Azərbaycan və Belarus parlamentləri arasında əlaqə...
17:07 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
Son zamanlar Azərbaycan idmançılarının beynəlxalq arenada əldə etdiyi nailiyyətlər, göstərir ki, ölkəmizdə bu sahənin inkişafına yüksək səviyyədə diqqət göstərilir. İnsan sağlamlığı üçün çox önəmli faktor olan idman respublikada da prioritet məsələlərdən biridir. Son zamanlar muxtar respublikada voleybol idman növünün inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Belə ki, voleybol idman növünün inkişafı ilə bağlı mütəmadi olaraq şəhər və rayonlarda məşqçi-müəllimlərlə, idmançılarla görüşlər keçirilib, həmçinin məşq zallarının vəziyyəti öyrənilir, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün istiqamətlər müəyyənləşdirilir. Naxçıvan Voleybol Federasiyasının “2023-2028-ci illər üçün İnkişaf Strategiyası”nın layihəsi hazırlanıb və inkişaf strategiyasında federasiyanın dəyərləri, strateji baxışı, missiya və hədəfləri müəyyən olunub.
Qeyd edək ki, son zamanlarda muxtar respublikada voleybol idman növünün inkişafı naminə gənc və yeniyetmə qızların idmana cəlb olunması üçün İlham Əliyev adına Olimpiya İdman Kompleksində həftənin 6 günü oğlan və qızların ayrı-ayrılıqda məşq etmələri üçün saatlar ayrılıb. Qadınlarımızın dünya səviyyəli yarışlarda öz güclərini sınamaları, ölkəmizə yüksək mükafatlarla qayıtmaları respublikamızda idmanın inkişafına göstərilən qayğının ifadəsidir. Hazırda diyarımız Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş Azərbaycan və Türkiyənin yeniyetmə qızlardan ibarət voleybol klublarının iştirakı ilə “Muxtariyyət kuboku” uğrunda birinciliyə ev sahibliyi edir.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycan Voleybol Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyası tərəfindən birgə təşkil olunan yarışda U-16 Azərbaycan millisi, Gəncə, Sumqayıt, Tovuz, Şərqi Zəngəzur regional voleybol klubları, qardaş Türkiyənin Əskişəhər və İğdır şəhərlərinin komandaları və “Naxçıvan” komandası iştirak edir.
Biz də “Şərq qapısı” qəzeti olaraq “Muxtariyyət kuboku” uğrunda birinciliyin iştirakçıları ilə yaxından tanış olub onların təəssüratlarını öyrəndik. Şərqi Zəngəzur regional voleybol klubunun voleybolçusu Mehriban Əhmədova bildirdi ki, bu yarışın Naxçıvanda keçirildiyini öyrənəndə çox sevindik: “Çünki hər zaman bu diyar mənə maraqlı gəlirdi. İnşallah, gələcəkdəki oyunlara da Şərqi Zəngəzur yolu ilə Naxçıvanda qonaq olarıq. Bugünkü yarışda komandamız qalibiyyət uğrunda mübarizəyə qoşulacaq. Bütün iştirakçılara uğurlar arzulayıram”.
Yarışda ölkə komandaları ilə yanaşı, qardaş Türkiyənin Əskişəhər və İğdır şəhərlərinin komandaları da iştirak edir. DSİ BENTSPOR klubunun üzvü Fatma Ezel Atlı bildirdi ki, 8 ildir, voleybolla məşğul olmağıma baxmayaraq, bu gün çox həyəcanlıyam. Bu yarışın Naxçıvanda keçirilməsi bizim üçün qürurvericidir. Düşünürəm ki, bu yarış bizim üçün çox yaxşı təcrübə olacaq. Bu yarışın keçirilməsində əməyi keçən hər kəsə minnətdarıq. Bizimlə bərabər iştirak edən bütün iştirakçılara uğurlar arzu edirəm.
İğdır Gənclik Mərkəzinin İğdır idman klubunun üzvü 17 yaşlı Fatmanur Toka deyir ki, əvvəllər Naxçıvanda qonaq olduğum üçün bura mənə daha doğmadır. Komandamızın üzvləri ilə birgə gəzib görməli yerlərdə olduq. Bu yarışın əhəmiyyəti böyükdür. Türkiyəmizi təmsil etmək bizim üçün bir qürurdur. Yarışda əlimizdən gələni edəcəyik. Qalibiyyət uğrunda mübarizə aparan digər voleybolçu xanımlara uğurlar arzu edirəm. Güclü olan qazansın.
Digər müsahibimiz U-16 Azərbaycan millisinin üzvü Çinarə Rəhimova bildirdi ki, yarışa əvvəlcədən çox ciddi hazırlaşdığımız üçün qazanacağımıza inanıram. Oyunlar çox maraqlı keçir. Biz burada həm əylənir, həm də birincilik uğrunda mübarizə aparırıq. Digər komandalarla rəqib olmaqla, eyni zamanda dostluq münasibətlərimiz də var. Bu yarışın təşkil olunmasında əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Voleybol bizim həyatımızın bir parçasıdır. İnanıram ki, gələcəkdə beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edib Azərbaycan Bayrağını daim zirvələrə ucaldacağıq.
Yarış müddəti müşahidələrimizdən o nəticəyə gəlirik ki, komanda olmaq, dostluq, yoldaşlıq, bir-birinə dayaq olmaq deməkdir. Bizim voleybolçu qızlarımız da güc baxımından oğlanlardan heç də geri qalmırlar.
Qeyd edək ki, 7 sentyabr turnirin son günündə final və üçüncülük oyunları keçiriləcək.
Bülbül QULİYEVA
Digər xəbərlər