NAXÇIVAN :

26 Dekabr 2024, Cümə axşamı

Vüsal Məmmədzadə: "Bu mübarizədə ölkələrin həmrəyliyi və üzərlərinə düşən öhdəliyi yerinə yetirmələri çox vacibdir"

...

Ölkəmizdə ətraf mühitin qorunması, iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində atılan addımlar – Günəş, külək enerjisinin əldə olunması sahəsində həyata keçirilən layihələr, işğaldan azad edilmiş ərazilərin, həmçinin Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji zonası" elan olunması, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı planetimizin qorunması istiqamətində aparılan dövlət siyasətinin bariz nümunəsidir.

Bu sözləri "Şərq qapısı"na müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsal Məmmədzadə söyləyib.

O deyib: "Mütəxəssislər bildirirlər ki, qlobal temperatur 2ºC-dən yuxarı qalxarsa, ekstremal hava
hadisələri, o cümlədən daşqınlar, quraqlıqlar, məhsul itkisi və digər ciddi iqlim problemləri də artacaq. Bu yalnız ekologiya üçün deyil, həm də iqtisadiyyat üçün böyük təhdidlər yaradacaq. Su ehtiyatları tükənə, qida təhlükəsizliyi pozula, bir çox regionlarda isə məcburi köçkünlük halları arta bilər. Həmin problemlərin qarşısını almaq üçün qlobal temperaturun 2ºC altında saxlanılması məqsədi strateji və vacib addımdır. Bu baxımdan bəşəriyyəti təhdid edən qlobal iqlim dəyişikliyi ilə mübarizə istiqamətində bütün ölkələrin
həmrəyliyi və üzərlərinə düşən öhdəliyi yerinə yetirmələri olduqca vacibdir."

Vüsal Məmmədzadə qeyd edib ki, BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirildiyi ölkəmizin paytaxtı, təxminən, iki həftə ərzində iqlim dəyişikliyi ilə mübarizədə həmrəylik üçün mühüm platforma rolunu oynayacaq. Qlobal tədbirdə iştirakla paralel olaraq ölkəmizə səfər edən çoxsaylı hökumət başçıları, hökumət üzvləri, digər siyasi, ictimai elm xadimləri, QHT nümayəndələri ölkəmizin "yaşıl enerji"dən əldə edilən gəlirləri ölkənin hərtərəfli dirçəlişinə, insan kapitalının inkişafına yönəltməsinin şahidi olurlar. COP29 Azərbaycanın regionda və qlobal səviyyədə iqlim problemlərinin həlində aparıcı rol oynamağa hazır olduğunun təsdiqidir. Bu diplomatik addım Azərbaycanın dayanıqlı iqtisadi inkişafını, təbiətdən əldə olunan təmiz enerji istehsalının artırılmasını və ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslərin qlobal müstəvidə təqdimatına xidmət edir.

"İqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün hər bir insanın rolunun əhəmiyyəti, onların enerji səmərəliliyi, su ehtiyatlarının qorunması, tullantıların azaldılması və təkrar emal kimi gündəlik fəaliyyətlərdə iştirak etməyə qarşı həssaslıq nümayiş etdirməsi vacib məqamlardandır. Prezident cənab İlham Əliyevin söylədiyi kimi, qarşıdakı illərdə yaradılacaq “yaşıl dünya”ya Azərbaycan özünün möhürünü vuracaqdır. Prezidentimizin söylədiyi fikrə söykənərək bu prosesdə muxtar respublika vətəndaşlarının da üzərinə mühüm vəzifələr düşür. Belə ki, vətəndaşlarımızın maarifləndirilməsi məqsədilə təkcə paytaxtda deyil, regionlarda da maarifləndirmə işləri günün tələbinə çevrilməlidir. Sözügedən iqlim dəyişikliyi əsas prioritet kimi hər birimizin gündəlik həyatında təbliğ olunması üçün bütün səy və bacarığımızı əsirgəməməliyik. Mən də, öz növbəmdə, bütün vətəndaşlarımızı “Yaşıl dünya naminə həmrəy” olmağa çağırıram", – deyə Ali Məclisin deputatı əlavə edib.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 14.11.2024 11:00