NAXÇIVAN :

24 Yanvar 2025, Cümə

Yanğın təhlükəsizliyimizi necə təmin edək?

...

Müsahibimiz polkovnik leytenant Şıxəli Əliyevdir

Son illərdə Naxçıvan şəhərində və ətraf bölgələrdə yanğın hadisələrinin artdığı müşahidə olunur. Xüsusilə qış aylarında istilik sistemlərinin intensiv istifadəsi ilə əlaqədar yanğınların baş vermə halları daha da çoxalmaqdadır. Bu məsələyə diqqət yetirmək məqsədilə “Şərq qapısı” qəzeti olaraq Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarət İşinin Təşkili şöbəsinin rəisi, polkovnik leytenant Şıxəli Əliyevlə həmsöhbət olduq:
– Qış mövsümündə yanğın hadisələrinin artmasının səbəbləri nə ilə əlaqədardır?
– Statistikaya əsasən qış mövsümündə havaların soyuması ilə istilik sistemlərinə tələbat artır. Bunun nəticəsində elektrik və qaz təsərrüfatından daha çox istifadə olunur ki, bu da yanğınların baş vermə ehtimalını yüksəldir. Təəssüf ki, bəzi hallarda təhlükəsizlik qaydalarına əməl edilmədiyindən yanğınlar baş verir. Bundan əlavə məsuliyyətsizliklərin baş vermə halı da çox olur. Azyaşlı uşaqların evdə təkbaşına buraxılması zamanı yanğın hadisələrinin baş verməsi halları da yanğın səbəbləri sırasındadır. Lakin məqsədimiz yanğınların sayını minimuma endirmək və insan itkilərinin qarşısını almaqdır.
– Yanğın təhlükəsizliyi üçün hansı qabaqlayıcı tədbirlər görülür?
– Hər il qış mövsümünün başlanğıcı ilə əlaqədar Dövlət Yanğın Nəzarəti İdarəsi nəzarət və təbliğat tədbirləri həyata keçirir. Əhali arasında maarifləndirmə işləri aparılır, yaşayış binalarına və fərdi evlərə baxış keçirilir. Biz insanlara odla ehtiyatlı davranmağı, elektrik və qaz cihazlarının düzgün quraşdırılması və istismar edilməsini izah edirik. Həmçinin yüksək mərtəbəli binaların yanğın təhlükəsizliyini təmin etmək üçün su nasoslarının, tüstü xaricetmə sistemlərinin və digər texniki qurğuların işlək vəziyyətdə saxlanması da vacibdir.
– İnsanlar arasında təhlükəsizlik qaydalarına əməl etməmək hallarına tez-tez rast gəlinir. Bu məsələdə çətinliklər nədən ibarətdir?
– Çətinliklərdən biri maarifləndirmə tədbirlərinə baxmayaraq, insanların eyni səhvləri təkrar etməsidir. Ən çox rast gəlinən səbəblər arasında odla ehtiyatsız davranış, qaz və elektrik cihazlarının nasaz halda istifadəsi, uşaqların odla oynamağı və çardaqlarda təhlükəli maddələrin saxlanması yer alır. Buna görə də təbliğat işləri davamlı olmalı və vətəndaşlar təhlükəsizlik qaydalarına əməl etməyə daha çox diqqət yetirməlidirlər.
– Naxçıvan şəhərində bəzi binalarda yanğın çıxışlarının olmaması ilə bağlı nə kimi tədbirlər görülür?
– Naxçıvan şəhərindəki əvvəlki dövrə aid tikililərdə yanğın çıxışlarına dair ciddi nəzarət tədbirləri tətbiq olunmurdu. Lakin hazırda Naxçıvan şəhərində tikilən yeni binalarda yanğın çıxışlarının olmasına xüsusi diqqət yetirilir. Bu böyük risk qrupuna aid tikililər tikildiyi andan etibarən ildə iki dəfə ekspedisiyadan keçirilir. Köhnə binalarda isə yanğın çıxışlarının olmaması ilə bağlı vəziyyət mövcuddur, amma bu məsələyə biganə yanaşılmır. Hazırda havalandırma boruları, sorucu avadanlıqlar qurulub və bu sistemlər daim nəzarətdə saxlanılır. Hətta bu qurğuları adi kafe və restoranlarda da görmək mümkündür.
– Yekun olaraq əhalinin yanğından mühafizəsi ilə bağlı hansı tövsiyələriniz olardı?
– Yanğınlardan qorunmaq üçün hər bir vətəndaş təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir. Elektrik və qaz cihazlarından istifadə edərkən onların sazlığını mütəmadi olaraq yoxlayın, nasaz avadanlıqları dərhal təmir etdirin. Uşaqları nəzarətsiz buraxmayın və onlara odla oynamağın təhlükəli olduğunu izah edin. Yanğına səbəb ola biləcək maddələri yaşayış yerlərindən uzaq saxlayın. Unutmayın, hər birinizin məsuliyyəti təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Biz də öz növbəmizdə yanğın təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 24.01.2025 09:40