NAXÇIVAN :

14 Mart 2025, Cümə

Yurd həsrəti...

...

Culfa rayonunun Şurud kəndinə səfərimiz bu dəfə yurd həsrəti ilə çırpınan insanların həyat hekayələrini dinləmək məqsədini daşıyırdı. Əzəmətli Haçadağın ətəyində yerləşən bu qədim kəndə gedərkən yolumuz əvvəlcə qonşu Gal kəndindən keçdi. Bu kənddə də Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımızla görüşməli idik. 
Gal kəndində bizi mehriban siması ilə Gülarə Əliyeva qarşıladı. O, Qarakilsə rayonunun Comartlı kəndində kolxozçu ailəsində doğulub, uşaqlığının ilk illərini bu yurdun saf təbiətinin qoynunda keçirib. Söhbət zamanı Gülarə xanımın xatirələri sanki yavaş-yavaş açılan bir kitab kimi qarşımızda canlandı.
“O vaxt dava yox idi, amma ermənilər yerli camaatı sıxışdırırdılar. Biz də 7 ailə yurdumuzu tərk etməyə məcbur olduq. Buradan maşın göndərildi, əşyalarımızı yığdıq, ancaq evlərimiz salamat qaldı. Mən bu kənddə təhsilimi davam etdirdim, sonra yenidən ana nənəmin yanına – Qərbi Azərbaycana qayıtdım. Orada təbiət hədsiz gözəl idi, uşaqlıq illərim dağlardan cacıq, çiriş, maral baldırğanı, turşməzə kimi müxtəlif otları yığmaqla keçib”, – deyə Gülarə xanım uşaq kimi saf təbəssümlə keçmişini xatırlayır. Xoş söhbətimizlə vaxtın nə cür axıb keçdiyindən özümüz belə xəbərsizik. 
O, Qərbi Azərbaycanla bağlı xatirələrindən danışanda gözləri dolur: “Uşaqlığımda xalçalarımızın necə toxunduğunu izləyirdim. Oradan gətirdiyimiz xalçalar bu gün də evlərimizi bəzəyir. Həmin xalçaların üzərində sanki torpağımızın ətri var”.
Galdan ayrılanda yolboyu təbiətin bizə bəxş etdiyi mənzərələrə heyranlıqla baxırıq. Dağların məğrurluğu sanki əsrlərin hikmətini pıçıldayır. Avtomobili saxlayıb yolüstü yerləşən bulaqda olduq, bu torpağın ruhunu daha dərindən duymaq istədik. Yolyoldaşlarımızla birlikdə suyun buz kimi şəffaflığını, təbiətin sərin nəfəsini hiss etdik.

Şurud kəndinə çatdıqda yerli camaatın qonaqpərvərliyini gördük. Kənddə bizi böyük mehribanlıqla qonaq etdilər. Süfrələrindəki hər tikə çörəkdə, hər isti təbəssümdə sanki öz yurdlarının, öz adət-ənənələrinin izi var. Burada yaşayan hər bir insan öz həyat hekayəsi ilə diqqət çəkirdi, lakin hamısını birləşdirən ortaq bir məqam var: torpağa bağlılıq.
Kənddə hər həyətdə mal-qaranın səsi eşidilir, qoyun-quzuların otlaqlarda gəzib-dolaşdığı görünürdü. Bu insanlar öz zəhmətləri ilə həm ailələrini dolandırır, həm də adət-ənənələrini yaşadırlar.
Heyvanların suvarıldığı kiçik bulaqlar, samanla dolu anbarlar – hamısı kənd həyatının bir parçasıdır. Burada zaman sanki təbiətin ritmi ilə axır. Gündüzlər çöl işləri, axşamlar isə ailəvi söhbətlərlə dolu bir yaşam tərzi mövcuddur. Bu mənzərə özündə bir harmoniya daşıyır.
Şurudda hər addımda bu torpağın zəhmətkeş insanlarının səmimiyyətini hiss edir, bir anlıq bu həyatdan ilham alırıq. Təbiət qədər təmiz və zəngin ruhu olan bu kənd bizə həm sakitlik, həm də keçmişin dərin izlərini yaşadır.

