NAXÇIVAN :

02 Oktyabr 2026, Cümə

Zəfərin yaratdığı yeni reallıqlar: Azərbaycanın qarşısında duran strateji hədəflər

...

Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ölkənin siyasi həyatında yeni mərhələnin əsasını qoyub. Uzun illər dövlət siyasətinin başlıca prioritetlərindən biri olan milli məsələnin həlli artıq tarixi reallığa çevrilib. Bu tarixi nəticələrin əsasında isə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilən dövlətçilik siyasəti dayanır.
Bu baxımdan, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın sonrakı siyasi tarixində mühüm mərhələ təşkil edir. 1992-ci il noyabrın 21-də Ulu Öndərin sədrliyi ilə Naxçıvanda keçirilən YAP-ın təsis qurultayı yeni siyasi təşkilatın formalaşması ilə yanaşı, ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşməsi baxımından da mühüm siyasi hadisə kimi xarakterizə olunur. Prezident İlham Əliyev VIII Qurultayda bu tarixi mərhələyə toxunaraq deyib: “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi. O vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, Azərbaycan dövlətinin taleyini düşünən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmişdilər. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır. Bu, bir ictimai sifariş idi".
Bu fikirlər partiyanın keçdiyi tarixi yolu Azərbaycanın sonrakı siyasi inkişafı ilə əlaqələndirən yanaşmanı ortaya qoyur. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi ölkənin qarşısında yeni siyasi və strateji hədəflərin formalaşmasına zəmin yaradıb.
Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə Azərbaycanın qarşısında yeni mərhələnin qapıları açılıb. Bu mərhələdə əldə olunmuş nəticələrin qorunması ilə yanaşı, yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi əsas vəzifələrdən birinə çevrilib. Məhz bu reallıq Yeni Azərbaycan Partiyasının VIII Qurultayının mahiyyətini əvvəlki qurultaylardan fərqləndirən əsas amillərdən biridir. Böyük tarixi məqsədə nail olunması qarşıya yeni vəzifələr qoyur, Azərbaycanın inkişaf gündəmini daha geniş və strateji hədəflərlə zənginləşdirir.
Bu baxımdan, VIII Qurultayda Prezident İlham Əliyevin nitqi Azərbaycanın Zəfərdən sonrakı inkişaf mərhələsinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi diqqət çəkir.
Qurultayın əhəmiyyətini müəyyən edən əsas məqamlardan biri də onun Azərbaycanın yeni ictimai-siyasi və geosiyasi reallıqları şəraitində keçirilməsidir. Əgər VII Qurultay 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən cəmi bir neçə ay sonra yeni reallıqların formalaşdığı mərhələdə keçirilmişdisə, VIII Qurultay artıq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni tarixi şəraitdə baş tutub. İki qurultay arasındakı dövr Azərbaycanın keçdiyi siyasi və tarixi yolun miqyasını göstərməklə yanaşı, qarşıdakı mərhələdə dövlətin və cəmiyyətin qarşısında dayanan yeni vəzifələrin mahiyyətini də ortaya qoyur.
Prezident İlham Əliyevin çıxışında irəli sürülən əsas tezislərdən biri qalib Azərbaycanın qarşısında duran prioritetlərin əldə edilmiş nəticələrin dönməzliyini təmin etmək, təhlükəsizlik imkanlarını genişləndirmək, iqtisadi gücü artırmaq və yeni geosiyasi reallıqda rolunu daha da möhkəmləndirməkdən ibarət olmasıdır.
Bu baxımdan, təhlükəsizlik məsələsinin dövlət siyasətində ön planda qalması təsadüfi deyil. Dünyada geosiyasi qarşıdurmaların genişlənməsi, müxtəlif regionlarda müharibələrin davam etməsi və beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənliyin artması göstərir ki, hərbi güc dövlətlərin təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır. Azərbaycan üçün isə bu məsələ həm də tarixi təcrübə ilə bağlıdır. Otuz il ərzində yaşanan işğal və onun ağır nəticələri müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılmasını strateji zərurətə çevirib.
