Naxçıvanda möhtəşəm Zəfər konserti keçirilir...
19:01 08.11.2026
0
0
0
NAXÇIVAN :
08 Noyabr 2026, Bazar
Azərbaycanın müasir tarixində Qarabağ məsələsi xalqımızın ən ağrılı problemlərindən biri olmuşdur. 1988-ci ildən etibarən baş verən hadisələr, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları xalqımızın yaddaşında silinməz izlər buraxmışdır. Minlərlə insan doğma yurd-yuvasından didərgin salınmış, yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, tarixi və mədəni abidələrimiz ciddi zərər görmüşdür. Torpaqlarımızın 20 faizindən çoxu işğal altına düşmüşdür.
Uzun illər ərzində Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həllinə çalışmışdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi qətnamələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş, işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılmasını tələb etmişdir. Lakin uzun müddət davam edən danışıqlar münaqişənin həllinə gətirib çıxarmamışdır. Azərbaycan dövləti isə bütün bu illər ərzində iqtisadiyyatını gücləndirmiş, müdafiə qabiliyyətini artırmış, ordusunu müasirləşdirmiş və beynəlxalq mövqelərini möhkəmləndirmişdir. Bu prosesdə milli birlik, güclü dövlətçilik və vətənpərvərlik ruhu mühüm rol oynamışdır.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlamışdır. Beləliklə, Azərbaycan tarixində yeni bir dövrün başlanğıcını qoyan Vətən müharibəsi başlamışdır. 44 gün davam edən müharibə zamanı Azərbaycan Ordusu öz gücünü, peşəkarlığını, döyüş ruhunu, Vətənə sevgisini və sədaqətini bütün dünyaya nümayiş etdirmişdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq nümunələri göstərmiş, qısa müddətdə bir sıra şəhər, kənd və qəsəbələri, eləcə də strateji yüksəklikləri işğaldan azad etmişdir.
Bu mübarizənin ən mühüm və tarixi hadisələrindən biri noyabrın 8-də Qarabağın incisi Şuşa şəhərinin azad edilməsi olmuşdur. Qədim mədəniyyətimizin beşiyi, Qarabağın tacı olan Şuşanın azadlığı xalqımızın mübarizə əzminin və Azərbaycan Ordusunun qəhrəmanlığının parlaq təcəssümünə çevrilmişdir. Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək nadir hərbi əməliyyatlardan biri olmuşdur. Azərbaycan Ordusunun ardıcıl qələbələri, xüsusilə Şuşanın işğaldan azad edilməsi müharibənin gedişində həlledici rol oynamış, nəticədə, Ermənistan kapitulyasiyaya məcbur olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə bu tarixi Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilməsi qərara alınmışdır. Xalqımızın qüdrətinin, milli qürurunun və dövlətimizin gücünün təntənəsinə çevrilən bu gün müasir tariximizin ən əlamətdar səhifələrindən biridir.
Zəfər – xalqın birliyinin, ordunun qüdrətinin, Vətən sevgisinin təntənəsidir. Azərbaycan xalqının tarixində elə günlər var ki, zaman keçdikcə onların əhəmiyyəti daha da artır, hər biri milli yaddaşımızın əbədi səhifəsinə çevrilir. 8 Noyabr – Zəfər Günü də məhz belə tarixi günlərdəndir. Bu gün xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış, milli qürurumuzun, birliyimizin və sarsılmaz iradəmizin təcəssümünə çevrilmişdir.
8 Noyabr Zəfəri Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və yüksək sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur. Bu qələbə ilə qüdrətli Azərbaycan yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi və humanitar mənzərəsini dəyişməyə qadir olduğunu, milli maraqlarını qətiyyətlə müdafiə etmək gücünə malikliyini bütün dünyaya nümayiş etdirmişdir.
Zəfər yalnız hərbi qələbə deyildi. Bu, illərlə yurd həsrəti ilə yaşayan insanların arzularının gerçəkləşməsi, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın qəlbində ümid çırağının yenidən yanması idi. Bu Qələbə Ali Baş Komandanın yürütdüyü məqsədyönlü siyasətin, gərgin əməyin, şəhidlərimizin qanının, qazilərimizin sağlamlığının, əsgər və zabitlərimizin fədakarlığının bahasına əldə edildi. Eyni zamanda bu Zəfər milli ruhun, milli ləyaqətin və tarixi ədalətin bərpası idi.
Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbinə çevrildi. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, bu böyük Zəfərin arxasında misilsiz fədakarlıq, sarsılmaz birlik və Vətən sevgisi dayanır. Bu qələbə həm də onu göstərdi ki, dövlətin qüdrəti ilə xalqın iradəsi bir məqsəd ətrafında birləşəndə qarşıya qoyulan ən böyük hədəflərə belə çatmaq mümkündür.
Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq və bərpa işlərinə başlanılmışdır. Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir, şəhər və kəndlərimiz bərpa olunur, yollar, məktəblər, xəstəxanalar və digər infrastruktur obyektləri inşa edilir. Doğma yurdlarına qayıdan insanlar öz evlərində yeni həyata başlayırlar. Bütün bunlar Böyük Qayıdışın tarixi əhəmiyyətini daha da artırmaqla yanaşı, Zəfərin yaratdığı yeni reallıqların əməli nəticələrini də nümayiş etdirir.
8 Noyabr Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu tarix bizə bir daha sübut etdi ki, xalq bir olduqda, eyni məqsəd və amal uğrunda birləşdikdə ən çətin sınaqlardan belə qalibiyyətlə çıxa bilər. Zəfərimiz yalnız keçmişimizin qürur mənbəyi deyil, həm də gələcəyimizin möhkəm təməlidir.
Zəfərimiz əbədi, birliyimiz sarsılmaz, üçrəngli bayrağımız daim ucalarda olsun!
Şanlı Zəfər Günümüz mübarək!
Şəhla Əhmədova
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər