Tovuz döyüşlərindən 6 il ötür
00:23 12.07.2026
0
0
0
NAXÇIVAN :
12 Iyul 2026, Bazar
Müasir dövrdə soyuducu və dondurucular məişətimizin ayrılmaz hissəsinə çevrilsə də, əsrlər əvvəl insanların qida məhsullarının qorunmasına və buz tələbatını ödəməsinə xidmət edən əsas tikililər buzxanalar idi. Bu unikal mühəndislik nümunələri təkcə qidaların uzun müddət saxlanılmasında deyil, həm də təbabətdə buzdan istifadənin geniş yayılmasında mühüm rol oynayırdı. Görkəmli ədib Cəlil Məmmədquluzadənin “Buz” hekayəsi də sübut edir ki, o dövrlərdə buz satışı və onun təbabətdə tətbiqi cəmiyyətdə geniş yayılmış bir təcrübə idi.
Tarixən buzxanalar, əsasən, çay kənarlarında inşa olunurdu. Qışın sərt şaxtalarında çay suları obyektin qarşısındakı xüsusi meydançada dondurulur, daha sonra iri parçalar şəklində doğranaraq binanın yer səthindən 4-5 metr aşağıda yerləşən quyusuna yığılırdı. Buz laylarının və qar kütlələrinin bir-birinə yapışmaması, həmçinin erkən ərimənin qarşısını almaq üçün onların arasına saman, qamış və ya keçə döşənirdi. Təbii izolyasiya rolu oynayan bu materiallar havanın buzla birbaşa təmasını kəsir, nəticədə, buzun uzun müddət qalmasını təmin edirdi.
Azərbaycanın müxtəlif bölgələrində rast gəlinən və mühəndislik xüsusiyyətləri ilə seçilən qədim memarlıq abidələri bu gün də tarixin yadigarı kimi qorunur. Bu sahədə ən möhtəşəm tikililər sırasına qədim Naxçıvan torpağındakı buzxanalar daxildir. Naxçıvan memarlıq məktəbinin mühüm qolunu təşkil edən bu abidələr tədqiqatçıların da qeyd etdiyi kimi, həm daxili temperaturu sabit saxlayan yeraltı strukturu, həm də estetik kərpic örtüyü ilə diqqəti cəlb edir. Naxçıvan coğrafiyasında strateji əhəmiyyətə malik bu unikal tikililərdən zəmanəmizədək, əsasən, üç abidə gəlib çatmışdır: Naxçıvan şəhəri, Ordubad və Şərurda (Cəlilkənd) yerləşən buzxanalar.
Naxçıvan buzxanası – orta əsr memarlığının qiymətli nümunəsi
Naxçıvanın qızmar yay günəşinin torpağı qarsıdığı bir vaxtda sanki bu qədim şəhərin qəlbində zamandan gizlənmiş bir soyuqluq səltənəti var. Bu səltənət – kərpic-kərpic hörülmüş, naxış-naxış işlənmiş Naxçıvan buzxanasıdır. Şəhərin cənub tərəfində, İmamzadə kompleksinin yaxınlığında yerləşən bu abidə Orta əsrlər Naxçıvan memarlıq məktəbinin çiçəkləndiyi dövrə (XII-XIV əsrlər) aid edilir.
Geniş ölçüləri ilə diqqətçəkən binanın uzunluğu 20, eni 8, hazırkı vəziyyətdə hündürlüyü isə 9,6 metrdir. Dam örtüyünün üzərində altı kiçik günbəz ucaldılıb. Cənub qapısından daxil olduqdan sonra binanın döşəmə hissəsinə enmək üçün, təxminən, 30 pilləli pilləkən tikilmişdir. Bu pilləkənlərlə aşağı endikcə zamanın geriyə doğru axdığını hiss edirsən. Kiçik tağbəndlərlə tamamlanan kərpic hörgü cərgələri estetik görünüşü ilə gözoxşayır.