Prezident İlham Əliyevin “Hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq” fikri də məhz bu yanaşmanın mahiyyətini ifadə edir. Burada söhbət mümkün təhdidlərin qarşısını əvvəlcədən almağa imkan verən çəkindirici gücün formalaşdırılmasından gedir. Sülhün qorunmasının mühüm şərtlərindən biri də dövlətin müdafiə imkanlarının etibarlı səviyyədə saxlanılmasıdır.
Müasir təhlükəsizlik anlayışı isə artıq yalnız tank, raket və ordu ilə ölçülmür. İnformasiya texnologiyalarının sürətli inkişafı fonunda ideoloji və informasiya təhlükəsizliyi də milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Cəmiyyətə yönələn informasiya təsirləri, dezinformasiya və kiberhücumlar sərhəd tanımır. Buna görə də təhsilli, bilikli və informasiya baxımından hazırlıqlı cəmiyyət dövlətin təhlükəsizlik sisteminin mühüm dayağıdır.
Prezidentin nitqindəki “Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq” fikri də bu reallığa diqqət çəkir. Deməli, qarşıdakı mərhələdə milli təhlükəsizliklə təhsil, informasiya siyasəti və vətəndaş məsuliyyəti arasındakı əlaqənin daha da gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın xarici siyasətində də yeni mərhələnin xüsusiyyətləri aydın görünür. Ərazi bütövlüyünün bərpasından sonra ölkəmizin diplomatik gündəliyi daha çox qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə yönəlib. Azərbaycan enerji, nəqliyyat, ticarət, investisiya, təhlükəsizlik və regional əməkdaşlıq kimi çoxsaylı istiqamətlər üzrə fəal siyasət yürüdür.
Çin və ABŞ kimi qlobal güclərlə strateji tərəfdaşlığın inkişaf etdirilməsi, Mərkəzi Asiya ilə əlaqələrin dərinləşdirilməsi, D-8-ə üzvlük, Avropa ölkələri ilə strateji tərəfdaşlıq münasibətləri ölkəmizin xarici siyasətinin çoxşaxəli xarakterini göstərir. Bu siyasətdə müxtəlif tərəflərlə əməkdaşlıq imkanlarının qorunması ilə yanaşı, milli maraqlardan çıxış etmək əsas istiqamətlərdən biri kimi diqqət çəkir.
Prezident İlham Əliyevin “Biz isə heç bir düşərgəyə qoşulmuruq və qoşulmayacağıq, bu bizə lazım deyil” fikri də Azərbaycanın xarici siyasətdə müstəqil xətti qorumaq yanaşmasını ifadə edir. Qlobal rəqabətin və geosiyasi qarşıdurmaların artdığı bir dövrdə müxtəlif güc mərkəzləri ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın diplomatik imkanlarını genişləndirən amillərdən biri kimi çıxış edir.
Prezident İlham Əliyev bunu belə ifadə edib: “Xarici siyasəti biz elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə – son gülləyə qədər. Mən sizə tam məsuliyyətlə deyirəm, Ali Baş Komandan kimi, bütün bu məsələlərə rəhbərlik edən şəxs kimi”.
Həyata keçirilən siyasətin davamlılığı isə təbii olaraq iqtisadi gücdən asılıdır. Çünki siyasi müstəqilliyin mühüm dayaqlarından biri iqtisadi müstəqillikdir. Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri də bu həqiqəti ifadə edir.
Bu baxımdan, xarici borcun aşağı səviyyədə olması, valyuta ehtiyatlarının artırılması, investisiyaların cəlb edilməsi və enerji gəlirlərinin iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilməsi Azərbaycanın maliyyə dayanıqlığını möhkəmləndirən amillərdəndir. Xüsusilə investisiya məsələsi qarşıdakı mərhələdə daha böyük əhəmiyyət qazanır. Azərbaycan artıq yalnız enerji resursları ilə maraq doğuran ölkə kimi deyil, nəqliyyat, logistika, bərpa olunan enerji, sənaye və digər sahələrdə investisiya imkanları təqdim edən məkan kimi də mövqelərini gücləndirməyə çalışır.
Bu dəyişiklik iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Enerji amili isə yaxın gələcəkdə də Azərbaycanın iqtisadi və geosiyasi imkanlarının əsas elementlərindən biri olaraq qalacaq. Qlobal enerji bazarında qeyri-sabitliyin artdığı bir dövrdə Azərbaycanın enerji resurslarına malik olması ölkənin strateji əhəmiyyətini artırır. Burada əsas məsələ mövcud resurslardan əldə olunan üstünlüklərin uzunmüddətli və dayanıqlı iqtisadi inkişaf üçün səmərəli istifadəsidir.
