NAXÇIVAN :

22 Yanvar 2025, Çərşənbə

Vətən torpağına dönənlər

...

Soyuq bir qış günü başlayıb çox qısa keçirdikləri birgə ömür. Bir sinifdə oxumalarına baxmayaraq, qismətləri çox sonra birlikdə oldu Abbasəli və Mədinə xanımın. Mədinə xanım həyat hekayələrini danışdıqca gözlərində yaş gilələnirdi. Sanki o günləri yenidən yaşayırdı. Çox qısa ömür sürsələr də, böyük bir hekayələri olub. Hər sözündən biri Abbasəli idi Mədinə xanımın.
Şəhid Abbasəli ilə Mədinə xanım eyni məktəbdə təhsil alıblar. “Biz eyni sinifdə oxumağımıza baxmayaraq, heç də bu haqda düşünməmişdik. Nə mən, nə də Abbasəli. Bizim sevgimiz sinif yoldaşlarımızın toyunda başladı. 1988-ci ilin fevral ayında nişanlandıq, həmin ildə də toyumuz oldu. Sonra bir qızımız oldu. Adını Şövkət qoyduq. Atası Şövkəti çox sevirdi. Amma heç kimin yanında sevgisini büruzə verməzdi. Abbasəli həm mehriban, həm də ailəcanlı idi. Vətənini daha çox sevirdi. 
Sədərəkdə müharibədə iştirak edirdi. Ev üzü görmürdü. Gedəndə mənə və anasına dedi ki, mən gedirəm, heç kim bir kəlmə danışmasın.
Yanvarın 19-u evə gəldi. Paltarları tamamilə islanmışdı. Atışma olanda suyun içərisinə düşmüşdü. Gəldi, əynini dəyişdi. Qızını qucaqlayıb bağrına basdı. Təzəcə oturmuşdu ki, həyəcan siqnalı verildi. Ayağa qalxdı, hazırlaşıb Sədərəyə yollandı. Anası Abbasəli üçün papaq axtarmağa getdiyindən evə gələnə qədər artıq Abbasəli evdən çıxmışdı. Ana-bala bir-biri ilə görüşə bilmədilər.
Həmin gün 19-dan 20-nə keçən gecə şəhid olub. Abbasəli Sədərək döyüşlərində tibb bacısı kimi iştirak edən Nəzifə xanımın qollarında dünyasını dəyişib. Son sözü “Ay ana” olub.
20 Yanvar günü Bakıda baş verən hadisələri televizordan izləyib ağlayırdıq. Heç düşünmədim ki, mənim başıma da gələcək belə hadisə. Ömür-gün yoldaşımı itirəcəyəm. Həmin gün həyəcan siqnalı verildi ki, bütün işıqlar söndürülsün. Ərazidə olan evlərdən işıq gəlmirdi. Yalnız bizim evin işığı yanırdı. Şəhid Abbasəlinin evində.
20 Yanvar bizim qürur, mərdlik günümüzdür. Bu gün suverenliyimizin, azadlığımızın başlanğıcı oldu. Canlarından keçərək Vətən torpağını azad edənlər özləri bir ovuc Vətən torpağına döndülər.

Turan MƏMMƏDLİ 
 

Nəşr edilib : 20.01.2025 18:30