Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci meda...
18:53 08.10.2026
0
0
0
NAXÇIVAN :
08 Oktyabr 2026, Cümə axşamı
Müstəqillik tariximizdə xüsusi yeri olan Yeni Azərbaycan Partiyası ölkənin mürəkkəb tarixi sınaqlardan keçdiyi bir dövrdə formalaşaraq sonrakı illərdə Azərbaycanın siyasi həyatının əsas iştirakçılarından birinə çevrilmişdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və onun siyasi məktəbini uğurla davam etdirən partiyanın sonrakı dövrlərdə də fəaliyyətinin əsas istiqamətləri ölkədə siyasi sabitliyin möhkəmləndirilməsi, hərtərəfli inkişaf və milli maraqların qorunması olub. Ötən müddət ərzində Yeni Azərbaycan Partiyası öz sıralarını genişləndirib, dövlətçiliyimizin inkişafına mühüm töhfələr verib.
Bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ölkənin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Yeni ictimai-siyasi vəziyyətdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2 oktyabr 2026-cı il tarixdə keçirilən VIII Qurultay gələcək inkişaf prioritetlərini ortaya qoydu. Dövlət başçısı qurultayda proqram xarakterli geniş çıxış edərək ölkənin və partiyanın keçdiyi tarixi yola nəzər salmaqla yanaşı, Azərbaycanın qarşıdakı dövrdə inkişafının əsas istiqamətlərini də diqqətə çatdırdı. Cənab Prezidentin çıxışından aydın oldu ki, əgər əvvəlki mərhələdə Azərbaycanın qarşısında duran əsas məsələ işğal altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpası idisə, bu gün qarşıda yeni hədəflər dayanır. Əsas məqsədlər əldə etdiyimiz zəfəri davamlı inkişafa çevirmək, azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərini davam etdirmək və insanların öz ata-baba yurdlarına ləyaqətli qayıdışını təmin etməkdir. Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafı da ölkənin ümumi inkişaf strategiyasının bir parçasıdır.
Qurultayda təhlükəsizlik və müdafiə qabiliyyətinin daha da gücləndirilməsi qarşıdakı dövrün mühüm vəzifələrindən biri kimi göstərildi. Dünyada geosiyasi proseslərin sürətlə dəyişməsi, müxtəlif regionlarda münaqişələrin davam etməsi dövlətlərin təhlükəsizlik məsələlərinə münasibətini də dəyişir. Bu baxımdan, Azərbaycanın hərbi potensialının gücləndirilməsi yalnız hərbi məqsəd daşımır, həm də ölkənin əldə etdiyi sülh və sabitliyin qorunmasına xidmət edir. Prezident çıxışında gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün 9 milyard manata yaxın vəsait nəzərdə tutulduğunu bildirdi.
Dövlət başçısı Azərbaycanın yeni geosiyasi reallıq şəraitində təhlükəsizliyinin təmin edilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi və müstəqil xarici siyasət kursunun davam etdirilməsinin vacibliyini də vurğuladı. Müasir dünyada təhlükəsizlik məsələlərinin aktuallığının artdığı bir vaxtda Azərbaycanın sabitlik və əmin-amanlığının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Prezident İlham Əliyev bu məsələyə toxunaraq dedi: “Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq, görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu bizim reallıqlarımızdır. Ona görə təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır. Ölkə daxilində hər hansı risklər mövcud deyil – nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa. Bütün risklər hüdudlarımızın kənarında formalaşır”. Cənab Prezident xüsusi vurğuladı ki, partiya fəalları ideoloji işdə aktiv olmalı, ölkəmizdə gedən proseslərin, quruculuq işlərinin müasir dövrün tələblərinə uyğun şəkildə təbliğində fəal iştirak etməlidirlər.
Qurultayda Azərbaycanın qarşıdakı dövrdə iqtisadi inkişafı ilə bağlı prioritetlər də geniş yer aldı. İqtisadiyyatın şaxələndirilməsi, investisiyaların artırılması, enerji və nəqliyyat imkanlarından daha səmərəli istifadə, yeni istehsal sahələrinin yaradılması və insan kapitalının inkişafı qarşıda duran əsas vəzifələr sırasında göstərildi.