Nəqliyyat sahəsində qarşıya qoyulan hədəflər də Azərbaycanın coğrafi mövqeyinin iqtisadi üstünlüyə çevrilməsi baxımından diqqət çəkir. Orta Dəhliz və Şimal-Cənub marşrutlarının inkişafı ölkəni yalnız tranzit məkanına deyil, regionlararası iqtisadi əlaqələrin mühüm halqasına çevirə bilər. Dövlət başçısının qeyd etdiyi kimi, tranzit yükdaşımaların həcminin orta müddətdə 30 milyon tona çatdırılması hədəfi bu strategiyanın miqyasını göstərir.
Beləliklə, enerji və nəqliyyat Azərbaycanın yeni geoiqtisadi modelinin mühüm sütunlarına çevrilir. Enerji resursları ölkənin beynəlxalq tərəfdaşlıq imkanlarını artırırsa, nəqliyyat dəhlizləri Azərbaycanın coğrafi mövqeyini siyasi və iqtisadi üstünlüyə çevirmək üçün yeni imkanlar yaradır.
Prezident İlham Əliyevin qurultaydakı çıxışında diqqətə çəkdiyi Zəfərdən sonrakı mərhələnin digər mühüm istiqaməti Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Bölgənin yenidən iqtisadi həyata qaytarılması, əhalinin doğma yurdlarına qayıtması, yeni istehsal və xidmət sahələrinin yaradılması Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir.
Artıq bu ərazilərdə 96 min insanın yaşaması, işləməsi və təhsil alması, bölgələrin inkişafına 28 milyard manat vəsait ayrılması, 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması Böyük Qayıdış prosesinin miqyasını göstərən mühüm göstəricilərdir. Növbəti mərhələdə əsas məsələ qayıdışın miqyasını genişləndirməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurda davamlı iqtisadi həyatın formalaşdırılmasıdır. Bu isə həmin ərazilərin ölkənin ümumi iqtisadi sisteminə daha sıx inteqrasiyasını tələb edir.
Bütün bu istiqamətlərin ortaq nöqtəsi dövlət gücünün müxtəlif elementlərinin bir-birini tamamlamasıdır. Güclü ordu təhlükəsizliyi təmin edir, iqtisadi güc müdafiə imkanlarını möhkəmləndirir, enerji və nəqliyyat layihələri ölkənin geosiyasi əhəmiyyətini artırır, diplomatik əlaqələr beynəlxalq imkanları genişləndirir, təhsil və informasiya savadlılığı isə cəmiyyətin daxili dayanıqlığını gücləndirir.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn əsas mesajlardan biri də budur ki, Azərbaycanın qazandığı Zəfər yalnız keçmişin möhtəşəm tarixi hadisəsi kimi deyil, gələcəyin siyasi, iqtisadi və sosial inkişafını müəyyənləşdirən strateji üstünlük kimi qorunmalı və daha da möhkəmləndirilməlidir.
Çünki əldə olunan Qələbənin davamlılığı yalnız hərbi qüdrətlə deyil, güclü iqtisadiyyat, dayanıqlı dövlət institutları, çevik və prinsipial diplomatiya, informasiya təhlükəsizliyi, yüksək insan kapitalı və cəmiyyətin həmrəyliyi ilə təmin olunur.
Bu baxımdan, VIII Qurultayda müəyyənləşdirilən istiqamətlər Zəfərdən sonra Azərbaycanın qarşısında açılan yeni mərhələnin mahiyyətini, gələcək inkişaf prioritetlərini və əldə olunmuş tarixi nəticələrin necə qorunub daha böyük gücə çevriləcəyini müəyyənləşdirən siyasi strateji çərçivə kimi çıxış edir.
Söhbət ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanın bu tarixi üstünlüyü iqtisadi qüdrətə, sosial rifaha, texnoloji inkişafa, beynəlxalq nüfuza və uzunmüddətli dövlət gücünə çevirməsindən gedir.
Beləliklə, tarixi Zəfər Azərbaycan üçün yeni strateji mərhələnin başlanğıcıdır. Bu mərhələdə əsas hədəf döyüş meydanında qazanılmış Qələbəni dövlət idarəçiliyindən iqtisadiyyata, müdafiədən diplomatiyaya, təhsildən insan kapitalına qədər bütün sahələrdə davamlı və çoxşaxəli gücə çevirməkdir. Qarşıda duran əsas vəzifə Zəfərin yaratdığı imkanları gələcək nəsillərin təhlükəsiz, güclü və inkişaf etmiş Azərbaycanında davam etdirməkdir. Məhz bu yanaşma Zəfərdən sonrakı Azərbaycanın strateji yolunun əsas məzmununu və gələcəyə hesablanmış dövlət siyasətinin başlıca istiqamətini müəyyənləşdirir.

Nail ƏSGƏROV

Nəşr edilib : 02.10.2026 19:42