NAXÇIVAN :

18 Aprel 2025, Cümə

Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

...

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Vəkillər Kollegiyası arasında pulsuz hüquqi yardım sahəsində əməkdaşlıq memorandumu imzalanıb.

Kollegiyadan verilən məlumata görə, Akademiyanın rektoru Şahin Əliyev və Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun imzaladığı memorandumda məlumat, təcrübə mübadiləsi və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və s. məsələlər nəzərdə tutulub.

Rektor Şahin Əliyev bildirib ki, 2013-cü ildən etibarən Ədliyyə Akademiyasında aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilir və bu sahədə Vəkillər Kollegiyası ilə əməkdaşlıq edilir. Bu memorandum isə Ədliyyə Akademiyası ilə Vəkillər Kollegiyası arasında əməkdaşlığı daha da genişləndirəcək.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək deyib ki, imzalanan əməkdaşlıq memorandumu pulsuz hüquqi yardım sahəsinin təkmilləşdirilməsində və vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin artırılmasında mühüm rol oynayacaq. Bu əməkdaşlıq həm də gənc hüquqşünasların peşəkar hazırlığı, praktiki bilik və bacarıqlarının inkişafı baxımından çox əhəmiyyətlidir. Anar Bağırov aztəminatlı və hüquqi yardıma ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardımın göstərilməsinin Kollegiyanın prioritet istiqamətlərindən biri olduğunu və Ədliyyə Akademiyası ilə birgə layihələrin bu sahədə əhəmiyyətli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Ədliyyə Akademiyası ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan sədr Akademiyada birgə əməkdaşlıq çərçivəsində ötən il 1000-dən artıq vəkilin müxtəlif mövzularda təşkil olunmuş peşəkar təlimlərdə iştirak etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu, vəkillərin bilik və bacarıqlarının daim yenilənməsi və onların peşəkarlıq səviyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Anar Bağırov qeyd edib ki, 2024-cü ildə Kollegiya tərəfindən ölkə üzrə ümumilikdə 5663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib. Bu fəaliyyət əhalinin sosial həssas təbəqələrinin hüquqlarının müdafiəsinə yönəlib və hüquqi yardımın əlçatanlığını təmin etmək məqsədi daşıyır. Həmçinin ötən il həyata keçirilən pulsuz hüquqi yardım aksiyalarından 24-ü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin müəssisələrində məhkumlar, 3-ü isə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin yerli qurumlarının qeydiyyatında olan şəxslər üçün təşkil olunub. Bu təşəbbüslər vəkillik institutunun sosial məsuliyyət prinsiplərinə əsaslanan fəaliyyətinin bariz nümunəsidir.

Nəşr edilib : 10.04.2025 12:42