NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

“YAŞAT” Fondu Avropada şəhid övladları üçün “Yay məktəbi” təşkil edib

...

Artıq üçüncü ildir ki, “YAŞAT” Fondu tərəfindən Avropada şəhid övladları üçün yay məktəbi təşkil olunur. Həmin layihə bu il də ötənilki kimi London Universitet Kollecinin nəzdində reallaşdırıldı. Həmin universitet dünyada ən reytinqli 10 universitetdən biri hesab olunur. Layihə iştirakçıları 9-cu sinfin buraxılış imtahanlarında ən yüksək nəticə əldə etmiş 10 şəhid övladından ibarət oldu. İki həftə davam edən layihənin əsas məqsədi şəhid övladlarının dil biliklərini artırmaq, onları yeni mədəniyyətlərlə tanış etmək, yeni dostluqlar, tanışlıqlar qazanmalarına dəstək olmaqdır.

“Şərq qapısı” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “YAŞAT” Fondunun nümayəndəsi Əhyə Salamova deyib. Onun sözlərinə görə, üçillik təcrübə onu göstərir ki, uşaqlar həmin layihədə iştirak etmək üçün dərslərinə çox ciddi hazırlaşır, imtahanda yüksək nəticə əldə etməyə çalışırlar. Bu da layihənin görünməyən tərəflərini üzə çıxarmış olur və uşaqlara motivasiya verir: “Bu cür layihələrin gələcəkdə də keçirilməsi planlaşdırılır və arzuolunandır. Bununla bağlı hər zaman tərəfdaşlarımızın da dəstəyini gözləyirik. Builki layihəmiz 14 gün davam etdi. Şəhidlərimizin övladları proqram daxilində Londonun bütün gəzməli-görməli yerlərində ekskursiyalarda oldu, ingilis dili dərslərində iştirak etdilər. Eyni zamanda həftə sonları Kembric və Kenterveri şəhərlərinə səyahət etdilər”.

Vətən müharibəsi şəhidi baş leytenant Hacı Rauf Əsgərovun qızı Ruqəyya Əsgərova yay məktəbinin maraqlı keçdiyini diqqətə çatdırıb: “Bu ilki “Yay məktəbi”ndə Londonun, demək olar ki,böyük bir hissəsini gəzmək şansımız oldu. Bununla yanaşı, hər gün bizə dərslər keçirilirdi. Həmin dərslər də çox maraqlı və faydalı oldu. Bu dərslər sayəsində həm ingilis dili səviyyəmiz artdı, həm də dünyagörüşümüz genişləndi.

Orada yalnız ingilis dilində danışılırdı çünki iştirakçıların hamısı xarici ölkələrdən idi. Mən artıq 10-cu sinfə keçmişəm. “YAŞAT” Fondunun yay düşərgələri əvvəlki illərdə Azərbaycanın müxtəlif bölgələrində təşkil olunurdu. Lakin bu dəfə 9-cu sinif imtahanlarında yüksək bal toplayan şagirdləri xaricə apardılar. Belə şagirdlərdən biri olduğum üçün özümü çox xoşbəxt və qürurlu hiss edirəm”.

Digər müsahibimiz Zaqataladan gələn şəhid Abakar Hacıyevin qızı Elvira Hacıyeva deyir: “Bu düşərgə mənim üçün çox gözəl və unudulmaz keçdi. Həm dəyərli bir təcrübə qazandım, həm də dünyagörüşümə böyük təsir göstərdi. Düşərgə zamanı biz müxtəlif tarixi yerləri ziyarət etdik, Londonda görməli yerlərlə tanış olduq və şəhərin tarixi haqqında maraqlı məlumatlar öyrəndik. Muzeylərə getdik, “Big Ben”i gördük. Həmçinin ingilis dili dərslərinə qatıldıq. Bu dərslərdə yalnız biz yox, müxtəlif ölkələrdən gəlmiş şagirdlər də iştirak edirdi. Bu isə bizə yeni dostlar tapmaq və mədəniyyətlərarası ünsiyyət bacarığımızı inkişaf etdirmək imkanı yaratdı. Mən həmişə kitablarda London haqqında oxuyur, şəkillərinə baxır və bir gün oranı görməyi arzulayırdım. Bu arzumun gerçəyə çevrilməsi mənim üçün çox böyük sevinc və dəyərli bir həyat təcrübəsi oldu. Bundan əvvəl də bir çox düşərgələrdə iştirak etmişəm və qeyd etmək istəyirəm ki, dövlətimiz biz şəhid ailələrinə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır. Bütün bunlara görə minnətdarlığımı bildirirəm”.

Abakar Hacıyevin qaynanası Fatimat xanımda öz fikirlərini bizimlə bölüşür: Mənim balalarım heç vaxt diqqətdən kənarda qalmayıb. Hər il “YAŞAT” Fondu tərəfindən onlar yay düşərgələrinə və yay məktəblərinə qatılıblar. Böyük nəvəm Hacı Hacıyev 2 il əvvəl Almaniyada yay məktəbində iştirak edib və 10 gün orada olub. Bu il isə Hacı Hacıyev Lənkəranda təşkil olunan yay düşərgəsində iştirak etdi. Digər nəvəm Elvira Hacıyeva isə Londona səfər etdi. O, 10 nəfər seçilmiş şagirddən biri idi və respublika üzrə ən yüksək ballardan birini təxminən, 290 bal toplamışdı. Şəhid övladlarına göstərilən bu diqqət və qayğıya görə minnətdarıq. Bu işdə əməyi keçən hər kəsə sonsuz təşəkkür edirik”.

Nəşr edilib : 06.08.2025 18:09