İnvestisiya siyasətinin nəticələri də Azərbaycanın iqtisadi potensialına beynəlxalq marağın artdığını göstərir. Prezident İlham Əliyev son iki ildə keçirilmiş Azərbaycan Beynəlxalq İnvestisiya forumlarında imzalanmış investisiya kontraktlarının ümumi həcminin 20 milyard dollardan çox olduğunu bildirdi. Bu, Azərbaycanın iqtisadi potensialına beynəlxalq investorların marağının artdığının göstəricilərindən biridir.
Ölkə başçısının çıxışında enerji məsələləri də ayrıca bir başlıq kimi diqqəti cəlb etdi. Azərbaycanın enerji potensialı gələcək inkişaf strategiyasının mühüm dayaqlarından biri olaraq qalır. Qeyd olundu ki, Azərbaycan nadir ölkələrdəndir ki, dünya miqyasında bütün növ enerji resurslarını istehsal edir. Neft və qaz ehtiyatları ilə yanaşı, neft məhsulları, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə istehsalı ölkənin regional və beynəlxalq enerji bazarlarında rolunu müəyyənləşdirən amillər sırasındadır. Prezident çıxışında enerji resurslarına tələbatın artması fonunda Azərbaycanın enerji təhlükəsizliyi baxımından əhəmiyyətinin yüksəldiyini qeyd etdi. Bununla yanaşı, Azərbaycanın qarşıdakı illərdə iqtisadi inkişafını yalnız enerji amili üzərində qurması mümkün deyil. Dünya iqtisadiyyatında baş verən dəyişikliklər göstərir ki, dayanıqlı inkişaf üçün iqtisadiyyatın şaxələndirilməsi, innovasiyaların tətbiqi, rəqəmsallaşma, insan kapitalının inkişafı və yeni texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu mənada, investisiya siyasətinin əsas məqsədlərindən biri ölkəyə kapital gətirməklə yanaşı, müasir texnologiyaların və yeni idarəetmə təcrübələrinin də gətirilməsinə şərait yaratmaq olmalıdır.
Prezident İlham Əliyev Azərbaycanın gələcək inkişafında nəqliyyat və logistika imkanlarının əhəmiyyətindən də danışdı. Həmçinin Qarabağ və Şərqi Zəngəzurun bərpasının qarşıdakı illərin ən böyük quruculuq layihələrindən biri olacağını qeyd etdi. Bütün bunlarla yanaşı, çıxışda qeyd olundu ki, sosial rifah məsələsi də gələcək inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Prezident çıxışında minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bildirdi və sosial siyasətin davam etdirilməsini iqtisadi inkişafla əlaqələndirdi.
Beləliklə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı həm Azərbaycanın, həm də partiyanın müasir siyasi tarixində mühüm hadisə kimi yadda qaldı. Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan öz qarşısında duran tarixi vəzifələrin bir çoxunu reallaşdıraraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələdə əsas vəzifələr əldə edilmiş nailiyyətlərin qorunması və möhkəmləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpasının davam etdirilməsi, ölkənin iqtisadi potensialının daha da gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi və sosial rifahın yüksəldilməsidir. Prezidentin qurultayda səsləndirdiyi mesajların ümumi məzmunu da göstərir ki, qarşıdakı dövr üçün əsas məqsədlərdən biri güclü, təhlükəsiz və iqtisadi baxımdan daha dayanıqlı Azərbaycanın formalaşdırılmasıdır. Bu baxımdan, VIII Qurultay yalnız partiyanın qarşıdakı fəaliyyət istiqamətlərini deyil, zəfərdən sonrakı dövrdə Azərbaycanın inkişafının əsas prioritetlərini də aydın şəkildə ortaya qoydu.
Nuray ƏLİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
filologiya elmləri doktoru
Digər xəbərlər