NAXÇIVAN :

19 Yanvar 2026, Bazar ertəsi

Xan nəslinin sənətkar səsi: Tofiq Bakıxanov-95

...

Azərbaycan musiqisinin səmasında parlaq bir ulduz kimi doğan, ömrünü notların sehrinə, səslərin hikmətinə çevirən Tofiq Əhməd Ağa oğlu Bakıxanov, musiqi tariximizin əbədi adlarından biridir. O yalnız bir bəstəkar deyil, sənətin, ruhun, mədəniyyətin dilini danışan, zamanın səsinə səs verən bir yaradıcıdır.

Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenlərinin daşıyıcısı olan Tofiq Bakıxanovun adını şərəf və fədakarlıqla çəkirlər. Bu titullar onun sənətinə verilən qiymətin yalnız bir hissəsidir. Onun yaradıcılığı, musiqiyə gətirdiyi nəfəs və ruh ən yüksək mükafatlar qədər dəyərli mirasdır.

Tofiq Bakıxanov – xan nəslinin xan bəstəkarı... Bu sözlər akademik Budaq Budaqova məxsusdur. Və haqlıdır: çünki o, nəslinin zəngin mənəvi irsini sənətdə yaşadaraq Bakıxanovlar ailəsinin elmi, ədəbi və mədəni yolunu musiqi ilə davam etdirmişdir. Yaradıcılığı milli ruhla yoğrulmuş, mənəvi dəyərlərimizdən boylanmış, xalqın yaddaşına hopmuşdur.

Onun sənət yolu sanki bir musiqi çayının axarı kimidir – daim irəliləyən, yeni səslər, yeni çalarlar axtaran, durmadan çağlayan... Geniş yaradıcılıq diapazonuna malik olan bəstəkar, operadan başqa musiqinin bütün janrlarında öz dəst-xəttini yaratmış, baletlər, musiqili komediyalar, simfonik və kamera əsərləri, instrumental və vokal kompozisiyalarla musiqimizin sərhədlərini genişləndirmişdir.

Tofiq Bakıxanovun adı təkcə Azərbaycanla məhdudlaşmır. Onun musiqisi Parisdə, Moskvada, Tehranda, Vaşinqtonda, Qahirədə və dünyanın bir çox ölkələrində səslənmiş, müxtəlif səhnələrdə özünə yer tapmışdır. O, Azərbaycanın musiqi pasportunu dünyaya təqdim edən sənət elçisidir.

Bəstəkarın yaradıcılığında yenilikçilik ön plandadır. Məhz o, Azərbaycanda ilk solist skripkaçılardan olmuş, ilk dəfə viola, violonçel, fleyta üçün sonata və konsert janrlarına müraciət etmiş, ilk birpərdəli baleti ərsəyə gətirmişdir. O, forma və üslubda klassikaya sadiq qalsa da, ruh və məzmun etibari ilə daim axtarışda olmuşdur.

Tofiq Bakıxanov məhsuldar bir bəstəkar olmuşdur. Onun yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil etsə də, bəstələdiyi üç balet (“Xəzər balladası”, “Şərq poeması”, “Xeyir və Şər”), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya (“Altı qızın biri pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir”), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 26 konsert, 5 simfonik muğam, 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlər, 9 fuqa, 5 prelüd, silsilə uşaq pyesləri, 120-dən artıq mahnı və romans bəstəkarın çoxşaxəli yaradıcılığından xəbər verir.

Tofiq Bakıxanovun bəstələdiyi mahnı və romansları da onun irihəcmli əsərləri qədər dəyərli və yaddaqalandır. Onun mahnıları xalqın ruhunu oxşayan, milli musiqimizin lad-intonasiya xüsusiyyətlərini müasir nəfəsə çevirən melodiyalar silsiləsidir. Bəstəkarın musiqisində həm tarix var, həm hiss, həm də sonsuz axtarış.

