Ali Məclisin deputatları bu tarixlərdə vətəndaşlar...
10:41 23.11.2024
0
0
1
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Rəşad Ramiz oğlu Hüseynli
(21.05.2000-15.09.2022)
Rəşad sakit uşaq olub. Atası xaricdə işləyirdi deyə özüm tək məşğul olurdum təlim-tərbiyəsi ilə. Sözə baxan uşaq idi. Bir dəfə olsun nə atasının, nə də mənim üzümə qayıtdı. Şəkil çəkdirməklə arası olmazdı. Şəhid olandan sonra oradan-buradan topladıq o olan şəkilləri.
Hərbi xidməti başa vurduqdan sonra Dövlət Sərhəd Qoşunlarına sənəd verib oraya daxil olmuşdu. Bu xəbəri böyük sevinclə mənə çatdırdı. Ondan bir müddət sonra da çevik əməliyyat taborunun rabitə bölüyünə yazılıb.
Bir gün dedim ki, anan qurban, mən səni heç formada görməmişəm, mənə şəklini göndər. Formada bir neçə şəkil çəkib göndərdi. Baxdım, dedim ki, bəs gözlərin çox yorğun görsənir. Dedi ki, meşədə təlimdəyik. Ay yarım keçmişdi, evə gəldi. 15 günlük icazəsi vardı. Sonra mən Bakıya getdim, orada dayısıgildə idik. Söhbət edirdik ki, içəri girdi. Az sonra iş yerindən çağırdılar, geri qayıtmalı oldu. O ərəfədə nə qədər zəng edirdiksə, danışa bilmirdik. Ayın 12-si televizoru açdım ki, Cəbrayıldan xəbərlər verilir. Narahatlığımız artmağa başladı. Gümanımız çatan hər kəsə zəng etdik. Qohumumuz var, onun da qardaşı Cəbrayılda olur. Dedik ki, Rəşadla əlaqə saxlasın. O da dedi ki, onu axtarmasınlar, özü zəng edəcək. Ayın 15-i saat 1100-da zəng gəldi. Açdım ki, Rəşad... Əl-ayağım əsdi, danışa bilmirdim. Özümü toplayıb, birtəhər danışdım. Dedi ki, kim desə “Rəşad yaralanıb” inanma, desələr, “Rəşad əsir düşüb” inanma. Günlərdir ki, narahatlıqdan süfrəyə də normal oturmurduq. Qalxıb sevincək süfrəyə əyləşdik həmin gün. Qonum-qonşuya da xəbər etdim ki, Rəşad zəng etdi, danışdıq. Axşam saatlarında yaxınlarımız Rəşadın şəklini paylaşmağa başladılar. Bir az sonra balaca oğlumun sinif yoldaşı Harun oğluma bir şəkil atıb ki, bax, gör bu sənin qardaşındır? İnanmaq istəmədim bu xəbərə. Çünki 4 saat idi, oğlumla danışmışdım. Nəzir-niyaz dedik. Amma xəbəri eşidənlər evə gəlirdilər, mən isə qəti şəkildə inanmırdım. Saat 5 idi, zəng etdim balaca qardaşıma, Cəbrayıla gedirdi. Telefonda mənə oğlumun bu acı xəbərini verəndə yenə inanmaq istəmədim. Çünki o məni inandırmışdı ki, sağ-salamat gələcək. Ancaq onu bayrağımıza bükülü gətirdilər. Oğlum da daxil olmaqla bütün şəhidlərimizin ruhları şad olsun.
Digər xəbərlər