NAXÇIVAN :

03 Oktyabr 2024, Cümə axşamı

Vətən üçün can verən igid

...

Naxçıvanın "Qeyrət qalası" Sədərəkdə düşmənlə üz-üzə dayanan bir dağ var. Mil deyirlər adına. Başı buludlara dəyən bu dağ neçə-neçə qəhrəman oğullar görüb. Onların son sözünü dinləyib. Necə son damla qanına kimi döyüşdüklərinə şahid olub. Oğulların igidliyi sayəsində mil olub düşmənin ürəyinə batıb. Həmin oğullardandır qədim Kəngərlinin Xok kəndində dünyaya gələn Məhəmməd Əliyev. Son nəfəsini Vətən torpağının başladığı yerdə verən. Gənc ömrünü Vətənə qurban edən. Ömrünün 19-cu baharında düşmən gülləsinə tuş gələn oğul. 1992-ci ildə Sədərək kəndində həqiqi hərbi xidmətini yerinə yetirərkən dəfələrlə düşmən tərəfindən edilən hücumların qarşısını alan oğulların arasında olan, Vətənin bir ovuc torpağı üçün son damla qanına kimi fəda edən igid. 
İllərdir gözü yolda qalmışdı Məhəmmədin, o, intizarda idi. O da həsrətlə gözləyirdi həmin illərdə düşmənin qanlı caynağına keçən torpaqlarımızın azad olunmasını. Vətən savaşında qələbə xəbəri gətirdi ona Təbriz, Ülvi, Aslan kimi yeddi oğul. Şad oldu Məhəmmədin ruhu. İndi artıq o rahat yatır Vətən oğulları ilə birlikdə kənd məzarlığında. Çünki azad, ruhu bütöv Azərbaycanın səmasında ağ göyərçinə dönüb qanad çalır artıq o. Bu gün kənd məzarlığında dalğalanan üçrəngli bayrağımız daha da qürurludur.  Çünki o artıq Məhəmməd kimi igid oğullarının  sayəsində Şuşada, Xankəndidə dalğalanır.

Ramiyə Əkbərova

Nəşr edilib : 02.10.2024 16:50