Tofiq Bakıxanovun yaradıcılığında onun ən uğurlu əsərlərindən biri 1968-ci ildə yazdığı “Xəzər balladası” birpərdəli baleti olmuşdur. Ümumittifaq müsabiqəsində II dərəcəli diploma layiq görülən bu əsər 1969-cu ildə Parisdə keçirilən VII beynəlxalq rəqs festivalı günlərində müvəffəqiyyətlə səhnələşdirilmiş, bundan sonra Fransanın müxtəlif şəhərlərində 30 dəfədən çox yüksək səviyyədə ifa edilərək uğur qazanmışdır.

“Xəzər balladası”nın uğurlarından ruhlanan bəstəkar daha sonra yenə bu janra müraciət etmiş, görkəmli rus şairi S.Yeseninin “Persid motivləri” əsasında “Şərq poeması” və dahi Azərbaycan şairi, mütəfəkkir və filosofu olan Nizaminin 850 illiyinə həsr olunmuş “Xeyir və Şər” baletlərini yazmışdır.

Tofiq Bakıxanov Azərbaycan və dünya musiqi mədəniyyətində nadir hesab olunan simfonik muğam janrına müraciət edən sənətkarlardandır. Onun “Nəva”, “Humayun”, “Rahab”, “Şahnaz” və “Dügah” simfonik muğamları həm milli musiqi xəzinəmizi zənginləşdirmiş, həm də atası Əhmədağa Bakıxanovun özünəməxsus ifa üslubunu yaşatmışdır.

Bəstəkarın müxtəlif dövrlərdə qələmə aldığı 8 simfoniya milli kolorit, aydın musiqi obrazları və dolğun tematizmi ilə seçilir. Xüsusilə 7 saylı “Qarabağ harayı” simfoniyası Qarabağ dərdinin musiqi ifadəsinə çevrilir; bölgənin təbiət gözəlliyi simfoniyanın bədii boyalarında aydın duyulur. 8 saylı “Azərbaycan” simfoniyası isə Üzeyir Hacıbəyliyə ithaf olunmuş, Vətən sevgisi ilə yoğrulmuş bir əsərdir.

Bakıxanov az müraciət edilən ikili konsert janrında da uğurlu nümunələr yaradaraq skripka-violonçel və tar-skripka üçün iki konsert bəstələmişdir. Onun kamera-instrumental əsərləri həm ifaçılıq məktəblərində, həm də beynəlxalq festivallarda əhəmiyyətli yer tutur.

Yaratdığı sonatalarda Şərq xalqlarının folkloruna üz tutan bəstəkar, müxtəlif xalqlara məxsus melodik xüsusiyyətləri lirik-dramatik musiqi dili ilə birləşdirərək özünəməxsus tərzdə təqdim etmişdir.

Tofiq Bakıxanovun “Türk rapsodiyası”, “Küzey Kıbrıs süitası”, 6 nömrəli “Türk simfoniyası”, “Türk eskizləri”, “Şərqdən gələn sədalar” və Atatürkə həsr etdiyi “Dünya durduqca yaşa” kimi əsərləri isə onun qardaş ölkələrə olan səmimi ehtiramının musiqili ifadəsidir.

Tofiq Bakıxanovun həyat və yaradıcılıq yolunda Naxçıvana bəslədiyi dərin məhəbbət xüsusi yer tutur. Bəstəkar bu diyara “Ulu və müqəddəs torpaq” deyə müraciət edir və xüsusilə yaradıcılığının son mərhələsində Naxçıvan mövzusuna geniş yer ayırır. Simfonik orkestr üçün yazdığı “Naxçıvan” simfoniyettası, eləcə də “Naxçıvan”, “Nurlu Naxçıvan”, “Arpaçay”, “Batabat bağları” kimi mahnılar onun bu qədim yurda olan sevgi və bağlılığının bədii ifadəsidir. Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi “Həmişə bizimləsən” simfonik poeması da məhz bəstəkarın Naxçıvan səfərlərinin təsiri ilə yaranmış və ilk dəfə burada – onun 75 illik yubileyi münasibətilə təşkil edilən tədbirdə səsləndirilmişdir.