Bu konstruksiyadan Ordubad şəhərindəki buzxanada da istifadə olunmuşdur. Hətta o dövrdə Təbriz və Ərdəbildə inşa olunan bazar komplekslərinin örtülü keçidləri də bu üslubun bənzəridir ki, bu da Naxçıvan memarlıq məktəbinin nüfuz dairəsinin nə qədər geniş olduğunu göstərir. Sözügedən mütəşəkkil kompleks mühüm regional ticarət obyekti kimi fəaliyyət göstərmişdir.
Ordubad buzxanası – qədim şəhərin mühəndislik yadigarı
Naxçıvan buzxanası geniş vadinin ortasında ucalan əzəmətli abidədirsə, Ordubad buzxanası qədim bir şəhərin bağlar içində gizlənmiş yaşıl yaddaşıdır. Əsrlik çinarların pıçıldaşdığı, kəhrizlərin şırıltı ilə axdığı Ordubadda torpağın altında sanki başqa bir zaman kəsiyi yaşanır. Havası gül-çiçək, dadı quru meyvə qoxan bu şəhərin qızmar yayında Ordubad buzxanası o dövrün əsl xilas vahəsi idi. Onun qapısından içəri addım atanda bayırdakı o qaynar, titrəyən hava yerini dərhal ipək kimi yumşaq, lakin bədəni ürpədən bir sərinliyə verir.
Şəhərin mərkəzində, qədim Kürdətal məhəlləsində yerləşən tikintinin ümumi sahəsi 166 m², zirzəmisinin daxili sahəsi isə 89,4 m²-dir. Bişmiş kərpic və əhəng məhlulu ilə inşa edilən buzxananın ümumi hündürlüyü 11,32 metrə çatır.
Abidənin üzərində inşa tarixini dəqiq göstərən kitabə qalmadığından bu barədə müxtəlif elmi mülahizələr mövcuddur. Bir sıra tədqiqatçılar buzxananın XIV əsrdə tikildiyini, XVIII əsrdə isə bərpa olunduğunu qeyd edirlər. Bu fikirlər Əməkdar elm xadimi Hacıfəxrəddin Səfərlinin araşdırmalarında da öz əksini tapır.
Şərur vadisinin sirr qalası – Cəlilkənd buzxanası
Şərur vadisinin o sonsuz düzənliyində, torpağın od tutub yandığı yay günlərində Cəlilkənd buzxanası sanki bir sirr qalası kimi boy göstərir. Digər yeraltı buzxanalardan fərqli olaraq o öz əzəmətli günbəzi və yerüstü memarlığı ilə ətraf mənzərəyə hakim kəsilir.
Orta əsrlərdə Naxçıvanda şəhərlərlə yanaşı, kəndlərdə də bu tip tikililər yaradılırdı. Şərur rayonunun iri yaşayış məskənlərindən olan Cəlilkənd buzxanası da məhz belə unikal nümunələrdəndir. Kəndin girəcəyində ucaldılan abidə dördkünc formalı binadan ibarətdir və yuxarı hissədə tağabənzər formada tamamlanır.
Girişi cənub tərəfdən olan buzxananın sferik günbəzindən süzülən zəif işıq şüaları içərinin rütubətli sükutuna toxunanda adam elə bilir ki, bir azdan küncdən əlində fənər tutmuş qədim bir usta çıxacaq. Divarlardakı hər kərpic, hər tağ yüzillərin canlı şahididir. XIX əsrə aid edilən Cəlilkənd buzxanası yalnız təsərrüfat tikilisi deyil, həm də Naxçıvanın memarlıq irsinin mühüm nümunələrindən biridir. Bu abidə keçmişin mühəndislik təcrübəsini, xalqın təbii şəraitə uyğun yaratdığı praktik həlləri və zəngin memarlıq ənənələrini günümüzədək yaşatmaqdadır.
Səmayə RƏSULOVA
Əhməd ƏHMƏDOV
Digər xəbərlər