NAXÇIVAN :

28 Iyul 2026, Çərşənbə axşamı

Yaponiya parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də

...

Yaponiya parlamentinin Müşavirlər Palatasının üzvü Miçiro İşibaşinin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

Həmçinin “ASAN xidmət”in 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi vurğulanıb.

Hazırda ölkəmizin qabaqcıl təcrübəsinin 35-dən çox ölkəyə ixrac olunması istiqamətində fəaliyyətin həyata keçirildiyi diqqətə çatdırılıb.

Səfər çərçivəsində qonaqlar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, “Bilim Bakı” mərkəzinin və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.

Nəşr edilib : 28.07.2026 16:37