Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə ...
19:35 14.12.2025
0
0
0
NAXÇIVAN :
14 Dekabr 2025, Bazar
Həmişə çəkdiyi portretlərə, rəsm əsərlərinə və eləcə də teartrlarda səhnə dekorasiyalarına heyranlıqla baxdığım Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Səyyad Bayramovun rəngarəng əsərlərlə dolu emalatxanasına qonaq olduq. Burada hər biri tamaşaçıya ecazkar hisslər aşılayan portretlərlə rastlaşdıq. Rəssamın illərdir, kətanlara sığdırmağa çalışdığı yaradıcı dünyası bizimlə dil açıb danışırmış kimi gördüklərimizi sətirlərə köçürməyə sövq etdi.
Məlumat üçün bildirək ki, Səyyad Bayramov 1958-ci ilin noyabr ayında Şahbuz rayonunun Keçili kəndində anadan olub. Kənd tam orta məktəbini bitirdikdən və hərbi xidmətini başa vurduqdan sonra 1979-83-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1987-ci ildən Naxçıvan teatrında quruluşçu rəssam vəzifəsində çalışır. Burada fəaliyyət göstərdiyi 38 il ərzində Səyyad Bayramov 40-dan artıq tamaşaya bədii tərtibat verib. Səyyad müəllim ömrünü, demək olar ki, teatr tamaşaları üçün hazırlanmış səhnə dekorasiyalarına həsr edib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun “Naxçıvan teatrında rəssam işi” adlı monoqrafiyasında oxuyuruq: “Onun quruluş verdiyi tamaşalardakı dekorasiyalar müəllif və rejissor fikri ilə vəhdət təşkil etdiyindən müvəffəqiyyətli alınır... Hüseyn Cavidin “Topal Teymur”, Nəriman Nərimanovun “Nadir şah”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan”, Nazim Hikmət və Vera Tulyakovanın “Kor padşah”, Viktor Hüqonun “Edama məhkumun son günü”, Həsənəli Eyvazlının “Araz sahilində doğan günəş” və sair tamaşalar bu qəbildəndir. Rəssamın tərtibatında romantik duyum nə qədər parlaq şəkildə ifadə edilirsə, reallıq, dəqiqlik kimi anlayışlar da bir o qədər ifadəli və nəzərəçarpacaq dərəcədə rənglərin dili ilə tamaşaçıya çatdırılır”.
Emalatxanaya gəlmişkən biz də molbertin önündə, rəssamın yanında dayanıb onunla söhbətə başlayırıq. Kətan üzərində Özbəkistanın tarixi abidələrini həkk edir. Deyir ki, ancaq ən çox sevdiyi portret janrıdır: “Portret çəkərkən sanki ruhum dincəlir, yorulmaq bilmirəm...”
Səyyad Bayramovun çəkdiyi portretlər içərisində görkəmli şəxsiyyətlər xüsusi yer tutur. Onlardan “Ulu Öndər Heydər Əliyevin portreti”, “Ölkə başçısı İlham Əliyevin portreti”, “Ustad Şəhriyarın portreti”, “Atatürkün portreti”, “Məmməd Arazın portreti”, “Üzeyir Hacıbəylinin portreti”, “Azərbaycan Respublikasının Milli Qəhrəmanı Polad Həşimovun portreti” və başqalarını misal çəkmək olar. Bu portretlərdə istedadlı rəssam öz qəhrəmanlarının xarakter cizgilərini elə təbii boyalarla işləyib ki, həmin rəsmlərə uzunömürlülük bəxş olunub. Rəssam estetik düşüncələrini bağlandığı sənətin gücü ilə kətana köçürür, tanıdığımız o insanların öz daxili – mənəvi dünyası ilə tamaşaçıya həmin qəhrəmanların keçdiyi şərəfli yolu xatırladır. Bu da rəssamın öz sənətinə bağlılığının, istedad və bacarığının ifadəsi kimi diqqət çəkir. Bunu Səyyad Bayramovun digər rəsmlərində də görmək olur.
Qeyd edək ki, rəssamın portretlərlə yanaşı, həm də gözoxşayan natürmortları, təbiət mənzərələri də var. Bu əsərlərdə yeddi rəngin yaratdığı harmoniya təbiətin bir parçası kimi vəhdət təşkil edir. Təbiət mənzərələri arasında muxtar respublikamızın ecazkar gözəlliyini, tarixi abidələrini əks etdirən tablolar rəssamın yaradıcı dünyasını daha da zəngin edir. Tarixi abidələrimizdən Möminə xatun, Yusif Küseyir oğlu türbəsi, Gülüstan türbəsi, Qarabağlar türbəsi və başqalarını misal çəkmək olar. Kətana köçürülmüş rəng çalarları qədim diyarımızın gözəlliyini bir daha tamaşaçılara təqdim etmiş olur.
Onu da vurğulayaq ki, Səyyad Bayramov qəlbən bağlandığı rəssamlıq sənətini bu gün Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil olunmuş dərnəkdə məktəblilərə də öyrədir. Bu işdən zövq alır: “Düşünürəm ki, bu gün rəssamlığın ilkin sirlərinə yiyələnməyə çalışan bu uşaqlar sabahın tanınmış rəssamları ola bilərlər”.
Bu gün də Səyyad Bayramov öz sənəti ilə elə bir vaxtını yaşayır. Dönüb dünənə baxanda onun ötən illəri səmərəli başa vurduğunu anlayırsan. Əlli ilə yaxın bir dövrdə onun yaratdıqları əsərlər təsviri incəsənətimizin, teatrımızın ən gözəl əsərləri sırasındadır. Yəni yaşanmış ömür hədər getməyib.
Aidə İBRAHİMOVA
Digər xəbərlər