NAXÇIVAN :

04 Noyabr 2024, Bazar ertəsi

“Xalqımızın haqq savaşında Naxçıvanın ölməz vətən oğulları” mövzusunda tədbir keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Naxçıvan Qazilər” İctimai Birliyi ilə birlikdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi münasibətilə “Xalqımızın haqq savaşında Naxçıvanın ölməz vətən oğulları” mövzusunda tədbir keçirilib.
Tədbir başlamazdan əvvəl ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyini həm Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğu, həm də muxtar respublikamızın öz inkişafının yeni mərhələsinə qədəm qoyduğu bir şəraitdə qeyd edirik. Naxçıvan hər zaman öz igidləri ilə seçilən bir diyar olub. Vətən müharibəsində Naxçıvan Ordusunun hərbçiləri fədakarlıqla tarixi qələbənin qazanılmasında xüsusi bacarıq göstəriblər. 
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Zəfər tariximiz” və “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Cehun Bayramov “Şanlı Zəfər tariximizə parlaq səhifələr yazmış Naxçıvan igidləri” mövzusunda çıxış edərək bildiriblər ki, Naxçıvan Azərbaycanın dövlətçilik tarixində önəmli yerə malikdir. Naxçıvanın inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri vardır. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazdı. Bütövlükdə, İkinci Qarabağ müharibəsində Naxçıvan 200-dən artıq şəhid verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Naxçıvanlılar da İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”. Müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş etdirərək Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşdi. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı. Torpaqlarımızın azad edilməsindən və Qarabağda erməni separatçılığına son qoyulmasından sonra Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Qələbə sevincini Vətən uğrunda döyüşərək canlarından keçən şəhidlərimizə, qazilərimizə borcluyuq. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq.
Sonra elektron lövhədə videoçarxa və “Naxçıvan-Qədim Azərbaycan Diyarı-100” adlı sərgiyə baxış olub.

Nəşr edilib : 30.10.2024 14:30