NAXÇIVAN :

07 Iyul 2026, Çərşənbə axşamı

“Yaşıl Enerji Dəhlizi” Azərbaycan-Avropa əlaqələrində yeni inkişaf mərhələsinin əsasını yaradacaq

...

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasındakı enerji əməkdaşlığı yalnız xam neft və təbii qaz ixracı ilə məhdudlaşmır. Azərbaycanın coğrafi mövqeyi və onun tranzit imkanları da Aİ rəsmilərini düşündürür və perspektivdə yeni layihələrin reallaşacağı gözlənilir.

"Şərq qapısı" xəbər verir ki, Avropanın ötən il ərzində enerji təminatında yaranan problem Brüsseli yeni tərəfdaşlar və artan enerji tələbatını ödəmək üçün imkanlar axtarmağa vadar edib. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına üzv 10 ölkəni təbii qazla təmin edərək qitənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycanın tranzit imkanları da Aİ-nin diqqətindən yayınmır və yeni layihələrin həyata keçirilməsi istiqamətində rəsmi Bakının atdığı addımlar dəstəklənir. Söhbət əsasən Xəzər-Qara Dəniz-Avropa “Yaşıl Enerji Dəhlizi”ndən gedir.

Azərbaycan Prezidenti İlham Əliyevin enerji siyasətinin uğurları ölkənin iqtisadi inkişafına müsbət təsiri və qlobal siyasi proseslərdə ölkəmizə dəstiyi də nümayiş etdirir. İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin mətbuat üçün verdiyi bəyanatda səsləndirdiyi “Azərbaycan gələcəyin enerjisinə sərmayə yatırır. Xəzər dənizində külək enerjisini istehsal etmək kimi planlarınız var. Sizin təmiz elektrik enerjisi qovşağına çevrilmək üçün həm planınız, həm potensialınız var. Bu da Avropa İttifaqının özünün təmiz enerjiyə keçid prosesi ilə tamamilə uzlaşır. Beləliklə biz bərpaolunan enerji mənbələri, elektrik enerjisinin qarşılıqlı nəqli və regional enerji şəbəkələri kimi sahələrdə əməkdaşlığımızı dərinləşdirmək üçün nəhəng potensialı görürük. Azərbaycanı Avropa İttifaqı ilə birləşdirən “Yaşıl Enerji Dəhlizi”ni qurmaq üçün planlarınızı alqışlayırıq. Bərpaolunan enerji mənbələrinin daha çox istehsalı ixrac üçün daha artıq qaza qənaət edə və qonşularla bölüşərək regional enerji təhlükəsizliyini gücləndirə bilər” fikiri heç də təsadüfi xarakter daşımırdı. Burada söhbət Aİ-nin Azərbaycan Prezidentinin müəllifi olduğu layihənin dəstəklənməsindən, maliyyə vəsaiti ayrılmasından gedir. Mərkəzi Asiya və Azərbaycanda istehsal olunan alternativ enerjinin Avropaya çatdırılması regiona iqtisadi dividentlər və siyasi zəmanət qazandıracaq.

Hələ 2024-cü il noyabrın 13-də Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri İlham Əliyev, Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevin üçtərəfli görüşü zamanı “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sənəd Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini nəzərdə tutur. Sazişdə Xəzər dənizində qiymətləndirilən 500 QVt-dan çox külək enerjisinin Azərbaycan üzərindən Avropaya nəqli nəzərdə tutulur. Hazırda Xəzər dənizi bərpaolunan enerji mənbələri üzrə ən böyük ehtiyatlara malikdir. Təkcə Xəzər dənizinin Azərbaycana aid hissəsində külək enerji istehsalı üçün təxminən 157 QVt güc var. Eləcə də Qazaxıstan sektorunda da günəş və külək stansiyaları üçün zəngin resurslar var ki, hazırda bu sahədə infrastrukturlar yaradılır. Bu ölkənin külək potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, günəş enerjisi isə 1 trilyon kilovat/saatdır. Yaxud Özbəkistanın Asiya çöllərində günəş enerjisi üçün resurslar xeyli böyükdür, külək enerjisinin potensialı 520 QVt, günəş enerjisinin potensialı isə 2 trilyon 58 milyard kilovat/saat təşkil edir. Bu isə Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl enerji gücünün səfərbər olunması üçün imkanları artırır. Bu imkandan istifadə edib istehsal olunan enerjini Avropaya nəql etmək təkcə iqtisadi deyil, həm də siyasi baxımdan region dövlətlərinin milli maraqlarına cavab verir.

Göründüyü kimi, həm Mərkəzi Asiyanın, həm də Azərbaycanın böyük alternativ enerji istehsalı potensialı var. Bu potensial həmişə mövcud olub. Lakin ondan istifadə edərək dünya enerji bazarına çıxmaq haqqında ideyanı yalnız Prezident İlham Əliyev kimi xalqına və dövlətinə bağlı olan lider irəli sürə bilərdi. Məsələ heç də ideya təklifində deyil, onu reallaşdırmaq bacarığındadır. Bu gün Azərbaycanın çoxvektorlu xarici siyasəti Avropa liderlərini ölkəmizə gəlib Prezident İlham Əliyevə təşəkkür etməklə müşahidə olunur.

Azərbaycan Prezidenti bu istiqamətdə artıq mütərəqqi addımlar atıb. Məhz dövlətimizin başçısının təşəbbüsi ilə Azərbaycanda ilk dəfə olaraq, ümumi gücü 250 meqavat olan Abşeron Batareya Enerji Saxlanc Mərkəzi bu ilin mart ayında istismara verilib. Bu mərkəz bərpaolunan enerjini tənzimləməklə “AzərEnerji”nin şəbəkəsini daha dayanıqlı edir. Eyni zamanda, Ağdaş rayonunda da oxşar mərkəzin işə salınması planlaşdırılır.

İmzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər 6, 2032-ci ilə qədər isə ümumilikdə 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-dək kiçik su elektrik stansiyası inşa olunub. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur.

Azərbaycan bu qədər həm istehsal, həm də tranzit potensialı ilə bu gün Avropanın diqqətini çəkərək əməkdaşlıq əlaqələrini artırır. Perspektivdə “Yaşıl Enerji Dəhlizi”nin həyata vəsiqə almaq imkanı var ki, bu da Azərbaycan-Avropa əlaqələrində yeni inkişaf mərhələsinin əsasını yaradacaq.

Nəşr edilib : 06.07.2026 12:14