Bahar Muradova: Səylərin birləşdirilməsi ekoloji p...
12:23 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
Vüqar Rza oğlu Əsgərov
(26.11.1994-20.10.2020)
Hər kəs Vüqarı mehriban, istiqanlı uşaq kimi tanıyırdı. Həm də ağıllı, düşüncəli idi. Məktəbə qədəm qoyandan çalışırdı ki, dərslərini yaxşı oxusun. Ali təhsil almaq arzusunda idi. Amma, təəssüf ki, bu arzusuna müəyyən səbəblərdən çata bilmədi. Həddindən çox özünə qapalı biri idi. Heç ucadan səsi çıxmazdı. Hərbi xidmətə yollandı. Xidməti başa vurduqdan sonra isə ailəyə dəstək olmaq üçün işləməyə başladı. Atası da xəstə olduğundan çalışırdı ki, evə dayaq olsun. İstəmirdi ki, əziyyət çəkək. Gecə-gündüz çalışırdı ki, heç nəyə korluğumuz olmasın. Bir sözlə, evin bütün ağır yükü Vüqarın çiyinlərində idi. Vüqar həm də Vətənə, torpağa bağlı bir oğul idi. Elə bu səbəbdən hərbçi olmaq qərarına gəldi. Bu şərəfli yolu seçdi.
Müharibə başlanmazdan əvvəl təlimdə idi. Elə həmin ərəfədə də zəng edib danışdıq. İçimiz rahat deyildi, nigaran idik. Biz ondan nigaran qalırdıq, o da bizdən. Müharibə xəbərini eşidib çox ağlamışdım. Sanki mənə əyan olmuşdu. Təlimdən gələndə dedi ki, ana, niyə ağlayırsan? İstəmədim ki, bilsin. Dedim ki, ağlamamışam. Atası da dedi ki, qadınlar belədir. Kövrək olur, tez ağlayırlar. Dedi ki, ana, mən kimdən üstünəm ki?! Bir baxın, görün hər kəs gedir döyüşə, mən də getməliyəm. Hər şey qismətdir, alın yazısıdır. Həmin gecəni yatmadım. Geyim dəsti vermişdilər. Geyindi, əyin-başına baxdı, yuyunub, gedib yatdı. Səhər sübhdən oyatdım, yumurta salmışdım yağa, dedim bala, qalx yeməyini ye. Hazırlaşıb evdən çıxanda da bizimlə öpüşüb-görüşdü, amma demədi müharibəyə gedirəm. Qayıdıb evdən, masanın üzərindən şirni götürüb atdım arxasınca. Telefonla danışanda dedi ki, məni aparırlar təlimə. Telefonum olmayacaq, bir həftəyə kimi əlaqə yarada bilməsək, narahat olmayın. Bir-iki gün keçdi, daha heç əlaqə yarada bilmədik. Bizə müharibədə olduğunu qəti bildirmədi. Müharibəyə gedən günü – oktyabrın 17-si danışdıq, bir də 18-i. Oktyabrın 20-si də şəhid oldu. Yoldaşlarına da tapşırmışdı ki, heç kim bizə bildirməsin müharibədə olduğunu. Vüqar həmişə deyirdi: “Qarabağdan girib, Naxçıvandan çıxacağıq”.
Digər xəbərlər