Şurud kəndində həmsöhbət olduğumuz Reyhan Qurbanovanın həyatı sanki gözlərimizin önündə film kimi canlanır. O, Qafan rayonunun Pəyhan kəndində doğulub. Onun xatirələri həm ağır, həm də ümidlə dolu idi: “Gördüklərimizdən yoldaşımla qərar verdik ki, kəndi tərk edək. 1988-ci ildə gəlib bu kəndə çatdıq. Çox çətinlik çəkdik, amma yavaş-yavaş həyatı yoluna qoyduq”.
Bir qədər fikrə gedib söhbətinə davam edir: “Yurdumuza qayıtmaq istəyirik, amma bura da artıq bizim evimizdir. Çox çətin günlər gördük, ancaq ən ağır itkilərimizi bu torpaqda yaşadıq”, – deyir.
Reyhan xanım göz yaşlarını saxlaya bilmir, 23 yaşında balasını torpağa tapşırması onu bu yerlərə bir daha bağlayıb... “Buranı çox sevirəm, amma yurd yerlərimizin həsrəti də bitib-tükənmir”, – deyir.

Şəhla Orucova da həmin dövrün ağrısını yaddaşında qoruyub saxlayanlardandır: “Qaçaqaç düşəndə bizim ailə bir qədər sakit vaxtda çıxdı. Amma bizdən sonra gələnlər çox əziyyət çəkdilər. O vaxt dağlardan keçərkən ermənilərin təqiblərinə şahid olduq. Hər addımda həyatımız təhlükə altında idi”, – deyə xatırlayır.
Şəhla xanımın söhbəti: “Bir qadın mal-heyvanını götürüb qaçmaq istəyərkən Qazangöl adlanan ərazidə ermənilər onu öldürüblər. Belə hadisələr bizim üçün böyük ağrıdır”.
Şəhla xanımın dediyi hər söz sanki bir yuxu kimi idi: “Evimizi, həyətimizi tez-tez yuxularımda görürəm. Orada anamın əkdiyi güllər, həyətimizdən axan çay, hər şey cənnət kimi idi”, – deyən Şəhla xanım sanki uzaqlara baxdıqca dağlar arxasında qalan yurd yerlərimizə uzanan həmin baxışlarla bizi də o torpaqların yerləşdiyi məkana aparırdı...
Şurud kəndinin küçələri, qonaqpərvər insanlar, gülən zaman qırışan gözlərin altında yatan qəmginlik...
Rasim Orucov da həmin baxışların sahiblərindəndir...
Qərbi Azərbaycanın Kurud kəndindən Culfa rayonunun Şurud kəndinə köçərkən həyatının necə dəyişdiyini danışır: “Bizim köçümüz atlarla oldu. Hərdən o vaxtların gözəlliyini xatırlayıram, amma yurd həsrəti çəkmək ağır dərddir. O torpaqlara qayıtmaq ən böyük arzumdur”.
Orucovlar ailəsinin ağsaqqalı, 1931-ci ildə dünyaya göz açmış, bu gün elin ağsaqqalı kimi tanınan Əli Orucov keçmişin izlərini öz xatirələrində yaşadır. Nəvələrini ətrafına toplayaraq keçmişdən süzülüb gələn nağıl kimi bir həyatı onlara danışır.
Səsi bəzən titrəyir, dərindən bir ah çəkərək deyir: “Buralar da vətəndir, amma ata-baba yurdumun hər daşını, hər ağacını görmək yeganə arzumdur”. Onun baxışlarında tükənməz bir həsrət, ümidlə qarışmış qürur gizlənib. Hər sözündə öz yurduna olan sevgisini, itirilmiş torpaqlarının acısını hiss edirik.
Əli babanın dərin qırışlarla bəzənmiş sifəti həyatın bütün çətinliklərini bir kitab kimi özündə ehtiva edir. Ümid dolu baxışları ilə sanki deyir: “Bir gün yenidən o yerlərə qayıdacağıq”. Bu həsrətli baxışlar  həm keçmişin ağırlığını, həm də gələcəyə olan inamı əks etdirir.
Hər kəsin hekayəsində keçmişin izləri var – sevinc, həsrət, kədər. Amma bütün bu xatirələrin arxasında tükənməyən bir ümid hiss olunur. Qərbi Azərbaycandan gələnlərin hər biri bu yurd həsrətini yaşatsa da, Culfa torpağında həyatlarını davam etdirmək üçün əzmlə çalışır, adət-ənənələrini yaşadırlar. Bütün bu hekayələr bir-birinə qarışıb sanki Azərbaycanın keçmişinin və gələcəyinin bir aynasına çevrilir.

Aidə İBRAHİMOVA
Rafiq TƏHMƏZ

 

Nəşr edilib : 08.02.2025 11:05