Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açıl...
21:23 27.11.2026
0
0
0
NAXÇIVAN :
27 Noyabr 2026, Cümə
“Rəqəmsal həllərin və süni intellektin inkişafı əmək bazarında yeni dəyişikliklərə səbəb olur. Bu gün təşkil olunan samit gələcəyin peşələrinin müəyyənləşdirilməsi, əmək bazarında baş verən dəyişikliklərin və yeni çağırışların müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, bəzi peşələr, xüsusilə süni intellekt və rəqəmsal həllərin inkişafı nəticəsində tədricən sıradan çıxır və onlara olan tələbat azalır, eyni zamanda yeni peşələr də yaranır. Dünya İqtisadi Forumunun qiymətləndirmələrinə görə, qlobal miqyasda sıradan çıxan peşələrlə müqayisədə yeni yaranacaq peşələrin sayı daha çox olacaq. Bu baxımdan, gələcəkdə daha innovativ və rəqəmsal həllərlə bağlı peşələrin meydana gələcəyini müşahidə edəcəyik”.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, əmək bazarının, eləcə də müxtəlif sektorların bu dəyişikliklərə və çağırışlara hazır olması, əmək bazarının dayanıqlılığının və məşğulluğun təmin edilməsi baxımından belə tədbirlər olduqca vacibdir. Çünki bu tədbirlərdə yalnız rəsmi mövqelər səsləndirilmir, eyni zamanda müzakirələr vasitəsilə gələcəyin peşələri, xüsusilə gənclər üçün əhəmiyyətli olan məsələlər diqqətə çatdırılır. Naxçıvan Muxtar Respublikasının əmək bazarının təhlil edilməsi, burada baş verən dəyişikliklər fonunda yeni tədbirlərin və yanaşmaların təqdim olunması da bugünkü tədbirin əsas məqsədlərindən biridir. Ümumilikdə, ölkəmizdə əmək bazarının mövcud vəziyyəti, qarşıya çıxan problemlər və çağırışlar müzakirə edilir, gələcəyin peşələri və ekosistemin inkişafı ilə bağlı yeni yanaşmalar təqdim olunur.
TRIPP layihəsinin əhəmiyyətinə toxunan Vüqar Bayramov vurğulayıb ki, layihə artıq Ermənistan parlamentində müzakirə olunub və Ermənistanda bu istiqamətdə yolun çəkilməsi ilə bağlı işlərə başlanılıb. Azərbaycan isə Zəngəzur dəhlizinin öz ərazisindəki hissəsində işləri tamamlamaq üzrədir. Avtomobil yolu artıq tamamlanıb, dəmir yolu ilə bağlı işlərin isə gələn ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulur. Bu o deməkdir ki, TRIPP istiqamətində görülən işləri və Zəngəzur dəhlizinin Azərbaycan hissəsindəki mövcud vəziyyəti nəzərə alsaq, 2028-ci ilin sonlarına doğru dəhlizin istifadəyə verilməsini müşahidə edə bilərik.
Deputatın sözlərinə görə, Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən nəqliyyat bağlantısı deyil, eyni zamanda regionun inkişafına mühüm töhfə verəcək layihədir: "Nəzərə alsaq ki, bu dəhliz Türk dünyasını quru yolu vasitəsilə birləşdirəcək, eyni zamanda Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inteqrasiyasına imkan yaradacaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı baxımından da yeni imkanlar açacaq. Nəzərə alsaq ki, artıq 2026-cı ildən Naxçıvan Muxtar Respublikasında Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən vergi rejiminin tətbiqinə başlanılıb, bu çərçivədə istehsalla bağlı investisiyalar 10 il müddətində bir sıra vergilərdən azad edilir. Eyni zamanda idxal olunan investisiya təyinatlı məhsulların əlavə dəyər vergisindən azad edilməsi kimi güzəştlər də nəzərdə tutulur. Bütün bunlar –bir tərəfdən Zəngəzur dəhlizi ilə bağlı aparılan intensiv işlər, digər tərəfdən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının dəstəklənməsi məqsədilə vergi sahəsində və Dövlət proqramlarında həyata keçirilən dəyişikliklər muxtar respublikanın inkişafı üçün yeni imkanlar yaradır".
"Prezidentin son səfəri və səfər çərçivəsində investisiya qoyuluşu ilə bağlı qəbul edilən qərarlar da Naxçıvan Muxtar Respublikasında investisiyaların artmasına, iqtisadi inkişafın daha da güclənməsinə imkan yaradır. Bu baxımdan, həm Zəngəzur dəhlizi layihəsi, həm Naxçıvan Muxtar Respublikasına dövlət dəstəyinin artırılması muxtar respublikanın inkişafına, iqtisadiyyatın daha intensiv, sürətli və dayanıqlı inkişafına zəmin yaradır", – deyə deputat əlavə edib.
Digər xəbərlər