NAXÇIVAN :

06 Oktyabr 2026, Çərşənbə axşamı

Vətən gələcək nəsillərə əmanətdir

...

İkinci Qarabağ müharibəsi 44 günə sığan, amma hər birimizin yaddaşında illərlə, bəlkə də, ömür boyu yaşayacaq böyük bir tarix oldu. Bu tarixin hər səhifəsində bir igidin izi, bir ailənin həsrəti, bir ananın duası, bir şəhidin adı, bir qazinin isə unudulmaz  xatirələri var. Döyüş meydanından qayıdanlar həmin günləri yalnız danışmır, həm də öz talelərində yaşadırlar.

Əhməd Əhmədzadə də 44 günlük Vətən müharibəsinin iştirakçılarındandır. 1991-ci il fevralın 1-də Şərur rayonunun Havuş kəndində anadan olub. Ehtiyatda olan kapitan 2008-ci il avqustun 8-dən etibarən hərbi xidmətə başlayıb. Ömrünün mühüm bir hissəsini Vətənə xidmətə həsr edən müsahibimiz üçün 2020-ci ilin payızında başlayan müharibə isə həyatının ən ağır və eyni zamanda ən qürurlu səhifələrindən biri olub. 44 günlük Vətən müharibəsi zamanı Talış, Suqovuşan, Qubadlı, Laçın və Qaragöl istiqamətlərində gedən döyüşlərdə iştirak edən Əhməd Əhmədzadə həmin günləri xatırlayarkən, ilk növbədə, döyüş yoldaşlarını yada salır: “Həmin günlər çox ağır və unudulmaz günlər idi. Bu gün də nə vaxt o günləri xatırlasam, şəhid olan yoldaşlarımız gözümün qarşısına gəlir. Bəzən elə hiss edirəm ki, onlar hələ də yanımdadırlar. Vətən üçün müqəddəs savaşa qatılan hər bir hərbçi bir ovuc torpaq üçün irəli atılanda arxasında xalqın olduğunu bilib daha da güclənirdi. İllərlə torpaqlarımızın azad olunması arzusu ilə yaşayan xalqımızı öz yurduna qovuşdurmaq bizə qismət olmuşdu. Bu, böyük qürur idi. Qələbə xəbərini eşitmək və xalqımızın sevincini görmək də yaddaşımda çox böyük iz buraxıb. Bizim üçün ən böyük qürur Vətənin bütövlüyü uğrunda döyüşmək və torpaqlarımızın azad olunmasına öz töhfəmizi vermək idi. Bu gün həmin günləri xatırlayanda həm Qələbəmizlə qürur duyuram, həm də Vətən uğrunda canından keçən şəhidlərimizi böyük ehtiramla yad edirəm. Onların xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaq”.

Əhməd Əhmədzadə Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralanıb və sağlamlığını itirib. O, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubiley medalı, Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Azərbaycan Respublikasının yubiley medalı, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, “Laçının azad olunmasına görə” və  “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Əhməd Əhmədzadə qazilərin sosial təminatı, müalicəsi, məşğulluğu və digər istiqamətlərdə dövlət tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirir. Həmçinin dövlət tərəfindən işlə təmin olunmasını və ona göstərilən maddi dəstəyi xüsusi qeyd edir. O, göstərilən diqqət və qayğı üçün ölkə Prezidentinə minnətdarlığını bildirir.

Onun fikrincə, bu günün gənclərinin üzərinə düşən ən böyük vəzifələrdən biri də qazanılmış Zəfərin məsuliyyətini dərk etməkdir: “Vətənə xidmət yalnız silahla ön cəbhədə olmaqdan ibarət deyil. Hər bir gənc öz biliyi, peşəsi, zəhməti, dürüstlüyü və məsuliyyəti ilə Vətənə xidmət edə bilər. Xüsusilə gənclərimizə arzu edirəm ki, Vətənimizin müstəqilliyini, ərazi bütövlüyünü və xalqımızın milli dəyərlərini hər zaman uca tutsunlar. Qazandığımız Zəfərin gələcək nəsillərə ötürülməsi, Azərbaycanın daha da güclü və inkişaf etmiş dövlətə çevrilməsi məhz gənclərimizin əlindədir. Unutmasınlar ki, Vətən  gənclərə əmanətdir. Bu əmanəti qorumaq və gələcək nəsillərə daha güclü şəkildə çatdırmaq hər birimizin borcudur”.

Səmayə RƏSULOVA

Nəşr edilib : 06.10.2026 14:47