NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Yalanın ixtirası

...

(The Invention of Lying)

Mənim kimi ingilis dilinə az bələd olanlar mütləq “Google” də axtarış edəcək. Görəsən “The Invention of Lying” nə deməkdir? Məncə təkrar yazmağa ehtiyac yoxdur. Zəhmət olmasa, özünüzü işə salıb bir az axtarış edin. Ona görə də birbaşa mətləbə keçirəm.

İnsan yaradılışdan ikili xarakterə malikdir. Lap uşaqlıqdan formalaşır bu hallar. Uşağı əzizləyir, oynadır, sevindirir və nə istəyir təmin edirik. Artıq uşaq bu haldan istifadə etməyə başlayır. Daha həlim desək, hələ dil açıb danışa bilməyən körpə elə ilk təbəssümlə başlayır saxtakarlığa. İstədiyini ala bilməyəndə rolunu mahircə istifadə edərək ağlamağı bacarır ki, heç kəsin də buna ürəyi tab gətirmir. Və beləliklə, cəmiyyətə yenicə addım atan bu körpə fidanlar elə ilk göz açdığı gündən ikili oynamağa başlayır.

Böyüdükcə bu formatı daha da böyüdürük. Ailədən ətrafa, dostlardan tanışlara hər kəsə yansıtmağa başlayırıq. Bu hal ən çox da evin içində özünü daha qabarıq şəkildə büruzə verir. Və böyüklərimiz bunu müşahidə etdiyi elə ilk andan başlayır bizi qorumağa. Amma necə? Ört-basdır edərək. Bizi qırağa tərifləməyə, əsl üzümüzü yox, yaxşı yanlarımızı göstərməyə çalışırlar. Və beləcə bizi həyata bir “təhlükə maşını” kimi hazırlayırlar.

Evdə ərköyün olan uşaq məktəbdə ən bacarıqlı şagird olur. Bir-biri ilə didişə-didişə, boğuşa-boğuşa yaşayan cütlüklər cəmiyyətdə özünü ən mötəbər aparan “ailə” kimi görünür.

Hər kəs bir amalla yaşayır: övladım ali təhsil alsın. Uşağın digər qabiliyyətləri olsa da, üstündən asanlıqla xətt çəkir, bizim istədiyimiz ixtisası seçməyini təmin edirik. Və beləcə nəzər yetirsək, iş yerlərində əksər insanların aldıqları təhsillə seçdikləri peşə tərs mütənasiblik təşkil edir. Bu da bizim onlara vurduğumuz travmanın bir başqa növüdür.

Bütün ailələr belədirmi? Təbii ki, yox. Milli mentallıq və müasirliyin vəhdətində uşaqlarını böyüdən valideynlər var ki, olar bu stereotipi çoxdan qırıb. Onların qayəsi işıq gələn yerə papaq tutmamaqdır.

Düşünün ki, iki ayrı ailədə fərqli həyat tərzi yaşayan iki insan eyni ulduzun altında birləşərək qovuşmaq istiyirlər. İlk tanışçılıqda ancaq başlayır təriflər, özündən razılıqlar. Tanışlıq əsnasında bir-birlərini elə təqdim edirlər ki, deyirsən, bəlkə, dünyada iki müqəddəs adam var: biri Roma papası, digəri bunlar. Yalanın biri bir qəpikdən havada uçuşur. Səxavət qapıları sonsuzadək açılır. Biri digərinə necə şirin-şirin yalan danışırsa, danışanın özü belə danışdıqlarına inanmaq istiyir. Ta ki, məqsədə nail olana qədər. Elə ki bu cütlüklərin ulduzu barışır ikisi də maskalarını aşağı salıb bir-birinə xoşgəldin edir.

Ola bilsin ki, bir çox insan irad bildirəcək mənim bu fikirlərimə. Lakin qəbul etməliyik ki, bu hamımızın hər gün yaşadığı acı həqiqətdir. Bu zaman yarışında hamı finala çatmağa hazırlaşır. Yaxşı işim, evim, kariyeram, imkanım və ən əsası da ailəm olsun. Bəs yaxşı burada bir sual çıxır meydana. Onda pislər kimə qalsın? Və yaxud yaxşı məfhumu nədən ibarətdir? Və yaxud pis məfhumu? Ümumiyyətlə, biz, görəsən, yaxşı və pisin nə olduğunu özümüz dərk edə bilirik? Bəlkə də, dərk etmədiyimiz üçün beləcə bir ömrü başa vururuq. Yarı uşaq, yarı cani, yarı pozitiv, yarı adam, yarımcan adam kimi.

Şair demişkən:

Bircə kərə alnını, al ovucunun içinə,

Həyat dediyin nədir?

Hər şey haqqında heç nə,

Heç nə haqqında hər şey!

Fariz ƏHMƏDOV

Naxçıvan televiziyasının baş redaktoru

Nəşr edilib : 27.07.2025 12:00