Ceyhun Bayramov BMT Baş Assambleyasının keçmiş pre...
20:45 13.03.2025
0
0
0
NAXÇIVAN :
13 Mart 2025, Cümə axşamı
Xatirimdədir. Uşaq olarkən fevral ayının gəlməsini böyük həyəcanla gözləyərdik. Xıdır Nəbi gəlişi ilə biz uşaqları sevindirərdi. Biz yenə yığılar, göy üzü qaralanda əlimizdə torba qonşu qapısına dayanıb deyərdik: “Xıdıra xıdır deyərlər, Xıdırın payın verərlər”. Torbamıza şirniyyat, çərəz və qovurğa qoyularaq yola salınardıq. Həmin günü məhlədəki bütün evlərin qapısı açıq olardı.
Bu bayram yazın gəlişinin müjdəçisi, təbiətin oyanmasının başlanğıcıdır. Еtnоqrafik materiallara əsasən Xıdır Nəbi bayramı çətinliklərdən qurtarmaq, darda qalanlara kömək, bərabərlik anlamında keçirilən əsl milli bayramdır. Bu bayramın “qışın oğlan çağında”, Kiçik çillənin onuncu günü, Novruzdan altı həftə qabaq keçirilməsi haqqında qeydlər var.
Günümüzdə Xıdır Nəbi bayramını muxtar respublikanın bölgələrində fərqli günlərdə, məsələn, Ordubadın Kələki kəndində qışın yarılanması ilə bağlı hər il fevralın 4-ü qeyd edirlər. Rayonun Tivi, Nəsirvaz, Biləv, Behrud, Parağa kəndlərində isə Kiçik çillənin ömrünün son günləri – cümə axşamısı keçirilir. Şərurun Aşağı Yaycı, Yuxarı Yaycı, Axura, Həmzəli kəndlərində bu mərasim fevralın 5-i, Culfa rayonunun Ərəfsə kəndində fevralın 6-sı,həmçinin Kəngərli rayonunun Təzəkənd, Çalxanqala yaşayış məntəqələrində isə fevralın 14-ü qeyd olunur.
Naxçıvan şəhərində bu mərasim Kiçik çillənin ikinci cümə axşamında keçirilir. Beləliklə, Xıdır Nəbi Kiçik çillə başlayandan çıxana kimi fərqli vaxtlarda keçirilir.
Toplanan materiallara əsaslanaraq demək olar ki, bayram çətinlikdə insanların dadına, köməyinə çatan istilik hamisi olan Xızırla bağlıdır və onun şərəfinə keçirilir. Bu İslamdan öncə formalaşmış əski türk inancıdır.
Xalq arasında olan inama görə, Xıdır Nəbi bayramı məhsuldarlıq, bolluq-bərəkət rəmzidir, bu mərasim qışın yola salınması və yazın çağırılması ilə bağlıdır. Bu mərasimlə bağlı bir folklor nümunəsində deyilir:
Xıdır Nəbi, Xıdır İlyas,
Bitdi çiçək, oldu yaz.
Mən Xıdırın quluyam,
Boz atının çuluyam.
Xıdır Nəbi bayramında yeddi nemətdən (buğda, cəviz, fındıq, badam, küncüt, noxud, qarğıdalı,) qovurğa qovrulur, qovut hazırlanır. Bayram süfrəsinə xəmirdən və yarmadan bişirilmiş xörəklərlə yanaşı, plov da qoyulur. Bu yeməklər isti-isti yeyildiyi üçün soyuqda bədənə istilik gətirir.
Biz də Xıdır süfrəsininin necə hazırlandığını bilmək üçün Şərur rayonunun Aşağı Yaycı kəndində qonaq olduq. Xıdıra bir neçə gün qalmış bazarlıq etmiş ev sahibi Zərifə nənə buğda, küncüt, çətənə, cəviz, fındıq, badam, fıstıq, noxud və sair nemətlərdən bu gün üçün hazırlıq görmüşdü. Onunla ocaq başında buğda qovura-qovura həmsöhbət olduq. O deyir ki, inanca görə buğdadan götürüb subay qızlar üçün dilək tutarlar. Sacda hansı buğda kənara ilk sıçrasa, demək, həmin qız üçün qısa zamanda xoş xəbər gözlənilir.
Babək rayonun Payız kəndində də olub, bu bayrama hazırlıqları izlədik. Nəsibə xanım qovrulmuş buğdanın bir hissəsindən qovut hazırlayır. Qovudu quru yemək çətin olduğundan bir az şərbət və ya doşab əlavə edib ovmağa başlayır. Sonra yumrulayıb, bizə də dadmaq üçün verir. Nəsibə xanım deyir ki, çəkilmiş qovutdan evin dörd küncünə qoymaq adəti də var. İnanca görə, gecə vaxtı Xıdır Nəbi atı ilə çaparaq gəlir və qovut ununa əl basır, onu ovsunlayır. Beləliklə də, gələn il bərəkətli olur və ev yiyələrinin arzuları həyata keçir. Digər bir inama görə, bəzi kəndlərdə həmin gün cana istilik verən xəşil də hazırlanıb süfrəyə verilər. Ailənin hər üzvü də bu xəşildən mütləq yeməlidir. Xəşil ya bal, ya da doşabla, adətən, səhər tezdən yeyilir.
Müsahibimizin sözlərinə görə hazırladıqları bu nemətlərdən uzaqda yaşayan qohumları üçün də pay tuturlar. Xıdır Nəbi günü oğlan evindən nişanlı qızlara, ata evindən təzə gəlinlərə “Xıdır payı” aparmaq adəti də var.
Biz də hazırlanan bu nemətlərdən ibarət süfrə arxasına keçib Xıdır Nəbi bayramını gülərüz, səmimi insanların əhatəsində qeyd edir, bayramın gəlişini xoş əhvali-ruhiyyə ilə qarşılayırıq.
Yurdumuzun bir-birindən maraqlı adət-ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi təqdirəlayiqdir. Arzu edirik ki, bu bayram bütün evlərə bol ruzi və bərəkət gətirsin.
Xıdır Nəbi bayramınız mübarək!
Bülbül QULİYEVA
Digər xəbərlər