Xocalı soyqırımının beynəlxalq arenada tanıdılması...
21:17 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Hər bir xalqın mənəvi sərvətləri sırasında ana dilinin heç bir dəyərlə müqayisəyə gəlməyən müstəsna əhəmiyyəti vardır. Ana dili xalqın varlığını təmin edən ən önəmli amildir. Tarixin də dəfələrlə sübut etdiyi kimi, bütün sərvətlərini saxlayıb, dilini itirən xalq məhvə məhkumdur. Ana dili, sadəcə, ünsiyyət vasitəsi deyil, xalqın dünyagörüşünün, düşüncə tərzinin, ümumən, mənəvi varlığının ifadə vasitəsidir. Buna görə də müasir beynəlxalq inteqrasiya şəraitində ana dilimizin qorunması, əsas mənəvi dəyər kimi onun toxunulmazlığının və işləkliyinin təmin edilməsi bir millət və dövlət olaraq bizim ən başlıca vəzifəmizdir.
Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. O, xalqın varlığının ən əsas, bəlkə də, yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Bu bir faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndərin milli dövlətçilik fəaliyyətinin bir qolunu da Azərbaycan dili ilə əlaqədar həyata keçirdiyi tədbirlər təşkil edirdi. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyamızda ana dilimizin dövlət dili kimi təsbit olunması, onun inkişafını, zənginləşməsini, saflaşmasını və geniş tətbiqini nəzərdə tutan Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı bu sahədə atılmış ən qətiyyətli addımlar olmuşdur. Həmin Fərmandan sonra latın qrafikasına keçid qətiləşdi. 2001-ci il 4 iyul tarixində Ulu Öndərin Sərəncamı ilə Dövlət Komissiyası yaradıldı. Azərbaycan dilinin və latın qrafikalı Azərbaycan əlifbasının tətbiqinə və inkişafına dövlət qayğısının artırılması, kimliyindən, vəzifə və rütbəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı tərəfindən dilimizin mükəmməl öyrənilməsi, cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi kimi məsələləri nəzərdə tutan komissiyaya sədrliyi də Ulu Öndər öz üzərinə götürdü. Beləliklə də, Azərbaycanda dünyanın super dövlətlərinin və xalqlarının ümumi yazı sisteminə qoşulması prosesi başlandı. Bu həm də xalqımızın dünya xalqları ilə sarsılmaz birlik və həmrəyliyinin əyani nümayişi idi. Ümummilli Liderimizin polad qətiyyətinin və möhkəm prinsipiallığının bəhrəsi olan “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli Sərəncamına gəldikdə isə qeyd etmək lazımdır ki, bu Sərəncam dahi rəhbərin 1969-cu ildən başladığı dil siyasətinin və 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra qurucusu olduğu milli dövlətçilik siyasətinin uğurlu davamı kimi qiymətləndirilməlidir. Xalqımız bu günü dilimizə məhəbbət və sədaqət bayramı kimi təntənə ilə qeyd edir.
Ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqəti və qayğısı olub. Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsində əsl fədakarlıq göstərmişdir. Ana dilinin inkişafı ilə əlaqədar Ulu Öndərin müntəzəm imzaladığı fərman və sərəncamlarda, eləcə də çıxış və məruzələrində, tövsiyələrində vaxtaşırı ortaya çıxan problemlərin həlli vacib sayılırdı.
Təqdirəlayiq haldır ki, Ümummilli Liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında“ Sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu. Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” Sərəncam oldu. Bu sərəncamların nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynadı. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.
Ölkə Prezidenti İlham Əliyev müxtəlif çıxışlarında, insanlarla olan söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə həmişə dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq onun fəzilətlərindən söz açır. Prezidentin söylədiyi fikirlər bu gün də hər birimiz üçün önəmlidir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.
Ulu Öndər Heydər Əliyev üçün ana dili Azərbaycançılığın başlanğıc məqamı, təməl prinsipi idi. Məhz bu baxımdan o, tam aydınlığı ilə bildirirdi ki, xalqa milli-mənəvi dəyərlərini aşılamaq üçün, ilk növbədə, ona dilini qaytarmaq və sevdirmək lazımdır. Böyük dövlət xadimimiz Azərbaycan dilini, eyni zamanda milli-mənəvi dəyərləri dünya azərbaycanlıları üçün birləşdirici faktor kimi qiymətləndirərək deyirdi: “Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir, şeirlərimiz, mahnılarımız, incəsənətimiz, xalqımıza mənsub olan adət-ənənələrimizdir”.
Şəhla ƏHMƏDOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər