Nazir: Pakistan Azərbaycanla əməkdaşlığı daha da g...
17:23 04.11.2026
0
0
0
NAXÇIVAN :
04 Noyabr 2026, Çərşənbə
Bəzən həyatda ürəkdən arzuladığımız şeylərin gerçəkləşməyə başladığı an uşaqlığımızın birdəfəlik sona çatdığı vaxta təsadüf edir. Zaman keçir, böyüyürük. Həyat bizi heç xəyalımıza gətirmədiyimiz, bəzən isə bir addım belə atmaq istəmədiyimiz yollarla irəliləməyə məcbur edir. Sanki uşaqlığımızın bitdiyi o gündən etibarən ata-analarımızla aramızda görünməz bir yol ayrıcı yaranır. Onlar bizi həyatın naməlum cığırlarına yola salır, arxamızca baxaraq ən dəyərli məsləhətlərini pıçıldayırlar.
Artıq təksən… Həyatın qarışıq yollarında öz addımlarına, öz qərarlarına güvənməlisən. Bu, hər döngəsində, hər çətinliyində insanı yenidən qayğısız uşaqlıq illərinə qayıtmağa sövq edən uzun bir yoldur. Bəzən qar yollarını kəsir, fırtınalı küləklər səni irəliləməyə qoymur, iti daşlar ayaqlarını büdrədir. Çiyinlərindəki yük getdikcə ağırlaşır, sanki dağa çevrilir. Sən isə bu uzun yolun hər dayanacağında valideynlərinin vaxtilə verdiyi məsləhətləri xatırlayırsan. Onların illər ərzində qazandıqları həyat təcrübəsi dumanlı gecələrdə yoluna işıq salan fənərə çevrilir.
Bəzən qarşına yol yoldaşı olacaq insanlar çıxır. Kimi qəfil, iz qoymadan həyatından gedir, kimi fərqli arzuların arxasınca düşərək səninlə yollarını ayırır. Elələri də var ki, bütün çətinliklərə baxmayaraq, səninlə çiyin-çiyinə addımlamaqdan vaz keçmir. Həyat isə qarşında saysız-hesabsız yollar açır. Hər biri bir seçim, hər seçim isə yeni bir məsuliyyət deməkdir. Məhz onda anlayırsan ki, böyümək təkcə yaş almaq deyil, həm də tərəddüdlərlə üzləşmək, qərar vermək və verdiyin qərarların nəticələrini qəbul etməkdir.
Bəzən uzaqda qalan valideynlərin köhnə dayanacaqlardan sənə əl edir, məsləhətləri ilə yol göstərirlər. Bəzən isə onların səsini eşitsən də, öz bildiyin kimi hərəkət edirsən. Elə anlar da olur ki, bütün ehtiyatına baxmayaraq, yolunu azırsan. Həyat səni qaranlıq küçələrə aparır, qarşına peşmanlıq çıxarır, saysız-hesabsız “kaş ki”ləri şəxsi lüğətinə daxil edir. Sonra dönüb arxaya baxır, başqa cür davrana biləcəyin anları xatırlayırsan. Amma zaman geriyə qayıtmır, yaşananlar isə insanın yaddaşında iz buraxaraq onu dəyişdirir.
Bir müddət sonra başını qaldırıb uzaqlara baxırsan. Qarşında yenə çoxşaxəli yollar açılır. Həyatın lüğətinə yeni daxil olmuş “bəlkə” sözünə sığınıb yoluna davam edirsən. Hər yeni başlanğıcda bir ehtimal, hər ehtimalda bir ümid gizlənir. Elə bu ümid insanı yenidən ayağa qaldırır, tükənmiş gücünə güc qatır. Hər yeni yola qədəm qoyanda uzaqdan sənə əl edən valideynlərinin məsləhətlərini xatırlayırsan. Ancaq nə qədər yol göstərən olsa da, son nəticədə, addımlarını özün atmalı, öz seçimlərinin məsuliyyətini daşımalısan.
Bəzən yolun başlanğıcı gözqamaşdırıcı olur. Hər şey işıqlı, hər şey cəlbedici görünür. Qarşıda səni nələrin gözlədiyini, o parlaqlığın arxasında hansı qaranlıqların gizləndiyini isə əvvəlcədən görə bilmirsən. Addımlayırsan, inanırsan, ümid edirsən… Sonra yenə yanılırsan, yenə ağrıyırsan. Bəzən eyni səhvləri təkrar edir, eyni məyusluqları yenidən yaşayırsan. Zaman keçdikcə isə öyrənirsən. Həyatın sənə öyrətdiyi dərslər baxışlarını dəyişir, seçimlərini ehtiyatlı edir. Artıq bir yolun başlanğıcı həddindən artıq parlaq, vədləri həddindən artıq şirin görünəndə dayanıb düşünürsən. Bəzən hələ ilk addımını atmadan istiqamətini dəyişirsən. Çünki kifayət qədər azmısan, kifayət qədər yaralanmısan. Əvvəli şirin xəyallarla bəzədilən, sonu isə acı məyusluqla bitən yolları uzaqdan tanımağı öyrənmisən.
