Prezident İlham Əliyevin Albaniyaya səfəri başa ça...
23:25 16.05.2025
0
0
0
NAXÇIVAN :
17 May 2025, Şənbə
Qədim Naxçıvanın qeyrət qalası Sədərəyin dəmir biləkli insanlarının yaşadığı Dəmirçi kəndində illər öncə bir ata və bir ana oğul nisgili ilə köçmüşdü bu dünyadan – Bayram kişi, Salatın ana. Qarabağın ucsuz-bucaqsız çöllərində qanlı döyüşlərdə səs sorağı kəsilən balaları Muxtardan xəbərsiz. Toyunu-büsatını görmədikləri oğulları Muxtar könüllü olaraq Qarabağa getmişdi.
Dəmirçi kənd tam orta məktəbində 8 il oxumuşdu cəmi. Daha sonra Dəmirçi 165 nömrəli peşə məktəbində qaynaqçı peşəsinə yiyələnmişdi. Arzuları var idi Salatın ananın oğlu Muxtar üçün. Əzizləyib saxlamışdı qırmızı bir kəlağayını Muxtarın adaxlısının başına örtmək üçün. Ananın arzuları çox idi oğlu üçün. Amma Muxtarın arzusu düşməni torpaqlarımızdan qovmaq idi. Elə buna görə də könüllü olaraq yollandı Qarabağa. “Məndən nigaran qalmayın, bir canım var, o da Vətənə qurban olsun”, – dedi.
Gediş həmin gediş oldu. 1994-cü ilin qanlı döyüşlərindən sonra səs-soraq gəlmədi Muxtardan. O Vətənə canını verib bir ovuc torpaq olandan gözləri yolda qaldı Salatın ananın. Elə hey əzizlədi oğlunun geyinə bilmədiyi bəy köynəyini, bir də qırmızı kəlağayını.
Oğul həsrətindən soldu gündən-günə Salatın ana və bəlkə, haqq dünyasında can parçama qovuşaram deyib köçdü dünyadan.
Bu gün Şərur Şəhidlər xiyabanında yeni bir məzar qazılıb. Güllərin çiçəklərin arasında. Nə az, nə çox düz 31 il sonra elinə qayıdan Muxtarı qoynuna almaq üçün. O, döyüşlərə gedəndə onu, bəlkə, beş on nəfər yola salmışdı. İndi isə bütün Naxçıvan onu qarşılayır. Üçrəngli Vətən bayrağına sarılan tabutu yurdunun torpağına qoyulanda ruhu sakitlik tapacaq Vətən oğlunun. Axı o həm də qələbə şəhidləri ilə bir uyuyacaq bu müqəddəs ocaqda. Daha narahat da olmayacaq, çünki Vətən azaddır artıq. Onun düşmən gülləsinə tuş gəldiyi həmin o yerlərdə çiçəklər açıb artıq. Çünki artıq o məzarsız şəhid deyil.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər