NAXÇIVAN :

25 Noyabr 2024, Bazar ertəsi

Vətəninə, torpağına bağlı idi

...

Xansu Elsevər oğlu Qurbanov

(23.09.2000-09.11.2020)

Xansu ailədə 2 bacının tək qardaşı olub. Bacılarına qarşı çox mehriban idi. Ailəcanlı, qayğıkeș oğuluydu. Uşaqlıqdan zəhmətsevər böyümüşdü. Bacılarını oxutmaq ən böyük arzusu idi. Uşaqlıqdan vətənpərvər olduğu bilinirdi. Bayrağa, torpağa olan sevgisi həmişə diqqətimizi çəkirdi. Qarabağın azad olunması arzusu ilə qəlbi döyünürdü. Əminliklə deyirdi, Qarabağı azad edəcəyik. Heç müharibə söhbəti olmadan da deyirdi ki, bir gün silahlanıb düşmən üzərinə gedəcəyəm. Deyirdim ki, çalışacağı hər bir işdə nizam-intizam qaydalarına əməl etsin.

O, kəşfiyyatda snayperçi imiş. Bunları mən bilmirdim. Deyirdi, ana, bizim Ali Baş Komandanımız var. Bir gün onun əmr və tapşırığı ilə döyüşə gedəcəyik. O zaman mən arzuma çatacağam. Əli ilə, hərəkətlərlə göstərirdi. O an mənim hələ də gözüm önündədir. Müharibəyə də gedəndə fəxrlə getdi. Gülə-gülə getdi... Mən qəhrəman oğul böyütmüşdüm Vətən üçün. O qəhrəman oğulu Vətənə də verdim.  Xansu ilə döyüşdə olan yoldaşları onun qəhrəmanlığından danışırlar. Belə oğullarımızın göstərdiyi şücaətin nəticəsində torpaqlarımız işğaldan azad olundu. Alnımızın ləkəsi də qəhrəman oğullarımızın sayəsində silindi. Onların, elə bütün xalqımızın arzusu bu deyildimi? Ona görə də ürəkli oğullarımızın sayəsində alnıaçıq, başımız dikdir. Ali Baş Komandanımız da Şuşada olarkən bizim oğulları Şuşa fatehləri adlandırdı. Bu gün fəxr edirəm ki, mənim qəhrəman oğlum Xansu da Şuşa fatehidir. Ana kimi ürəyim fəxrlə döyünür ki, oğlum qəhrəmanlıq edib. Onların döyüşdüyü yerlərdə olmuşam. Hətta Şuşada həmin qayalıqları da görmüşəm. Adam dəhşətə gəlir o sıldırım qayalıqlara baxanda. Amma bizim qeyrətli oğullarımız qorxmadan, igidliklə düşmən üzərinə irəlilədilər. Onlar bilirdilər ki, düşmənə qalib gələcəklər. Bu əminlik Vətənə olan məhəbbətdən yoğrulmuşdu. O torpaqlar indi bizim üçün daha müqəddəsdir. Çünki balalarımızın qanı-canı bahasına azad olunub. Xansunun arzuları yarımçıq qalsa da, əsas arzusu Qarabağı azad görmək idi. İşğaldan azad olan torpaqlarımızda Xansunun da ayaq izləri var. Əminik ki, gələcək nəsillər də belə qəhrəman oğullarımızın ayaq izləri ilə gedəcəklər. O izlərə ayaq basdıqca Vətənimiz daim var olacaq. Bizim hər birimizin borcu bu Vətəni şərəfimizlə qorumaqdır. O zaman şəhidlərimizin də ruhu şad olar. 

Nəşr edilib : 25.11.2024 21:22