Hər yeni yol həyatına yeni anlayışlar, yaddaşına yeni xatirələr gətirir. Bəzən səni istəmədiyin ünvanlara aparır, əvvəllər tanımadığın ağrılarla üz-üzə qoyur. Ağır itkilərlə sınağa çəkir, ruhunun dözümünü yoxlayır, kədərin ən dərin qatları ilə tanış edir. Bir də baxırsan ki, çətinliklər həyatının daimi sakininə, sevinc, rahatlıq və xoşbəxtlik isə yalnız arabir qapını döyən qonaqlarına çevrilib. Belə anlarda insan bəzən yorulur, bəzən susur, bəzən də hər şeydən uzaqlaşıb uşaqlığının qayğısız günlərinə dönmək istəyir. Kaş ki, o günlərdəki kimi bir əlindən anan, digər əlindən atan tutaydı, sən də heç nə düşünmədən onların ardınca gedəydin…
Amma həyatın öz qanunları var. Zaman dayanmaq bilmir, yollar uzanır, insan isə istəsə də, istəməsə də irəliləyir.
Bir gün geriyə baxanda görürsən ki, vaxtilə valideynlərinin səni özünlə baş-başa buraxdığı həmin yol ayrıcına sən də gəlib çatmısan. Arxada qalan yollar, yaşadığın acılar, keçdiyin şaxtalar, boranlar səni dəyişdirib, yetkinləşdirib. Artıq səni yola salan deyil, başqalarını yola salan tərəfdəsən. İndi sən özündən sonrakı yolçuları həyatın sonsuzluğa uzanan yollarına uğurlayırsan. Onların arxasınca baxır, şirinli-acılı xatirələrini, büdrədiyin, yaralandığın, amma hər dəfə nəsə öyrəndiyin anlardan qazandığın dərsləri sakitcə pıçıldayırsan. Bəlkə də, vaxtilə valideynlərinin sənə etdiyi kimi…
İndi sən onların yollarında bir təcrübə dayanacağına, fırtınalı gecələrdə sığınacaqları işıqlı bir xatirəyə çevrilirsən. Onlar yolunu azanda sənin sözlərin yadlarına düşür, büdrəyəndə məsləhətlərin onlara dayaq olur. Sənin yaşadıqların onların həyatında bir xəbərdarlığa, bəzən bir təsəlliyə, bəzən də yeni başlanğıca çevrilir. Sən isə anlayırsan ki, insanın ömrü yalnız özü üçün keçdiyi yollardan ibarət deyil. Bu ömür həm də başqalarının yoluna işıq salmaq, yaşadıqlarından nəticə çıxarıb həmin təcrübəni gələcək nəsillərə ötürməkdir.
Kim bilir, bəlkə də, həyat dediyimiz bu qəribə qanunauyğunluq özü də bitib-tükənməyən yolların yolçusudur. Bəlkə, həyat da bizimlə birgə addımlayır, bizimlə birgə yanılır, biz azanda o da yolunu itirir, biz öyrəndikcə o da öz sirrini bir qədər açır. Bəlkə də, onun ən böyük hikməti elə bundadır: heç kim bu yola hər şeyi bilərək çıxmır, heç kim bütün sualların cavabını əvvəlcədən tapmır. Hər kəs öz yolunu gedə-gedə öyrənir, dəyişir, kamilləşir.
Və bir gün, zamanın uzaq dayanacaqlarından birində anlayırsan ki, yol, əslində, heç vaxt bitmir. Sadəcə, yolçular dəyişir, nəsillər bir-birini əvəz edir, arzular yeni ünvanlara yönəlir. Həyatın bizə öyrətdikləri, valideynlərimizdən miras aldığımız öyüdlər isə bir fənər kimi əldən-ələ ötürülür. Hər kəs özündən sonrakılara bir az işıq, bir az təcrübə, bir az da ümid qoyub gedir. Bəlkə də, insanın həyatda ən böyük qazancı elə budur: bir vaxtlar yolunu işıqlandıranların izini yaşatmaq və bir gün başqalarının yoluna işıq ola bilmək…
Yusif ƏHMƏDZADƏ
Jurnalistika ixtisasının II kurs tələbəsi
Digər xəbərlər