Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Mək...
23:32 01.05.2026
0
0
0
NAXÇIVAN :
02 May 2026, Şənbə
Naxçıvan ədəbi mühitində öz şeirləri ilə oxucu rəğbəti qazanan şairlərdən biri Alməmməd Eldaroğludur. Onun yaradıcılıq nümunələrində həm şirinlik, həm mənalılıq, həm də yüksək poetik əhvali-ruhiyyə vardır.
Alməmməd Eldaroğlu Vətən şairidir. Yaradıcılığında həmişə sevə-sevə təsvir və tərənnüm etdiyi bir Azərbaycan var: hər qarışı, daşı, ağacı, gülü-çiçəyi ilə bağrına basdığı, sevdiyi bir Azərbaycan yer alıb onun yaradıcılığında. Şairin “Vətən əmanətdir”, “Mənim gördüyüm dünya”, “Niyə belədir dünya”, “Dağlar qartalı”, “Vətən harayı”, “Könlümün yurdu Vətən”, “Zəfər Günəşi”, “Öpəndə torpağı bayraq kölgəsi” kimi kitablarında oxunaqlı şeir və poemalar toplanmış, Azərbaycanın şanlı zəfəri tərənnüm olunmuşdur.
Şairin ilk sözü də, son sözü də Azərbaycandan – Vətəndən başlayır. Alməmməd çox böyük sevgi ilə Vətənin mənəvi tərifini, dəyərini ustalıqla ifadə etmiş, Azərbaycan adlı Vətənin sözdən xəritəsini yaratmışdır. Bu mövzuda ustad sənətkarların da çox qiymətli əsərləri var. Amma Alməmməd Eldaroğlunun sənətkar məharəti, söz ustalığı ordadır ki, o özündən əvvəlkiləri təkrar etmir; şeirlərində tamamilə orijinaldır, ifadə də, məna da tamamilə özünəməxsus və yenidir. Şair çox haqlı olaraq ifadə etmək istəyir ki, Vətən, sadəcə, quru torpaq deyil, Vətən – səndən, məndən, ondan ibarət olan vətəndaşdır, gözümüzü ilk açıb gördüyümüz ilk obamız, yuvamızdır. Vətən həm sevgi, həm kədərdir. Vətən sevgimizin müqəddəs ocağı Qarabağ, Şuşadır, ana dilimizdir, Turan elimizdir, qazimizdir, şəhidimizdir, cahan pasportu, milli kimlik, ləyaqətimiz, namusumuz, ona mövcudluq, inkişaf, milli birlik və zəfər bəxş edən ulu düha Heydər Əliyev, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
Şairin yaradıcılığında vətənpərvərlik ruhu qüvvətlidir, bu onun şeirlərinin başlıca mövzusunu təşkil edir. A.Eldaroğlunun yaradıcılığında mənəvi olaraq böyük və bütöv olan bir Azərbaycan vardır. Cənubi Azərbaycan, Naxçıvan, Qarabağ, Qərbi Azərbaycan və Anadolu ruhunda yaşayan azərbaycanlılıq duyğu və düşüncələri A.Eldaroğlu şeiriyyətində türkçülük və Turan elləri kontekstində özünü təcəssüm etdirir. Həm də bu cəhətdən onun şeirləri Azərbaycan ədəbiyyatında vətəndaşlıq lirikasını zənginləşdirən qiymətli nümunələr olaraq diqqəti çəkir.
Şairin yaradıcılığı zəfər duyğularının tərənnümü ilə zəngin və özünəməxsusdur. 2020-ci ilin noyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin və qəhrəman, şanlı döyüş qüdətinə malik olan Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı misilsiz qələbə hamının qəlbində, ruhunda coşqu və fərəh hissləri doğurduğu kimi, Alməmməd Eldaroğlunun da fəxarət mənbəyinə çevrilmişdir. Bu baxımdan, onun şeirlərinin çoxunda məhz Qələbə sevinci, Zəfər duyğuları yer almışdır. Şair Qarabağa, Şuşaya, Ali Baş Komandana, rəşadətli Ordumuza, qazilərimizə və şəhidlərimizə həsr etdiyi şeirlərində bütün sevinc və fəxarət duyğularını yaşamış, bu sevinci yaşadanlara ümumxalq razılığını poetik ustalıqla dilə gətirmişdir. “Baş Komandan, Milli Ordu” şeirində şair 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanı, əzəmətli, müdrik şəxsiyyəti, ümumən, yeni əsrdə Azərbaycanın işğal edilmiş torpaqlarının birdəfəlik həlli məsələsini köklü surətdə həll etməyə qadir olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə və şücaət və qəhrəmanlığı ilə hərb tarixinə qızıl hərflərlə adını yazdırmış Azərbaycan Milli Ordusuna minnətdarlıq hissləri, əbədi minnətdarlığı ifadə edilmiş, “Azərbaycan”, “Baş Komandan, Milli Ordu”, “Günəşdən bir zərrə”, “Haqq yolu”, “Vətən oğlu” kimi şeirlərdə Azərbaycan xalqının qələbə sevinci, zəfər məğrurluğu, milli qeyrət və qürur duyğuları yüksək poetik pafosla əksini tapmışdır:
Bayraq uca, uğur zəfər,
Qələbədi yürüş, səfər.
O, müzəffər, bu, müzəffər,
Baş Komandan, Milli Ordu.
