Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Emin Rəşadət oğlu Sadiqov
(21.07.1998-27.10.2020)
Hərbçi olmaq Eminin uşaqlıq arzusu idi. Mənə deyirdi ki, səni hərbçi anası edəcəyəm. Hərbi təhsilini Heydər Əliyev adına Ali Hərbi Akademiyada almışdı. Qazaxda bir müddət işləyəndən sonra məzuniyyətə gəlmişdi. Mən çox kövrək insanam. Göz yaşlarımı görüb dedi ki, ana, bilirsən sən məni necə əzirsən? Sən hərbçi anasısan. Eminin bu sözlərindən sonra özümdə güc toplayırdım.
Müharibə başlanmazdan əvvəl zəng etdi ki, ana, müharibə başlasa və desələr ki, çoxlu yaralı var, tibb bacısı lazımdır. Nə edərsən? Düşünmədən dedim ki, birinci mən gedərəm. Elə gözəl güldü ki... Dedi, mən sənin oğlunam! Sanki məni sınayırdı. Bu sözlərlə balama daha da cəsarət vermişdim.
İki dəfə könüllü yazılmışdı. Evin tək övladı olduğu üçün göndərmirdilər. Deyirdilər ki, sən burada olmalısan. Üçüncü dəfə yenə könüllü ərizə yazmışdı. Komandirinə demişdi ki, məni göndərməyə bilməzsiniz. Göndərməsəniz, başqa yerə müraciət edəcəyəm.
İndi döyüş yoldaşları məktub yazırlar. Yazırlar ki, düşünməyin ki, Emin şəhid olub deyə sizə xoş sözlər söyləyirik. Emin başqa cür komandir idi.
Döyüş yoldaşı deyir ki, şəhid olduğu gün naryaddan çıxmışdı. Ayağında yara var idi. Ağrıkəsici vurub gedib. Deyib ki, əsgərlərimin başında olmalıyam, onları tək qoya bilmərəm. Hətta deyiblər ki, gözləyək, qabaqda düşmən çoxdur. Deyib, gedəcəyəm. Beş nəfər irəliləyib, ordaca da vurulublar. Ayın 26-sı şəhid olub, 27-si Bakıya gətirilib.
Mənə yaralı olduğunu demişdilər. Yuxuda gördüm ki, ev telefonu zəng çaldı. Dəstəyi götürüb Eminin səsini eşitdim. Dedi, telefonları niyə bağlamısan? Dedim, dedilər ki, Emin ölübdür. Dedi ki, yox, ana, ölməmişəm, şəhid olmuşam. Sonra dedi, ana, mən beşinci gün gələcəm. Beləcə, yuxuda şəhid xəbərini özü mənə verdi. Qayıtdım ki, de görüm güllə harandan dəyib? Dedi ki, ürəyimdən.
Nəşini əmisi görmüşdü. Özünün də yuxuda dediyi kimi ürəyindən yaralanmışdı.
Digər xəbərlər