Naxçıvanda tam (11 illik) orta təhsil səviyyəsi üz...
14:00 19.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Dünya oftalmologiya elminə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. 160-dan çox elmi işin, 12 monoqrafiyanın, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olan görkəmli alim yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına da böyük töhfələr verib. Zərifə xanım Əliyeva oftalmologiya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadındır.
Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır. Zərifə xanım Əliyeva elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Zərifə xanım Əliyevanın rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Onun mənalı ömür yolunun xalqa, Vətənə xidmətlə zəngin olan silinməz izləri, həyat təcrübəsi tələbələrinin hərtərəfli inkişaf etmiş mütəxəssis kimi yetişməsində, Azərbaycan səhiyyəsinin inkişafına töhfələr verməsində öz sözünü deyir.
Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də dünyasını dəyişdi, əbədiyyətə qovuşdu. Vətənini, xalqını, bütün insanları böyük bir məhəbbətlə sevən, sənətinin vurğunu olan bu böyük insanın həyatının mənasını təşkil edən nə varsa: elmi, gözəl ailəsi, səmimiyyəti, xeyirxahlığı – hamısı onun nuruna qərq olmuşdu. Ümummilli Lider Heydər Əliyev kimi böyük şəxsiyyətin, dahi bir insanın ömür-gün yoldaşı olmağın özü də həyatda böyük məsuliyyətdir. Zərifə xanım Əliyeva hər iki işi uğurla birləşdirməyi bacararaq həm ailəsində, həm də peşəsində nümunə göstərirdi. Ulu Öndərin dediyi kimi: “Ömür yoldaşım kimi, həyatımda keçdiyim yolda mənə həmişə dayaq, arxa olduğuna görə, ailə həyatımı çox xoşbəxt etdiyinə görə Zərifə xanım mənim üçün çox əzizdir. O, çox istedadlı, çox sadə insan idi. Onun xatirəsi bizim qəlbimizdə, bizim ailənin bütün gələcək davamçılarının qəlbində əbədi yaşayacaqdır”.
Zərifə xanım əsl ana, vəfalı ömür-gün yoldaşı, ailəsinə qəlbdən bağlı olan insan idi. Sadəliyi, nəcibliyi, mehribanlığı ilə yaddaqalan Zərifə xanım Ulu Öndərin təkcə həyat yoldaşı deyildi. Bu cəfakeş qadın həm də Ümummilli Liderimizin dostu, sirdaşı, eyni zamanda onunla çiyin-çiyinə dayanaraq öz ömür-gün yoldaşına mənəvi dayaq idi. Bir-birini heyrətamiz şəkildə tamamlayan bu iki parlaq şəxsiyyətin ailə həyatı müasir Azərbaycan cəmiyyəti üçün bir nümunə, milli dəyərlərimizə sədaqətin nadir örnəyidir. Akademik Zərifə xanım Əliyeva Azərbaycana Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dünya siyasətində öz nüfuzu və yeri olan İlham Əliyev kimi Prezident bəxş edən Ana kimi də unudulmazdır. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.
Aysel DÜNYAMALIYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər