Muxtar respublika ərazisində qarlı və şaxtalı hav...
12:38 23.02.2025
0
0
0
NAXÇIVAN :
23 Fevral 2025, Bazar
Vüsal Mehdi oğlu Tahirov
(01.05.1997-16.11.2020)
Vüsal çox qoçaq olub. İdmana, xüsusilə də futbola böyük marağı var idi. Həmişə kubokla evə dönərdi. Demək olar ki, Naxçıvanda keçirilən yarışların hamısına gedirdi. Qaçış üzrə birinci yerə layiq görülmüşdü.
Vətənini çox sevirdi. Həmişə məzuniyyətə gələndə gördüyü işlərdən danışardı. Müharibəyə gedəndə atasına deyib ki, “Mən Vətən oğluyam”, mütləq müharibədə iştirak edəcəyəm. Müharibə zamanı bacısı ilə danışıb. Bacısına deyib ki, hər şey yaxşı olacaq.
Vüsal çox səliqəli və zəhmətkeş uşaq idi. Hətta şalvarını ütüləməyə belə mənə razılıq vermirdi. Müharibəyə gedən vaxt yoldaşları otağından video çəkiblər. O vaxt belə otağı çox səliqəli idi. Müharibəyə getməyini bizə deməmişdi. Mənim bilməyimi istəməyib.
Vüsal həm də zarafatcıl idi. Sonuncu danışığımızda da zarafatından qalmırdı. Mən həmişə ona “Mama qurban”, – deyərdim. Son danışığımızda telefonu açan kimi dedi ki, “Mama qurban necəsən?” Mən fikirləşmədim ki, balamın səsini sonuncu dəfə eşidirəm. Heç ağlıma da gəlmədi.
Oğlum Şuşada gedən döyüşlər zamanı şəhidliyə yüksəldi. Vüsal haqqında danışmaq çox ağırdır. Bir ana kimi içim qan ağlayır. Amma o qədər qürurlu, o qədər fəxrliyəm ki... Vüsalın gözəl məziyyətləri var idi. Çox dostcanlı, mehriban oğlan olub. Dostlarının sayı-hesabı yox idi. O, sakittəbiətli, qoçaq olması ilə tanıyanları tərəfindən sevilirdi.
Vüsal ailəsinə də çox bağlı idi. Atasına, mənə, bacısına ürəyini də verərdi. Çox sevirdi bizi. Amma Vətənini bizdən çox sevdi. Ömrünü Vətənə qurban verdi. Vətəni, torpağı var olsun deyə canından keçdi. Torpaq oldu. Vətən oldu. Vüsal indi cənnətdən bizi seyr edir. Düşmən tapdağından azad olunmuş Vətəninə öz dünyasından baxır. Mən oğlumla fəxr edirəm. Vüsal kimi oğul böyütdüyüm üçün qürurluyam. Allah bütün şəhidlərimizin məqamını uca etsin!
Vətən sağ olsun!
Digər xəbərlər