NAXÇIVAN :

06 Dekabr 2025, Şənbə

Vətənə sədaqət andı

...

44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu müharibədə iştirak edərək evlərinə qazi kimi qayıdanların baxışlarında müharibənin izləri, səslərində Vətən sevgisi, addımlarında qürur var. Vətəni üçün döyüşmüş, həyatının bir parçasını torpaq uğrunda qurban vermiş insanlardan biri də Oruc Salmanovdur:
– Mən Şərur rayonunun Maxta kəndində anadan olmuşam. Bir müddət quru qoşunlarında xidmət etmişəm. İdmançı olduğuma görə, məni Xüsusi Təyinatlı Qüvvələrə seçdilər və xidmətimi orada davam etdirdiyim zaman Vətən müharibəsinin başlandığı xəbərini eşitdik. Bir az sonra Füzulinin 2 kəndinin azad olunması xəbəri gəldi. Getdim mayor Təbriz Zeynalovun yanına. Döyüşə getmək istədiyimi bildirdim. Dedi ki, bir yerdə gedəcəyik... Vətən savaşına qatıldığım gün ömrümün ən yaddaqalan günü oldu. 
Müsahibim həmin günləri xatırlayır: – Gecə idi, biz maşına minib Hadrut istiqamətinə yola düşdük. Meşədə irəliləyirdik, qabaqda bizi pusquya saldılar. Yarımsaatlıq döyüşdən sonra şəhidlərimiz oldu. Meşənin içində 100-150 nəfər irəliləyirik. Güclü döyüş gedirdi. Yuxarıda təyyarə uçurdu. Mayor Saleh Həsənov dedi ki, bizə dəstək gəldi, 100 nəfər olar. Artıq Xocavənd istiqamətindəydik, döyüş çox ağır gedirdi. 
Sonra tapşırıq aldıq ki, Şuşaya girməliyik. Şuşa istiqamətinə yola düşdük, Daşaltına girdik. Mənim bir arzum var idi, ona da nail oldum. Şuşa döyüşləri zamanı ağır yaralandım. Döyüş yoldaşlarım məni gördükdə deyirdilər ki, bu necə yaşaya bilər? Oruc yaralandığı anı yada salır: – Döyüş meydanından çıxıb bir qədər getdikdən sonra düşmən bizim maşını vurdu, qəlpə təkərə dəydi, maşın aşdı, mən bir də orada zərbə aldım. Yanımda döyüş yoldaşım Yusif var idi, o ayağından yaralanmışdı, mən daha ağır idim. Ondan soruşdular ki, səni çıxaraq, yoxsa Orucu? Dedi, yox, Orucu çıxarın, vəziyyəti ağırdı. Oradan da bizi Füzuli rayonuna gətirdilər. O günü mənə Allah bir daha yaşatmasın. Orada nə qədər şəhid və yaralı qardaşlarımızı gördüm. 
Oruc söhbətinin sonunda bu günümüzə qayıdır:
– Biz dövlətimiz tərəfindən xüsusi qayğı görürük. Mənə ev, maşın verilib. 6 medalla təltif olunmuşam. Vətən üçün döyüşmüşəm və fəxr edirəm özümlə, şəhidlərimizlə və bütün qazi yoldaşlarımla. Və qürurla deyə bilərəm ki, mən Vətən torpaqlarını qorumaq uğrunda döyüşmüşəm, qanımı da, canımı da bu yola fəda etmişəm. Bu gün qazi adını daşımaq mənim üçün həm məsuliyyət, həm də ömürlük şərəfdir.

Günay HACIYEVA

Nəşr edilib : 15.11.2025 14:55