NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

Vətən uğrunda fədakarlıq

...

Azərbaycanın hər qarışı qəhrəmanlıq dastanları ilə doludur. Bu müqəddəs torpağın igid övladları hər zaman Vətən yolunda canlarını fəda etməyə hazır olmuşlar. Belə qəhrəmanlardan biri də kapitan Fərid Kəmaləddin oğlu Mehbalı. O, 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün Zəngilan rayonu istiqamətində döyüş tapşırığını icra edərkən öz silahdaşları ilə birgə şəhidlik zirvəsinə ucalmışdır.

1994-cü il yanvarın 18-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində dünyaya göz açan Fərid, bu gün Azərbaycan xalqının hörmət və ehtiramla ziyarət etdiyi II Fəxri xiyabanda əbədi istirahətə çəkilib. Bu gün – 31-ci doğum günündə, şəhidimizin məzarı xalqın sonsuz sevgisi və duaları ilə əhatə olunub.

Fərid Mehbalı Vətən uğrunda haqq savaşında igidlik və mərdlik nümayiş etdirərək ölkənin ərazi bütövlüyü naminə canını fəda etmişdir. 
 Fərid ilk təhsilini Qıvraq qəsəbəsindəki S. Əsədov adına tam orta məktəbdə almış, daha sonra isə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur. Liseyi 2010-cu ildə uğurla bitirən Fərid Dövlət Sərhəd Xidməti Akademiyasında  təhsilini davam etdirmişdir.

Həyatını Vətənə xidmətə həsr edən bu igid özündən sonra fəxr ediləcək bir iz qoyub. Evli və iki qız övladı atası olan Fərid Prezident İlham Əliyevin 2022-ci il 5 noyabr tarixli Sərəncamına əsasən ölümündən sonra həm "Azərbaycan Bayrağı" ordeni, həm də "Vətən uğrunda" medalı ilə  təltif edilmişdir. 

18 yanvar – qəhrəmanımızın dünyaya göz açdığı tarix. Bu gün isə onun əbədiyyətə qovuşduğu məkanda – II Fəxri xiyabanda, ruhunun azadlıq və qürur dolu ətrini hiss edirik.

II Fəxri xiyabanda olarkən şəhidimizin ailə üzvlərinin göz yaşları altında gizlənən qürurlu baxışlarını görməmək mümkünsüz idi... Həmin xiyaban və heç nədən xəbərsiz şəhidimizin məzarı ətrafında qaçıb oynayan balaca övladları – Ayan və Aylin...

Fərid Mehbalı və onun kimi Vətən uğrunda canından keçən bütün igidlərin ruhu qarşısında baş əyirik. Ailələrinə və qazilərimizə möhkəm iradə və səbir diləyirik. Ruhunuz şad olsun!

Rafiq TƏHMƏZ

Nəşr edilib : 18.01.2025 16:01