NAXÇIVAN :

03 Dekabr 2024, Çərşənbə axşamı

Vətəni müdafiə etmək qürurludur

...

Teymurov Elvin Mustafa oğlu

(20.05.1999-20.10.2020)

Elvin orta məktəbi bitirdikdən sonra əsgərliyini də başa vurdu. Əsgərlikdən bir il sonra yenidən hərbiyə getdi. Komandirləri də onun oraya qayıtmasını istəyirdi. Mənə dedi ki, sənədlərimi hazırlayım verim. Ancaq mən istəmirdim. Dedi ki, qorxursan, mənə nə isə olar? Qorxma o yazı ki mənim alnıma necə yazılıb, elə də olacaq. Bu sözlərdən sonra baxdım ki, düz deyir. Cəmi 9 ay işlədi. 

Bir gün axşam gəldi evə. Dedi ki, ana, ola bilsin, bizi müharibəyə aparsınlar. Bir gün sonra mənə zəng etdi. Müharibəyə getdiklərini bildirdi. Dedim, gəlim hava limanına görüm səni. Razı olmadı. Dedi, gəlmə, qoymayacaqlar. Bir də dedi ki, haqqını mənə halal elə. Gedəndən sonra bir dəfə danışdıq. Atışma səsləri gəlirdi. Dedi ki, ana, bizi müharibəyə aparmayıblar. Biz elə arxada gözləyirik. Daha ondan sonra danışa bilmədik. Bir gün axşam oturmuşduq. Fikirləşdim ki, yəqin, Elvinə nəsə olub. Yoxsa arabir zəng edərdi… 
Həmin gün qardaşı dedi ki, bu gün işə getməyəcəm. Axşamçağı durub çölə çıxdı ki, gedim bir az gəzim. Mən də qardaşı ilə qapıya çıxdım. Gördüm ki, yoldan keçənlər mənə baxırlar. Zəng etdim qardaşıma. Dedim ki, Sabir, Elvinə nə isə olub? Dedi ki, yox. Dedim, bəs hamı mənə birtəhər baxır. Elvinə, deyəsən, nə isə olub. Üstündən bir az keçdi. Gördüm buradakı qardaşımgil gəldilər. Bildim ki, ağlayıblar, narahatdılar. Xəstə olduğum üçün mənə demirlər. Hərbi kommissarlıqdan demişdilər ki, biz aparıb bayraq sancmalıyıq qapıya. Onlar gələndə tamamilə anladım. 
Bu gün hər birimiz onunla təsəlli tapırıq ki, torpaqlarımız alınıb. Soydaşlarımız öz yurd yerlərinə qayıdıblar. Ona görə də şəhidlərimiz heç vaxt yaddan çıxmayacaqlar. Ruhları şad olsun!

Nəşr edilib : 09.09.2024 22:32