Vahid Hacıyev: Azad olunmuş ərazilərdə Dayanıqlı İ...
11:52 20.05.2026
0
0
0
NAXÇIVAN :
20 May 2026, Çərşənbə
Dil xalqın ruhunun aynası, əsrlərin imtahanından keçib gələn qədim və silinməz yaddaşdır. Azərbaycan dili bizim mənəvi varlığımızın təməli, milli kimliyimizin ən uca zirvəsidir. O, xalqımızın minillik tarixini, mədəniyyətini və polad iradəli dövlətçilik ənənələrini öz köksündə bir inci kimi yaşadıb, indi isə hər kəlməsi ilə bu günümüzə işıq salır. Ana dilimizin saflığını qorumaq, onu gələcək nəsillərin qəlbinə köçürmək hər birimizin müqəddəs borcudur.
Sürətlə dəyişən dünyada xarici dillərə yiyələnmək yeni üfüqlərə açılan pəncərədir. Başqa bir dili öyrənmək zəkanı cilalayır, insanı dünya elminin və mədəniyyətinin ortaq tərəfdaşına çevirir. Xarici dillər bizə dünyanı tanıtsa da, ana dilimiz bizi dünyaya tanıdan ən böyük sərvətimizdir. Başqa dillərin sahillərində gəzsək də, ruhumuzun sığınacağı hər zaman öz doğma dilimizin limanı olmalıdır. Əslində, hər yeni dil insanın öz ana dilinin nə qədər dərin, nə qədər rəngarəng və əvəzolunmaz olduğunu dərk etməsi üçün açılan idrak qapısıdır.
Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov da hesab edir ki, ədəbi dil normalarının qorunması ali təhsil mühitində xüsusi nəzarət tələb edən məsələlərdəndir. Onun sözlərinə görə, universitetdə tələbələrin nitq mədəniyyətinin formalaşdırılması istiqamətində sistemli iş aparılır, dərs prosesində müəllimlər tərəfindən ədəbi dil qaydalarına əməl olunmasına ciddi diqqət yetirilir.
Dekan qeyd edir ki, universitet auditoriyalarında, eyni zamanda düzgün nitq vərdişlərinin formalaşdırılması əsas prioritetlərdən biridir. Xüsusilə seminar və müzakirə dərslərində tələbələrin çıxışları diqqətlə izlənilir, nitqdə yol verilən dil qüsurları müəllimlər tərəfindən dərhal izah edilir və düzəldilir. Bununla yanaşı, nitq mədəniyyəti, Azərbaycan dilində akademik və işgüzar kommunikasiya fənləri də tələbələr üçün tədris olunur. Bu yanaşma tələbələrin həm yazılı, həm də şifahi nitq bacarıqlarının inkişafına mühüm təsir göstərir.
Son illər sosial şəbəkələrin təsiri ilə gündəlik danışıqda müxtəlif xarici sözlərin həddindən artıq istifadəsi müşahidə olunur. Bu tendensiya xüsusilə gənclər arasında daha qabarıq şəkildə özünü göstərir. Arif Ağalarovun fikrincə, dillərin qarşılıqlı təsiri təbii proses olsa da, bu təsir Azərbaycan dilinin daxili qanunauyğunluqlarına və ifadə imkanlarına xələl gətirməməlidir. O vurğulayır ki, dilimiz fikri aydın, səlis və təsirli şəkildə ifadə etmək üçün kifayət qədər zəngin söz ehtiyatına malikdir.
Azərbaycan dilinin qorunması yalnız qaydaların öyrədilməsi ilə məhdudlaşmır. Bu proses, eyni zamanda dil sevgisinin aşılanmasını da tələb edir. Universitetdə Azərbaycan ədəbiyyatının klassik və müasir nümunələrinin dərindən tədris olunması tələbələrdə ana dilinə bağlılıq hissini gücləndirən əsas amillərdəndir. Çünki dilə sevgi onun tarixi köklərini, poetik imkanlarını və estetik gözəlliyini dərk etməklə formalaşır.
Arif Ağalarovun fikrincə, sözlərin düzgün seçilməsi və yerində işlədilməsi nitq mədəniyyətinin əsas göstəricilərindəndir. Hər bir söz müəyyən məna yükü daşıyır və onun yanlış istifadəsi fikrin təsir gücünü zəiflədə bilər. İnsanların istifadə etdiyi söz ehtiyatı onların düşüncə tərzini, intellektual səviyyəsini və mədəni hazırlığını əks etdirir. Buna görə də ali məktəblərdə tələbələrin nitq mədəniyyətinin inkişaf etdirilməsi gələcəyin savadlı və peşəkar kadrlarının yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ədəbi dilə əməl etmək təkcə filoloqların və ya müəllimlərin vəzifəsi deyil. Hər bir vətəndaş gündəlik danışığında, yazışmalarında və ictimai çıxışlarında ana dilinə həssas yanaşmalıdır. Səlis danışıq, düzgün ifadə tərzi və zəngin söz ehtiyatı insanın mədəniyyətinin və intellektual səviyyəsinin göstəricisidir.
Buna görə də Azərbaycan dilini qorumaq və uca tutmaq milli mənliyimizi, özümüzü qorumaqdır. Dilimiz bizim varlıq möhürümüz, keçmişdən gələcəyə uzanan qopmaz bağımızdır. Bu müqəddəs amala xidmət edən ali təhsil ocaqları dilimizin saflığını qoruyan mayak kimi ön sıralarda addımlayır.
Elnurə CƏFƏROVA
Digər xəbərlər