Şairin şeirlərinin nüvəsində xalqın milli birliyi və həmrəyliyi məsələsi dayanır. “Birik, həmrəyik”, “Qarabağa gedən yol”, “Şənüzlü Şuşam”, “Azərbaycan əsgəri”, “Xocalının harayına” kimi şeir nümunələrində birlik və həmrəylik mövzusu, Qarabağa və Qərbi Azərbaycana qayıdış məsələsi poetik şəkildə yer almışdır. Şair “Azərbaycan əsgəri”, “Anda sadiq əsgərəm”, “Dağlar aşıb səndə olan məhəbbət”, “Qazilər”, “Şəhidim – qəhrəman leytenant Əli”, “Dağlar qartalı”, “Öpəndə torpağı bayraq kölgəsi” kimi şeirlərində Azərbaycan əsgərlərinin Vətənə, xalqa olan məhəbbəti və onun bütövlüyü uğrunda göstərdiyi fədakarlıq və qəhrəmanlıqları tərənnüm edilib. Bu əsərlərin bir qismi konkret bir ünvan – bir şəhid, qazi haqqındadır: “Dağlar aşıb səndə olan məhəbbət” şeiri şəhid Gözəlov Rüfət Əzim oğluna, “Gah solur, açır gözlərim” şeiri şəhid yoldaşı Gülay xanımın dilindən şəhid Novruzlu Ümid Bahadır oğluna, “Şəhidim – qəhrəman leytenant Əli” əsəri şəhid leytenant Yusifov Əli Süləddin oğluna, “Dağlar qartalı” şeiri və eyniadlı poeması şəhid Məhəmmədhəsən Sadıqlıya, “Qayıt gəl” şeiri Rəna ananın dilindən övladı, şəhid Raqib Hüseynova, “Öpəndə torpağı bayraq kölgəsi” şeiri şəhid Novruzlu Ümid Bahadır oğluna həsr olunmuşdur.
Müəllif Azərbaycana uğurla rəhbərlik edən, böyük qələbələr qazanan, 44 günlük Vətən müharibəsində özləri haqda mif yaratmış Ermənistana qarşı böyük zəfərə imza atmış Müzəffər Ali Baş Komandan İlham Əliyevə və hünəri, döyüş məharəti və bacarığı ilə tarixdə böyük ad qazanmış müzəffər Milli Ordumuza qürurlu vətəndaş minnətdarlığını ifadə edir. Şairin mənsub olduğu xalqın milli xarakter duyğularından irəli gələrək qabartdığı, nəğmə qoşduğu sülhə çağırış nidaları “Günəşdən bir zərrə” şeirində çox aydın əksini tapmışdır:
Qarabağ dünyaya çağırış meydanı,
Xarıbülbül sülhün simvolu olsun.
Dünyanın sülhsevər xalqları kimi,
Bütün yer kürəsi sülhə qoşulsun.
Şair bütün şeirlərində Vətənə məhəbbətini səmimi şəkildə ifadə etməklə ən duyğulu vətənpərvərlik misraları ortaya qoymağa müvəffəq olmuşdur. Şair Azərbaycanın şanlı 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıq günlərinə qayıdır, bu şanlı günlərdə Azərbaycan övladlarının – şücaətli əsgərlərimizin döyüş əzminə, fədakarlığına olan ümumxalq minnətdarlığını ifadə edir. Şair “Zəfərin göyləri məxməri səhər” adlı şeirində bu qələbənin bayram sevincini ifadə edir:
Bayramdır, bəzəyin ev-eşiyi,
Noyabr yurdumda cümlə-cahandır.
Ərzdən səmayadək sülhün beşiyi
Mənim Vətənimdir, Azərbaycandır.
Şair çox yerdə və düzgün şəkildə Azərbaycanın qazanılan zəfərini ata – Ulu Öndər Heydər Əliyevin müdrik yolunun və uzaqgörən fəaliyyətinin davamçısı Prezident cənab İlham Əliyev üçün qoyduğu vəsiyyətin nəticəsi hesab edir.
Şair Vətən məhəbbətli duyğularının bədii əksini “Qonaq gəldim”, “Zəfər günəşim”, “Salam, zəfər qalam, yumruq qalam!”, “Azərbaycan əsgəri” kimi şeirlərində də davamını görürük. Şair “Qonaq gəldim” şeirində azad edilən Füzuli, Cəbrayıl, Şuşa, Zəngilan, Qubadlı və digər Vətən torpaqlarına səfərini vətəndaşlığın milli iftixar və fərəh emblemi kimi təqdim etmişdir. “Salam, zəfər qalam, yumruq qalam” şeirində də duyğularını belə dilə gətirmişdir şair:
Salam, əziz Şuşam!
Biz qayıtmışıq!
Salam, elim, obam,
Oylağım, salam!
Salam “Cıdır düzü”,
Ey “Şuşa qalam”,
Qarşıla Turanı,
Biz qayıtmışıq!
Ümumiyyətlə, şair Alməmməd Eldaroğlu qədər Azərbaycanın Vətən müharibəsi, şanlı zəfər, əbədi yaddaşımız olan şəhidlərimiz və qazilərimiz haqqında şeirlər yazan, bəlkə də, ikinci bir şair yoxdur. Lakin o özündən əvvəlkiləri təkrar etmir, yeni söz deməyə çalışır və buna nail olur. Şeirlərində Azərbaycan övladlarının Vətən sevgisi və qəhrəmanlıq, cəsarət, fədakarlıq davranışlarını qürurla təqdim edə bilir. Bu şeirlərdə şair Azərbaycan əsgərlərinin Vətənə, xalqa olan məhəbbətini və onun bütövlüyü uğrunda göstərdikləri fədakarlığı və qəhrəmanlığı tərənnüm edərək gözəl bədii nümunələr yaratmışdır.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Digər xəbərlər