Müstəqillik tariximizin unudulmaz günü – Naxçıvan...
23:59 22.07.2026
0
0
1
NAXÇIVAN :
22 Iyul 2026, Çərşənbə
Azərbaycan hərb tarixində fədakarlığı və mərdliyi ilə əbədi iz qoymuş general-mayor Polad Həşimovun şəhadətindən altı il ötür. İllər keçir, təqvimlər dəyişir, amma onun yoxluğunun yaratdığı nisgil də, xalqın qəlbində yaşatdığı qürur da dəyişmir. O təkcə yüksəkrütbəli hərbçi deyil, xalqın qürur mənbəyinə çevrilmiş, Azərbaycan Ordusunun rəşadət və mərdlik salnaməsində silinməz iz qoymuş sərkərdədir.
Polad Həşimov yüksək hərbi rütbəsini kabinetlərdə deyil, ön cəbhədə, səngərlərdə qazandı. O, əsgəri ilə arasında rütbə yerinə etibar və məsuliyyət körpüsü quran komandir kimi seçildi. Komandanlığın arxadan idarə etmək deyil, ön sırada olmaq demək olduğunu öz həyatı ilə sübut etdi. 2020-ci ilin iyulunda da bu prinsipinə sadiq qalaraq döyüş yoldaşlarının yanında vuruşdu və şəhidlik zirvəsinə ucaldı.
Bu müqəddəs zirvəyə onunla eyni gündə, eyni səngərdə Azərbaycan Ordusunun daha bir əfsanəvi zabiti, polkovnik İlqar Mirzəyev də yüksəldi. Ömrünün böyük hissəsini Vətən torpaqlarının müdafiəsinə həsr edən, artilleriya sahəsində dərin peşəkarlığı ilə seçilən İlqar Mirzəyev döyüş meydanında qətiyyəti və sarsılmaz iradəsi ilə tanınırdı. Polad Həşimovla çiyin-çiyinə ən məsuliyyətli döyüş tapşırıqlarını yerinə yetirən polkovnik Mirzəyev də hər zaman ön xətdə xidmət etməyi üstün tuturdu. Onun idarə etdiyi artilleriya batareyaları Tovuz döyüşlərində düşmənin dayaq məntəqələrini darmadağın edərək ordumuzun rəşadət salnaməsinə yeni sətirlər yazdı. Ölümün gözünə dik baxan bu iki qəhrəman zabitin çiyin-çiyinə döyüşərək şəhadət şərbətini içməsi onların ruhən birliyinin və sarsılmaz zabit şərəfinin ən ali zirvəsi oldu.
Onların şəhadəti xalqımız üçün dönüş nöqtəsi oldu. Tovuzdan gələn acı xəbər illərlə qəlblərdə yaşayan Vətən sevgisini və qələbə əzmini daha da alovlandırdı. Minlərlə gənc dövlətə və orduya dəstəyini nümayiş etdirdi, bu milli həmrəylik isə cəmi bir neçə ay sonra 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin mənəvi dayaqlarından birinə çevrildi.
Bu gün azad Qarabağda dalğalanan üçrəngli bayrağımız Polad Həşimov və İlqar Mirzəyev kimi qəhrəmanların müqəddəs əmanətidir. Onların adları xalqın yaddaşında yaşayır, göstərdikləri qəhrəmanlıq isə gələcək nəsillər üçün vətənpərvərlik məktəbi olaraq qalır. Nə qədər ki, bu torpağın keşiyində dayanan Azərbaycan Ordusu və onu sevən xalq var, onların əziz xatirəsi də daim yaşayacaq. Onlar Vətənə sonsuz sədaqətin, zabit şərəfinin və milli qürurun əbədi rəmzləridir.
Şəhadətiniz mübarək, cənab general! Şəhadətiniz mübarək, cənab polkovnik!
Elnurə CƏFƏROVA
Digər xəbərlər