NAXÇIVAN :

29 Dekabr 2024, Bazar

Yeni il hədiyyəsi alarkən bunlara diqqət edin!

...

Yeni ilə sayılı günlər qalıb. Bu səbəbdən bütün marketlərdə, mağazalarda və hədiyyə dükanlarında yeni il ab-havası ilə dizayn edilmiş hədiyyə qutuları satışa çıxarılıb. Hansı ki həmin qutu və paketlərdə qida məhsulları da var. Bəs uşaqlara belə hədiyyələr alarkən nələrə diqqət etmək lazımdır?

Müsahibim, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucov deyir ki, yeni ilə aid hədiyyə qutularının istifadəçilərinin azyaşlılar olduğunu nəzərə alaraq hədiyyələrin seçilməsi və ya valideynlər tərəfindən hazırlanması zamanı son dərəcə diqqətli olmaq lazımdır. Belə ki, hədiyyə qutularını mağazalardan, yarmarkalardan və digər rəsmi satış yerlərindən almaq məsləhət görülür. Həmçinin bilmək lazımdır ki, belə qutuların üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qutuların qablaşdırılma tarixidir. Ona görə də istehlakçılara hədiyyə qutuları alarkən içərisindəki qida məhsullarının aydın və oxunaqlı şəkildə etiketlənməsinə, istehsal tarixinə, adına, əmtəə nişanına, xalis çəkisinə, qida dəyərliliyinə, həmçinin istehsalçı müəssisənin adına, ünvanına və digər məlumatlara diqqət yetirməsi tövsiyə olunur. Bununla yanaşı, hədiyyə qutularını alarkən onun qablaşdırılmasının deformasiya olunmadığına, əzilmədiyinə, korlanmadığına diqqət yetirilməlidir. Eyni zamanda qutuların içərisindəki məhsullar da diqqətdən yayınmamalıdır. Hədiyyə qutularının içinə xüsusi saxlanma şəraiti tələb edən, yüksək riskli məhsullar qrupuna aid qidalar, müvafiq temperatur rejiminə riayət edilmədiyi təqdirdə xarab olma ehtimalı yüksək olan yoqurtlar, kremli qənnadı və kəsmik içlikli məmulatlar yerləşdirilməməlidir.

Orxan Orucov onu da dedi ki, bayram günlərində sağlam qidalanmanın təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yeni il hədiyyə qutuları ilə bağlı aparılan monitorinqlər zamanı bəzi məhsullarda istehlakçı hüquqlarının pozulmasına səbəb olan faktlar aşkarlanmışdır. Lazımi tədbirlər görülmüşdür. Hazırda da bu məsələ ilə bağlı monitorinqlər davam etdirilir.

Həmçinin agentliyin şöbə müdiri qeyd edib ki, istehlakçılar öz hüquqlarından istifadə edərək ticarət yerlərindən aldığı yeni il hədiyyəsi qutularının içərisindəki məhsulların təhlükəsizliyini təsdiq edən sənədləri tələb edə bilər: Bəzi hallarda qutuların üzərində içərisindəki məhsullara dair siyahı yerləşdirilir. Siyahı olmadığı təqdirdə qutuların içərisindəki məhsullarla tanış olmaq üçün satıcıya müraciət etmək tövsiyə olunur. İstehlakçı məhsulu aldıqda mütləq şəkildə satıcıdan kassa qəbzini də tələb etməlidir. Eləcə də hədiyyə qutuları açılan zaman keyfiyyətsiz məhsullar aşkar edildiyi halda ticarət yerlərində həmin məhsullar keyfiyyətlisi ilə dəyişdirilməlidir.

Vurğulayaq ki, istehlakçılarda həm yeni il hədiyyə qutuları, həm də digər qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələr yaranacağı təqdirdə bu barədə agentliyin 545-28-83 nömrəsinə zəng edərək və ya rəsmi e-poçt ünvanına (info@nfsa.gov.az) yazaraq məlumat vermələri xahiş olunur.

Aygün RÜSTƏMOVA

Nəşr edilib : 28.12.2024 10:51