Azərbaycanın sosial media məkanında lider dəyişikl...
15:21 02.11.2026
0
0
0
NAXÇIVAN :
02 Noyabr 2026, Bazar ertəsi
Son illər Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi və “yaşıl enerji”yə keçidin sürətləndirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında da bu məqsədlə elektrik mühərrikli avtomobillər üçün doldurma məntəqələri quraşdırılıb. Ancaq infrastrukturun yaradılması ilə onun real istifadəyə hazır olması arasında fərq var. Muxtar respublikada quraşdırılmış bəzi elektrik doldurma məntəqələrinin fəaliyyət göstərməməsi isə bu sahədə görülən işlərin səmərəliliyi ilə bağlı suallar doğurur.
Məsələnin mahiyyətini aydınlaşdırmaq üçün aidiyyəti qurumlara müraciət etdik. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rauf Əliyev bildirdi ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təsdiq edilmiş Tədbirlər Planına əsasən Naxçıvan şəhərində, eləcə də Şərur, Ordubad və Şahbuz rayonlarında, ümumilikdə, 10 elektrik doldurma stansiyası quraşdırılıb. Onun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən həmin stansiyalar ilin əvvəlinədək “Azərişıq” ASC-nin balansına təhvil verilib.
Beləliklə, nazirliyin açıqlamasından məlum olur ki, stansiyaların quraşdırılması və təhvil verilməsi ilə bağlı işlər görülüb. Lakin onların faktiki istismara hazır olub-olmaması, hansı tarixdən istifadəyə verilməsinin nəzərdə tutulması və bu prosesdə yaranan gecikmələrin səbəbləri açıq qalır.
“Azərişıq” ASC-nin sorğumuza cavabında isə bildirilir ki, regionlarda, o cümlədən Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində elektrik doldurma məntəqələrinin quraşdırılması davam etdirilir. Qurumun məlumatına əsasən muxtar respublikada indiyədək, ümumilikdə, 15 belə məntəqə quraşdırılıb.
Cavabda, həmçinin qeyd olunur ki, qurumun balansına yeni verilmiş, lakin hələ istismara buraxılmamış məntəqələrin fəaliyyətə başlaması üçün zəruri texniki və təşkilati tədbirlər görülməlidir. Buraya elektrik şəbəkəsinin imkanlarının qiymətləndirilməsi, kabel xətlərinin çəkilməsi və mühafizə avadanlıqlarının quraşdırılması daxildir. “Azərişıq” ASC həmin qurğuların yüksək gücə malik, sürətli enerji doldurmanı təmin edən və “yaşıl enerji” ilə dəstəklənən sistemlər olduğunu da vurğulayır.
Lakin açıqlamalar əsas suallara tam aydınlıq gətirmir: əgər doldurma məntəqələrinin fəaliyyətə başlaması üçün əlavə texniki işlərə ehtiyac var idisə, bu tələblər quraşdırmadan əvvəl niyə tam nəzərə alınmayıb? Stansiyaların şəbəkəyə qoşulması və istismara verilməsi üçün konkret hansı işlər görülməlidir? Bu işlərin başa çatdırılması üçün müəyyən edilmiş müddət varmı?
Dövlət Proqramı çərçivəsində yaradılan infrastrukturun uzun müddət istifadəsiz qalması, şübhəsiz ki, görülən işlərin səmərəliliyi baxımından ciddi müzakirə mövzusudur. Çünki belə layihələrin nəticəsi yalnız avadanlıqların quraşdırılması və ya balans mənsubiyyətinin dəyişdirilməsi ilə deyil, onların əhali üçün əlçatan və işlək olması ilə ölçülməlidir.
Problemin digər tərəfi isə sürücülərin gündəlik qarşılaşdıqları çətinliklərdir. Naxçıvanda taksi fəaliyyəti ilə məşğul olan Araz Yusifzadə bildirir ki, elektrik mühərrikli avtomobillərdən, xüsusilə “BYD” markalı nəqliyyat vasitələrindən istifadə edən sürücülər üçün uyğun doldurma imkanları yetərli deyil. Onun sözlərinə görə, ictimai doldurma məntəqələrindən yararlanmaqda çətinlik çəkən sürücülər evlərində xüsusi elektrik xətti çəkdirməyə və bunun üçün şəxsi vəsait xərcləməyə məcbur olurlar.
Sürücü qeyd edir ki, mövcud və ya quraşdırılan məntəqələrin bəziləri “Changan” markalı avtomobillər üçün nəzərdə tutulub, lakin geniş istifadə olunan “BYD” modellərinin ehtiyacları məsələsi də diqqətdə saxlanılmalıdır.
Bu məqam elektromobil infrastrukturunun planlaşdırılması zamanı təkcə məntəqələrin sayının deyil, onların texniki uyğunluğunun da nəzərə alınmasının vacibliyini göstərir. Müxtəlif avtomobillərin enerji doldurma standartları və güc tələbləri fərqlənə bildiyindən, infrastrukturun real istifadəçi tələbatına uyğun qurulması xüsusi əhəmiyyət daşıyır. Məntəqələrin sayının artırılması ilə yanaşı, onların hansı avtomobillərə xidmət göstərdiyi, harada yerləşdiyi və gün ərzində nə dərəcədə əlçatan olduğu da nəzərə alınmalıdır.
Elektromobillərdən istifadənin təşviqi yalnız ekoloji çağırışlarla məhdudlaşmamalıdır. Bu nəqliyyat vasitələrini seçən vətəndaşlar üçün əlverişli enerji doldurma şəraiti yaradılmadıqda, onların gündəlik fəaliyyəti çətinləşir, əlavə xərclər yaranır və yeni texnologiyaya maraq azalır. Belə şəraitdə, “yaşıl nəqliyyat”a keçid siyasətinin gözlənilən nəticələrini əldə etmək də çətinləşir.
Məsələnin həlli üçün, ilk növbədə, Naxçıvanda quraşdırılmış elektrik doldurma məntəqələrinin dəqiq sayı, onların yerləşdiyi ünvanlar, hazırda işlək olanların sayı və istismara verilməyənlərin vəziyyəti barədə ictimaiyyətə aydın məlumat təqdim edilməlidir. Eyni zamanda texniki işlərin nə vaxt yekunlaşacağı, məntəqələrin hansı avtomobil modelləri ilə uyğunluq təşkil etdiyi və yeni məntəqələrin harada quraşdırılacağı açıqlanmalıdır.
Nəticə etibarilə, Naxçıvanda elektrik doldurma infrastrukturunun inkişafı istiqamətində müəyyən işlər görülsə də, onların real səmərəsi məntəqələrin işləkliyi və sürücülərin ehtiyaclarını nə dərəcədə qarşılaması ilə müəyyən olunacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və “Azərişıq” ASC-nin açıqlamalarında göstərilən 10 və 15 rəqəmləri arasındakı fərq də aydınlaşdırılmalıdır: bu göstəricilər fərqli layihələri, yoxsa ayrı-ayrı dövrlərdə quraşdırılmış məntəqələri əhatə edir?
“Yaşıl enerji” hədəflərinə çatmaq üçün yalnız avadanlıq quraşdırmaq kifayət deyil. Əsas məsələ həmin avadanlıqların vaxtında istismara verilməsi, texniki baxımdan əlçatan olması və vətəndaşların gündəlik ehtiyaclarına cavab verməsidir. Əks halda kağız üzərində mövcud olan infrastruktur real həyatda gözlənilən faydanı verməyəcək.
Elnurə CƏFƏROVA
Digər xəbərlər