər türk dövlətlərinin əsas prioritetlərindəndir.

Bu nəqliyyat arteriyasının ən mühüm strateji həlqəsini isə Zəngəzur dəhlizi təşkil edir. Orta Dəhliz və Zəngəzur dəhlizi yalnız nəqliyyat infrastrukturu layihələri deyil, həm də Avrasiyanın gələcək iqtisadi və geosiyasi arxitekturasını formalaşdıran strateji təşəbbüslərdir. Təxminən, 15 milyon ton ötürmə potensialına malik olacaq Zəngəzur dəhlizi yaxın perspektivdə Orta Dəhlizin əsas seqmentlərindən birinə çevrilərək Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək, eyni zamanda region ölkələrinin tranzit və ticarət imkanlarını genişləndirəcək.   Zəngəzur dəhlizinin istifadəyə verilməsi Orta Dəhlizin səmərəliliyini artırmaqla yanaşı, Mərkəzi Asiya ölkələrinin Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına birbaşa və maneəsiz çıxışını təmin edəcək. Bu dəhliz Naxçıvan Muxtar Respublikasını ölkənin əsas hissəsi ilə birbaşa avtomobil və dəmir yolu xətləri vasitəsilə birləşdirəcək ki, bu da muxtar respublikanın regionun mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsinə əlverişli şərait yaradacaq.
Bu isə, öz növbəsində, turizm və ticarət əlaqələrinin şaxələnməsinə, yerli sənayenin ixrac imkanlarının genişlənməsinə zəmin yaradacaq. Dəhliz Naxçıvanda istehsal edilən məhsulların dünya bazarlarına çıxışını da asanlaşdıracaq. Bölgənin zəngin təbii ehtiyatlarının səmərəli istismarı və onların xarici ölkələrə ixracı məhz Zəngəzur dəhlizinin işə düşməsi ilə birbaşa bağlıdır. 
Mərkəzi Asiya ilə formalaşdırılan möhkəm tərəfdaşlıq, Orta Dəhliz və onun əsas həlqəsi olan Zəngəzur dəhlizi kimi irimiqyaslı infrastruktur layihələri Avrasiya məkanında uzunmüddətli sülhün, sabitliyin və iqtisadi inkişafın möhkəmlənməsinə xidmət edir. Bu layihələr təkcə region ölkələri arasında nəqliyyat əlaqələrini genişləndirmir, həm də qarşılıqlı iqtisadi asılılığı artırmaqla yeni əməkdaşlıq imkanları yaradır.
Azərbaycan milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, təşəbbüskarı olduğu beynəlxalq layihələr vasitəsilə regional əməkdaşlığın dərinləşməsinə və Avrasiyada dayanıqlı inteqrasiya modelinin formalaşmasına mühüm töhfə verir. Zəngəzur dəhlizinin reallaşması isə Orta Dəhlizin strateji əhəmiyyətini daha da artıraraq Azərbaycanın Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək.

Arzu ABDULLAYEV
Naxçıvan Muxtar Respublikası 
Ali Məclisinin sədr müavini

 

Nəşr edilib : 10.08.2026 10:05