Tofiq Bakıxanovun 75, 80, 85 və 90 illik yubileylərinin yüksək səviyyədə qeyd olunması, həmçinin ulu babası Abbasqulu ağa Bakıxanovun 220 illik yubiley mərasimlərinin keçirilməsi bəstəkarın sənət dünyasında tutduğu möhtəşəm yeri bir daha göstərir. Onun “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülməsi və muxtar respublikanın 85 illiyi münasibətilə təqdim edilən “Qızıl” medalla təltif olunması isə bu böyük sənətkarın əməyinə göstərilən dəyərin bariz nümunəsidir.

90 illik yubileyi zamanı Tofiq müəllim Naxçıvan Dövlət Universitetinin Elmi şurasının qərarı ilə universitetin fəxri doktoru adına layiq görülmüşdür. O həmçinin Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimi və Naxçıvan Bəstəkarlar Təşkilatının Fəxri üzvü kimi Naxçıvanda sevilən sənətkar olmuşdur.

Tofiq Bakıxanov təkcə bəstəkar yox, həm də zamanın yaddaşını musiqiyə köçürən bir sənət memarıdır. Onun musiqisi dinləyicinin qəlbinə toxunur, düşündürür, duyğulandırır və milli kimliyimizin melodik tərcüməsinə çevrilir. Bu nəcib sənətkarın yaradıcılığına nəzər saldıqda, ilk növbədə, Vətənə sonsuz sevgi, torpağa bağlılıq və insani duyğuların zənginliyi ilə qarşılaşırıq.

Tofiq Bakıxanov yaradıcılıq missiyasını yalnız bəstəkarlıq fəaliyyəti ilə məhdudlaşdırmayan sənətkarlardandır. Onun müəllifi olduğu “Musiqili ömrüm”, “Musiqi düşüncələri” (I və II hissələr) və ilk naxçıvanlı professional bəstəkar M. Nəsirbəyov haqqında Nazim Quliyevlə birlikdə yazdığı kitablar milli musiqi elminə dəyərli töhfələrdir. Bəstəkarın dövri mətbuatda dərc olunan elmi-publisistik yazıları da musiqi sənətinin müxtəlif problemlərinə aydınlıq gətirərək maarifləndirici rol oynayır.

Tofiq Bakıxanov Azərbaycan musiqisinin xaricdə təbliğində də böyük xidmətlər göstərmişdir. O, müxtəlif illərdə ölkəmizdə və bir çox xarici dövlətlərdə beynəlxalq festivallarda, müsabiqələrdə iştirak etmiş, Moskva, Tbilisi, İstanbul, İzmir, Tehran və Bolqarıstanda 60-dan çox müəllif konserti ilə çıxış etmişdir. Bəstəkarın yaradıcılığı haqqında çoxsaylı resenziyalar, monoqrafiyalar və silsilə məqalələr yazılmış, həmçinin onun adına televiziya filmi çəkilmişdir. Şübhə yoxdur ki, gələcəkdə də musiqişünaslar tərəfindən onun əsərləri geniş şəkildə araşdırılacaq və yeni tədqiqatlar ortaya çıxacaq.

Tofiq Bakıxanov yalnız istedadlı bəstəkar deyil, həm də peşəkar musiqiçi kadrların yetişməsində böyük payı olan təcrübəli pedaqoq, yüksək mənəvi keyfiyyətləri ilə seçilən nüfuzlu şəxsiyyətdir.

Bu gün artıq ömrünün 95-ci ilini tamamlayan Tofiq Bakıxanov hələ də yaradıcılıq enerjisi ilə alışıb-yanır. Onun yazıb-yaratmaq həvəsi, sənətə olan sevgisi ötən illərin yükü altında sönməyib, əksinə, daha da işıqlanıb. Biz də bu sənət fədaisinə möhkəm cansağlığı arzulayır, onun zəngin musiqi dünyasının yeni inciləri ilə xalqımızı sevindirməyə davam etməsini diləyirik. Çünki o bizim musiqimizin yaşayan yaddaşı, səslə danışan qəlbidir!

Günay MƏMMƏDOVA

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent,

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü

Nəşr edilib : 08.12.2025 12:00