NAXÇIVAN :

25 Iyun 2025, Çərşənbə

Zamanı aşan bəstəkarın 140 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

...

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş elmi konfrans AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilib. 
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə,    iyun ayının 24-də baş tutan elmi konfransı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözü ilə açıb. Prezident İlham Əliyevin Tədbirlər Planı barədə danışan akademik bəstəkarımızın mədəniyyət və musiqi tarixində oynadığı roldan söhbət açmışdır. Üzeyir Hacıbəylinin dünya mədəniyyət tarixinə bəxş etdiyi yeniliklərdən danışan İsmayıl Hacıyev onun dramaturq, publisist, musiqi tarixçisi və bəstəkar kimi fəaliyyətini yüksək qiymətləndirmişdir.    
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, 
filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov elmi konfransda “Üzeyir Hacıbəyli: Ədəbiyyat, mətbuat, millət xadimi” mövzusunda məruzə edib. Məruzəsində Üzeyir Hacıbəylinin uşaqlıq illərindən, onu bəstəkar kimi formalaşdıran mühitdən, təhsil həyatından, ona dərs deyən müəllimlərin bu istedada olan rəğbət və hörmət hislərindən söz açmışdır. 
AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr şöbəsinin filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan “Üzeyir Hacıbəylinin publisistikası” adlı məruzəsini təqdim edib. Üzeyir Hacıbəylinin məqalə və satiralarını ideya və mövzu cəhətdən sistemli şəkildə təhlil edən Mehriban Sultan bu satira və məqalələrin Azərbaycanın milli tərəqqisinə, maarifçiliyin və dövlətçiliyin inkişafına xidmətlərini vurğulamışdır.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov “Üzeyir Hacıbəyli və teatr” mövzusunda məruzə edib. Üzeyir Hacıbəylinin ümumbəşəri şəxsiyyət kimi xüsusiyyətlərindən ətraflı söz açan Ələkbər Qasımov onun “Leyli və Məcnun” operası, “Arşın mal alan”,  “O olmasın, bu olsun” və “Ər və arvad” operettalarının təhlilini aparmış, bu əsərlərin Azərbaycan həyatının ənənələrini və düşüncə tərzini əks etdirdiyini qeyd etmişdir. 
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Şəmsiyyə Zalova “Üzeyir Hacıbəyli təsviri sənətdə” adlı məruzəsini təqdim edib. Məruzəsində insan surətində psixoloji əhvali-ruhiyyəni açıb göstərmək və naturanı hərtərəfli dərk edib onun formasını, həcmini, rənglərin bədii emosional təsir gücünü üzə çıxarmaq sahəsində axtarışlar edən Mikayıl Abdullayevin bəstəkarımıza həsr etdiyi portretlər silsiləsinin təhlilini aparmışdır.

Nəşr edilib : 25.06.2025 10:55